“Kanon mənim övladımdı”

Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində tarixən geniş yayılmış qədim musiqi alətlərindən biri də kanondu. Bu gün gənclər arasında qədim xalq çalğı alətlərinə maraq az olsa da, onları yaşadan ifaçılarımız var. Bu gün kanonu yaşadan, onu qoruyan ifaçılardan da biri Humay Abbasovadı. Humay xanımla olan müsahibəni təqdim edirik.

- Humay xanım, ilk öncə sizi  tanıyaq...

- 1976-cı il oktyabrın 5-də ziyalı ailəsində doğulmuşam. Anam rus dili müəlliməsi, atam isə əməkdar jurnalist Zakir Abbasdır. İki övladım var, hər ikisi tələbədi. Qızımın 20 yaşı var. BDU-da jurnalistika fakultəsinin 3- cü kursunda, oğlum isə Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsinin 2- ci kursunda təhsil alırlar. Özüm isə artıq 22 ildir ki, Bakı şəhəri Suraxanı rayonu 36 saylı uşaq musiqi məktəbində kanon alətindən dərs deyirəm. Müəllimə vəzifəsində çalışıram. Hər il şagirdlərim Respublika müsabiqələrində iştirak edirlər. Diplom və fəxri fərmanlarla təltif olunurlar, uğur qazanırlar.

Eyni zamanda bir çox xalq artistlərinin, əməkdar artistlərin ansambllarında, bir çox xanəndələrimizin, müğənnilərimizin ansambllarında kanon ifaçılığı ilə fəaliyyət göstərirəm. Bu ansambllarla birgə demək olar ki, bütün televiziya kanallarında verilişlərdə, konsert  salonlarında, dövlət tədbirlərində çıxış edirəm.

- Niyə məhz kanonu seçdiniz, kanona olan sevginiz hardandı?

- Kanonla tanışlığım 9 yaşımda, valideynlərimin sayəsində olub. Mən körpə ikən atamın bir tarı vardı. Anam danışırdı ki, səni yatızdırmaq istəyirdik, ağlayırdın, yatmırdın. Atan tar çalan kimi yuxuya gedirdin. Atam musiqi məktəbini bitirməyib. Özü öyrənib tarda ifa etməyi. Körpəlikdən qanıma hopub musiqi. Bütün günü televiziya ekranının qarşısında musiqiyə qulaq asıb, rəqs edib mahnı oxuyurmuşam. Masanın üzərində pianino çalırmışam kimi hərəkətlərimi görən valideynlərim 5 yaşımda mənə pianino aldılar. Hələ uşaqikən musiqiyə getməmişdən  pianinoda eşitdiyim musiqiləri ifa edirdim. Musiqi məktəbinə yaşım düşəndə valideynlərim məni ora yazdırmaq qərarına gəldilər. Orada musiqi duyumumu yoxladılar və  çox bəyəndilər. Valideynlərim məni pianino alətinə yazdırmaq istəyirdilər,amma məktəbin rəhbərliyi məsləhət görüb ki, məktəbdə yeni alət sinifi açılıb- kanon aləti, bəlkə qızınızı bu alətə yazdırasınız. Valideynlərim alətlə tanış olub məni kanona yazdırdılar və mən ilk dəfə kanon alətini 1 nömrəli Uşaq İncəsənət məktəbində gördüm. Bu aləti çox sevdim. Görünüşü, səsi elə bil nağıllar aləmindən gəlmişdi, heyran oldum bu alətə və çox həvəslə də məşğul olub öyrənməyə başladım.

 - Kanonda daha çox muğam ifaçılarını müşayiət etmək asandı, ya estrada?

- Kanon elə bir alətdir ki, bircə siminə toxunduqda səsi doğrudan da insanı valeh edir. Belə bir alətdə hər bir musiqi, istər klassika olsun, istər muğamlarımız, xalq mahnılarımız, istərsə də xarici bəstəkarların əsərləri olsun çox gözəl səslənir. Bu aləti sevə-sevə ifa etməyi bacaran bir musiqiçi kimi mənim üçün o qədər də böyük fərq etmir. Muğamlarımız olsun, ya estrada musiqilərimiz olsun, hamısını müşayiət edirəm. Amma musiqidən musiqiyə də təbii ki, fərq var. Musiqi var insanın ruhuna daha yaxın olur və bu musiqilər musiqiçinin ifasında daha gözəl səslənir. Çətinlikdən isə heç bir söhbət gedə bilməz. Öz peşəsini sevən insan üçün çətinlik onun sənətində mane ola bilməz.

- Kanon ifaçıları arasında gözəl xanımlardan birisiniz. Gözəl və gənc qalmağınızın sirri nədir?

- Gözəl sualınıza və məni gözəl görə bildiyinizə görə təşəkkür edirəm. Mənə elə gəlir ki hər insanın gözəlliyi onun daxilindən gəlir. İnsanın siması gözəl olmasa belə, daxili gözəldirsə o insanın üzünə yansıyır. Daxili gözəllik isə ilahinin lütfüdü. Yaradan yaratdığı heç bir bəndədə fərq qoymayıb. Hər insana özünə məxsus gözəllik bəxş edib. O gözəlliyi qoruyub saxlamaq isə insanın özündən asılıdı. Gərək daxilini, ruhunu təmiz saxlamağı bacarasan ki, daxili gözəlliyin səni gözəl göstərsin.

Məlum məsələdir ki,ifaçılar gəlirlərini toylardan əldə edirlər.Qədim musiqi aləti ifaçıları bu gün maddi ehtiyaclarını necə təmin edirlər?

- Bayaq dediyim kimi mən artıq 22 ildir ki, musiqi məktəbində müəllimə işləyirəm və işlədiyim dərs saatına əsasən dövlətimizin bizə ayırdığı miqdarda maaş alıram. İndiki zamanda bir ailəni və o ailədə ali məktəblərdə oxuyan tələbə uşaqları  müəllim maaşı ilə dolandırmaq çox çətindir. Bu danılmaz faktdır. Sizin də bildirdiyiniz kimi mənim ifa etdiyim alət qədim musiqi aləti olmağına baxmayaraq, indiki zamanda toylarda, xınalarda, el şənliklərində mənə və mənim ifa etdiyim musiqi alətinə ehtiyac duyulur. Mən konsertlərdə efirlərdə çıxış etdiyim ansambllarla birgə toylarda da iştirak edirəm. Təbii ki, bu sənəti də, bu ruzunu da bizə Allah bəxş edir. Buna görə şükürlər olsun.

- Milli musiqimizə dövlət tərəfindən göstərilən dəstək sizi qane edirmi?

- Bəli, indiki zamanda dövlətimiz milli musiqimizə, gənc musiqiçilərimizə çox dəstək olur. Musiqimizi, ifamızı nümayiş elətdirmək üçün müxtəlif müsabiqələr, konsertlər təşkil edirlər. Bu da gənclərdə çox böyük həvəs yaradaraq milli musiqimizin inkşaf etməsində çox müsbət rol oynayır.

- Bütün simli alətlərin bir sarı simi olur. Kanonda hansı simi, hansı notu sevirsiniz?

- Mənim ifa etdiyim musiqi aləti elə bir alətdir ki, bu alətdə hər notu 3 sim təşkil edir. Bu simlərin, bu notların biri olmasa mən kanondan istədiyim ifanı ala bilmərəm. Ona görə də mənim üçün kanonun təkcə simi, yox hər bir xırda detalı çox əzizdi. Kanon sanki mənim bir övladımdı. Balalarımı necə əzizləyib, sığallayıramsa kanonla da o cür rəftar edirəm.

- Kanonda hansı musiqini ifa etməyi sevirsiniz?

-Mən payız ayında doğulduğuma görə ruh halım romantikdi. Buna görə də mənim ruhuma yaxın olan, insanın ruhunu oxşayan ən çox həzin musiqilərdir.

- Humay xanım, sonda bilmək istərdik ki, ədəbiyyata münasibətiniz necədir mütaliə ilə məşqul olursunuzmu?

- Ədəbiyyata  yanaşmam çox həssasdı. Şeir, qəzəl, romanlar, hekayələri oxumağı çox sevirəm. Maraqlı yazarların, maraqlı, insana toxunan əsərlərinə rast gəldikdə böyük zövqlə mütaliə edirəm. Özüm də şeir yazıram. Şairlərdən çox- çox üzür istiyirəm. Əgər yazdıqlarıma şeir demək olarsa...

Sadəcə olaraq içimdən gələn hissləri, duyğuları misralara düzürəm- şeir formasında.

Nigar 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR