Mövzulara bardağın nə qədər hissəsi doludu yox, nə qədəri boşdu məntiqi ilə yanaşıram...

Bir neçə ölkədə fərdi sərgiləri təşkil olunan Pərviz Əsədov öz rəsm əsərləri ilə hər kəsi təəccübləndirməyi bacarır. Əsərlərini kətan, kağız üzərində yox dəri üzərində "canlandıran" rəssam bunu ilk dəfə özünün etdiyini bildirir. Hal - hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan və fəaliyyət göstərən rəssam Pərviz Əsədovla birgə onun sənət dünyası ilə tanış olmağa çalışdıq.

- Hobbi kimi baxdığınız rəssamlıq sizi peşəkar, fərqli bir rəssam kimi tanıtdı. Necə oldu ki, məhz dəri üzərində rəsmlər çəkməyə qərar verdiniz?                                                                                                

- Əslində özüm də rəsmlərimin bu qədər marağa səbəb olacağını düşünmürdüm, amma demək ki, fərqli nəsə olanda ictimaiyyət buna lazımi reksiyanı verir.  Tarixi azca oxuyanlar bilir ki, daş üzərindəki yazılardan başqa günümüzə gəlib çıxan yazılar dəri üzərində yazılıb (misal üçün Avesta və başqaları) və dərinin uzun ömürlülüyünü nəzərə alaraq onun üzərində hər nə olacaqsa daha çox yaşayacaq deyə, fikirləşdim və dəri üzərində rəsmlər çəkməyə başladım.

- Dəri üzərində işləməyin nə kimi çətinlikləri var?                                                                                         

- Kətan və kağızdan fərqli olaraq dəri üzərində eskiz, cızmaqara etmək olmur. Fırçanı istədiyin istiqamətdə hərəkət etdirmək mümkün deyil. Burada rəsm yalnız tüklərin bitməsi yönündə çəkilir. Yüz  ölçüb bir biçmək lazımdır ki, səhvə yol verilməsin. Əgər səhv olarsa, tükləri  boyadan təmizləmək çətin olacaq.

- Bildiyim qədəri ilə  inək dəriləri üzərində işləyirsiniz. İnək dərisinin digər dərilərdən fərqi nədədi?     

- Bəli, əsasən fabrik üsulu ilə aşılanmış inək dəriləri üzərində çəkirəm və bu daha əlverişlidi, ona görə ki, tüklərinin uzunluğu 5-10 mm olur. Belə dərilər böyük olur və asanlıqla tapılır.

- Əsərlərinizdə daha çox heyvanları çəkdiyinizi görürük. Bu bir təsadüfdür?                             

- Sadəcə heyvanlar olmayıb. Amma çoxluq təşkil edib. Səbəb isə "Heyvanları Qoruyaq" adlı dəri üzərində olan sərgimdi. Burda ev heyvanları və vəhşi heyvanları təsvir etmişdim.

- Əsərlərinizi məhz dəri üzərində çəkməyiniz hansısa heyvansevərlər tərəfindən etirazla qarşılanmayıb ki?                                                                                                                                               

- Azərbaycanda bu cür etirazla çox az qarşılaşmışam. Amma xaricdə həm heyvansevərlər, həm də vegeterian təbəqələr tərəfindən material olaraq bəyənilməyib. Rəsmləri bəyəniblər. Daha sonra onlara niyə bu addımı atdığımı açıqladıqdan sonra müəyyən bir qismi mənimlə razılaşır.

- Bir neçə  beynəlxalq sərginiz təşkil olunub. Daha çox hansı ölkədə  əsərlərinizi  maraqla, təəccüblə qarşılayırlar?                                                                             

- Əsərlərim Türkiyədə 3 dəfə sərgilənib. Onlardan 2-  si beynəlxalq sərgi olub. Hal- hazırda da 2 rəsm əsərim - "Qız qalası" və "Narlar" Uluslararası Rəssamlar Dərnəyi vasitəsilə Türkiyəni diyar - diyar gəzir. 2016-cı ilin yayında ABŞ-ın Kaliforniya ştatında dəridəki rəsmlərdən ibarət fərdi sərgim təşkil olundu. Amerikan və digər millətlərin nümayəndələri  sərgi zamanı əsərlərimə  baxıb bəyəndiklərini və bunun dünyada bir ilk olduğunu təsdiqlədilər.   

- Dəri üzərində rəsm əsərləri çəkmək fikrini ilk olaraq kimə bildirdiniz və buna ilk reaksiya necə oldu?                                                                                                                                     

- Heç kimə demədim. Çünki hələ ilk başlarda çox sınaqlar etdim. Daha sonra atama dedim ki, mənə rayondan dərilər tapsın. Üzərində məşq edim.

- Daha şox hansı mövzular üzərində işləməyi sevirsiniz?                                                                             

- Adətən mövzulara bardağın nə qədər hissəsi doludu yox, nə qədəri boşdu məntiqi ilə yanaşıram...

- Dərilərin ölçüsü yaradacağınız əsəri xəyalınızda canlandırdığınız kimi təsvir etməkdə sizə maneələr yaradır?                                                                                                                                            

- Dərilərin ölçüsü bəzən maneələr yaradır. Çünki kətan deyil ki, istədiyin ölçüdə alasan. Bundan əlavə dərinin hər tərəfinə də çəkmək olmur.

- Müsahibələrinizin birində qeyd etmisiniz ki, hələki təhsil almaq barəsində düşünmürsünüz.Bizdə istedad vacib, təhsil isə mütləq hesab olunur. Sərgilərinizin təşkil olunduğu ölkələrdə necə, bir rəssamın təhsilli olub- olmadığı nə qədər önəmlidi?              

-Bəli, hələ də elə düşünürəm. Azdan- çoxdan cızmaqara edə bilirəm. Zamanla mən də özümə bir tərz, cərəyan seçəcəm. Daha çox əsərlərimin kiminsə əsərlərinə bənzədilməsindən ehtiyat edirəm.

-Hansı ölkələrdə və ya sərgi salonlarında əsərlərinizin nümayiş olunmasını istərdiniz?                       

-  İlkin olaraq,  Ermitajda, daha sonra isə Avropada ölkələrində nümayiş olunmasını istərdim.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR