Tünzalə Ağayeva onu silkələyən EŞQDƏN DANIŞDI: “Onu Bakıdan uzaqlaşdırdım”

"Ağıllı adam illərcə sədaqətindən, vəfasından əmin olduğu insanı qoyub, başqasını axtarmaz. Dostun köhnəsi olmur, güvən də oradan başlayır".

Bu sözləri Əməkdar artist Tünzalə Ağayeva deyib.

Müğənninin geniş müsahibəsini təqdim edirik:

- Tünzalə xanım həmişə fərqləndi... İstər mahnıları, geyimləri və danışıq tərzi, seçdiyi düzgün ifadələr və qarşı tərəfə verdiyi enerji ilə... Sizi müasir musiqimizdə bu yolla getməyə kimlərsə yönəltdi, yoxsa bütün bunlar Tünzalə xanımın daxili dünyasından gələn hisslər idi?

- Əslində hər şey insanın içindən gəlir. Hazırda dünyada musiqinin ticari bir yönü var. Bütün hər şeyi həmin artistin çıxdığı prodakşn müəyyən edir: "Bu insan hansı imicdə artist olmalıdır? Hansı kütləyə xitab etməlidir və hansı mesajı verməlidir? Amma bizim ölkədə belə artistlər yoxdur. Ən uğurlu artistlərimiz onların təbiətindən irəli gələn bir obraz yaradıb və həmin auditoriya da onları elə sevib. Elə həmçinin mən də. Hesab edirəm ki, çox erkən yaşdan fəaliyyətə başlamışam. Özüm üçün birinci müəllifəm, sonra ifaçıyam. Müəllif kimi düşüncəm, məsələyə baxışım, xarakterim, duruşum, münasibət göstərməyim ayrı cür olub. Mənə elə gəlir ki, insanın zahiri və daxili biri-birini tamamlamalıdır. Özümü ideal saymıram, həmişə özümə qarşı ən böyük tənqidçiyəm. Həmişə qüsurları birinci özümdə görürəm, kimdəsə qüsur axtarmağı da sevmirəm. Qlobal vəziyyətdən danışa bilərəm, ümumi əskiklərdən danışaram, ancaq filankəsin filan şeyi var demərəm. Sevmirəm. Ona görə də məndə heç vaxt bu tipli skandallar, adlar olmayıb. Özümü də bilən insanam. Məni heç kim yönəltməyib. Qarşınızda necə görürsünüz, həmin Tünzaləyəm. Təbii ki, insan dəyişir, yaşa dolur. Fikirləri dəyişir, bu, normal bir şeydir. Mən 15 il bundan qabaqkı düşüncələrimdə deyiləm. Kaş ki, belə düşünərdim, kaş ki, belə edərdim deyirəm. Ancaq o "kaş ki"lər hamımızda var. Yəqin elə həyat belədir. Yalnız yüz nəfərdən biri özünü 20 il sonra görür və anında düzgün qərar verməyi bacarır. Hamımız səhv edirik, doğru bildiyimiz yalnışlara gedirik. Onlar da bizə dərs olur. Sizin gördüyünüz, tanıdığınız və ümidvaram ki, bir az da sevdiyiniz Tünzalə elə belə də doğulub...

- "Meydan meymunlaramı qalsın?" ifadəsi sənət baxımdan Tünzalə xanıma yaraşdımı? Bu ifadədən sonra peşmanlıq hissi oldumu?

- Bu gün mənim savaşım özümlədir. Çünki insanlara özümü həddindən artıq səliqəli göstərmişəm."Necə yəni? Tünzalə bu kəliməni işlətdi?" deyə insanlarda tərəddüd yaranır. Ona görə özümü bir balaca danlayıram ki, bəlkə də həddindən artıq çərçivə içərisində olmuşam. Həddindən ziyadə seçmişəm ki, "Necə deyim? Necə danışım? Bu da bir maska deyil, elə mənim özüməm. Sadəcə özümə çox qadağalar qoymuşam deyə, hərdən açıq emosiya göstərəndə hamıya qəribə gəlir. Məsələyə qlobal yanaşmışam. Həmin müsahibəmi doğru montaj ediblərsə, fikir versəniz, orada mənə "İki not bilən, musiqidə heç nəyi bacarmayan birinin iddialı olmasına necə baxırsınız?" deyə sual verirlər. Mən də dedim ki, bəlkədə bu meydanın biraz boş qalmasından irəli gəlir.

Meydan nə deməkdir? Bu gün ən professional artistlərin belə, məsələn, Tünzalənin yüksək səviyyəli prodakşnlara - "Sony Music"lərə, "Warner"lərə ehtiyacımız var. Orada bir tendensiya diktə olunur. Professionallıq tələb olunur. Həmin prodakşnın nizamnaməsinə baxsaq, orada çox punktlar var. Bizim bir problemimiz də musiqi kanalının olmamasıdır. Əgər "MTV"miz olsaydı, orada bəlli bir standartlar var. O standartlara kimlərsə girəcəkdi, qalanı isə yox. O zaman tamaşaçılar üçün bir sərhəd yaranacaqdı. İzləyici ağ və qaranı seçir. Bu standartlar olmadığına görə meydanda nələr olur? (gülür)

Meymun simvolik bir obrazdır. Öz hərəkətlərini bilməyən, insanlarda gülüş yaradan bir canlıdır. Qətiyyən o canlıya pis mənada yanaşmıram. Bəzən bizim xalq biri-birinə hirslənəndə uzunqulağın adını çəkirlər. Amma bu, o demək deyil ki, uzunqulaq pis heyvandır, əksinə zəhmətkeşdir. İnsan onu ömür boyu yükləyir (gülür). Bu da bir məşhur ifadədir. Ona görə peşman deyiləm. Baxanda ki, son illər tamaşaçı zövqü necə korlanır. Faciəvi bir şey baş verir. Mən buna "Zövqün terroru" deyirəm. Hər hansı hesab edir ki, onun oxuduğu düzdür, yaxşı bir şeydir və həmin mahnını internet vasitəsilə təbliğ etməlidir. Çünki orada qadağa yoxdur. İnternetdə bir maşını da, çayı da, insanı da eyni şəkildə reklam edə bilərsən. Elə əşya var ki, insandan daha çox izlənmə alır. Bu da böyük bir bəladır, dünyamızın bəlası.

Bu məsələni ortaya çıxaranda, fikir bildirəndə, əlbəttə qıcıqlananlar olacaq. Şəxsən məni maraqlandırmır, sözüm kimə dəydi, ya dəymədi. Bəlli bir şeyi danışdım ki, bu gün keyfiyyət və keyfiyyətsizlik arasında sərhəd yoxdur. Bizim kimi, artistlər, bəstəkarlar çəkilsə, meydan özünübilməyənlərə və keçmişdə dediyim kimi meymunlara qalacaq. Burada filankəslər reaksiya veribsə, bu, onların öz işidir. Mən sözümü dedim. Hər şeydə öz payımı götürən adamam. Mentalitetimizin üstünlüyü və əskikliyi varsa, həmişə axtarıram ki, orada mən kiməm? Tünzalə Ağayeva oxuduğu və sabah çıxaracağı albomda neqativ ötürməyə ixtiyarı yoxdur və bu musiqidə birbaşa mənəvi olaraq mənim borcumdur. Fikrət Əmirov, Üzeyir Hacıbəyovun əsərləri ilə böyümüşəm. Musiqi biliyimi, duruşumu, keyfiyyətimi, içimdəki özgüvəni Azərbaycan musiqisinə borcluyam. Mən elə-belə gəlib oxuyan olmamışam. Böyük musiqi hekayəm var. Musiqinin aşiqiyəm, onsuz yaşaya bilmərəm. Orada baş verən hər bir eybəcər vəziyyət məni məndən ala, hirsləndirə bilər, emosional söz deyə bilərəm.

Müasir musiqimizə bol keyfiyyət, savadlı şəxslər arzu edirəm. Orada jurnalistə dedim ki, siz onlara mikrofon uzatmayın, onlardan müsahibə almayın, özlərini bir şey zənn etməsinlər. Edə bilər, ancaq öz çərçivəsində və ərazisində. Sən ona meydan verəndə, ona şərait yaratmış olursan. O da deyir ki, sözüm əhəmiyyət kəsb edir. Heç kimə qarşı qərəzli deyiləm. Ad və soyad çəkməmişəm, çəkmərəm də. Onların varlığı və yoxluğu məni maraqlandırmır. Dünyaya onlar üçün gəlməmişik ki, onlar da məhv etsin. Ancaq elə bir peşədə ol, elə yaşa ki, başqasının dünyasını da doldura biləsən. Amma müsbət, xahiş edirəm. Çağırışım bundan ibarətdir (gülür).

- Millət vəkili Qənirə Paşayevanın sözlərinə bəstələriniz var. Siyasilərlə çalışmaq yaradıcı, ictimai təfəkkür azadlığınızı çərçivəyə salmır ki?

- Hesab edirəm yox. Çox hörmətli millət vəkilimizi dost olaraq, bacı olaraq sevirəm. Qürur duyuram, mənim soydaşımdır. Millətimin layiqli bir təmsilçisidir. Onun ictimaiyyət içində duruşu və statusu məni qətiyyən çərçivələmir. Aramızda olan münasibət o qədər könüllüdür ki, statuslarımız bizi sıxmır. Onun mənə çox dəstəyi olub. Heç vaxt təvazökarlığından özünə nə şairə, nə də yazıçı deyir. Baxmayaraq ki, silsilə kitabları çıxıb. Mən də onun bir neçə şeirinə mahnı bəstələmişəm. İşimizin yaradıcılıq və dostluq tərəfi məni heç nə ilə sərhədləmir.

- Ümumiyyətlə, həmkarlarınızdan fərqli olaraq mütaliəyə çox vaxt ayırırsınız. Sizə ən çox təsir edən hansı əsər olub?

- Uşaq vaxtı anam qarşıma Aqata Kristinin detektiv əsərlərini qoyub, bir həftə vaxt verirdi. Deyirdi: "Oxumalısan". Sözün yaxşı mənasında 11 yaşında uşağı məcbur edirdi. Amma bunlar mənə çox kömək olub. Anam Britaniya ədəbiyyatını sevirdi deyə, mən də avtomatik sevməli idim. Başqa çarəm yox idi. Son zamanlar sevdiyim iki məşğuliyyətdən uzaq düşmüşəm. Bu da vaxt ilə əlaqədardır. Çox dərin mənalı, məni alıb götürən filmləri izləməyə, kitab oxumağa vaxtım olmur. Ən son mənə təsir edən isə müasir türk yazıçısı Elif Şafakın "Aşk" romanı oldu. Kitab məni əməlli-başlı silkələdi. Orada nə dərəcədə azad, nə dərəcədə özgür bir eşq var. Bunu istəmirəm primitiv anlasınlar. Hə, bunu atdım, getdim, istədiyimi etdim deyə bir şey yoxdur. Orada başqa bir mənəvi səviyyə var. Yadıma gəlir, dəniz kənarında əyləşmişəm, günəş başıma döyür, ancaq mən oturub o kitabı oxuyurdum. Hətta ağladım o kitabı oxuyarkən...

- Çox ağlayırsınız?

- Son vaxtlar az ağlaya bilirəm. Elə bil ki, dəmir insana çevrilirəm. Bilmirəm xasiyyətimdən irəli gəlir, yoxsa genlə bağlıdır. Anama görüntümlə və xüsusilə xasiyyətimlə çox bənzəyirəm. O, çox zəhmli insandır. Gözümü açmışam, evdə elə bir ana görmüşəm. Hər şey yerində, vaxtında, müzakirə edilməmək şərti ilə edilməlidir. Məni isə həyat daha yumşaldıb. Bəlkə də, anam filoloqdur, müəllimdir, onun sənəti bunu tələb edir. Ancaq mən incəsənət adamıyam, qarşımda bir fanat əyləşibsə, onunla zəhmli danışa bilmərəm. Amma sizə çox gülməli bir şey deyim. Mənimlə tamaşaçı görüşəndə özünü o qədər yığışdırır ki, sanki qarşısındakı müəllimdir. Deyirəm "Nə olar, bir az sərbəst ol". Bilmirəm məndən gələn impulsdur, nədir.

- Fanatlar da özünü yığışdırır? Bilirəm, diqqətlisiniz onlara qarşı...

Mən onları çox sevirəm. Konsert, albom, mahnı sayını itirmişəm. Həmişə qarşımda müəyyən yaş dövrlərində olan tamaşaçı görmüşəm. Ancaq gənclərdən motivasiya alıram. Evimdə də 19 yaşlı övladım var. O da onların yaşıdıdır. Deyirəm, sərbəst olun, sərbəstliyinizi itirməyin. Çox qəribədir, məndən çox çəkinirlər.

- Övladınıza yetərincə vaxt ayıra bilirsiniz?

- Bu mənada internet mənim çox köməyimə çatır. O, uşaq idi, mobil telefonlar isə yox idi. Evdən evə məni görürdü. Ancaq indi günün istənilən saatında videozəngləşirik, danışırıq. Darıxır, mən də onun üçün darıxıram. Özüm bilə-bilə fərqli bir cəmiyyətdə böyüyüb, başqa cür təhsil alsın deyə Bakıdan uzaqlaşdırdım.

- Hansı ölkəyə göndərdiniz?

- İstanbuldadır. Arzum odur ki, o, böyük bir coğrafiya gəzsin. Öz işində yaxşı bir peşəkar olsun.

- İxtisas seçiminə də siz qərar verdiniz?

- Mən heç vaxt onun seçiminə müdaxilə etməmişəm. Nə istəyib, özü seçib. Ancaq onu göndərməyim çox çətin oldu. Mənə deyirdi ki, "Sən necə anasan? Məni özündən uzaqlaşdırırsan. Başqa analar deyir uşağım yanımda olsun". İstəyirəm özümün bəzi arzularım var, mənim üçün gecdir. Onları qızım həyata keçirsin.

- 19 yaşlı qızınız var, ancaq görüntünüzlə və dəbli geyiminizlə qadınların diqqət mərkəzindəsiniz...

- Qoca anaya oxşamıram hə, Pərviz? (gülür)

- Formada qalmaq üçün nələr edirsiniz?

- Onun yolları müxtəlifdir. Bir dəfə məclisdəyəm. İnsanlar yaxınlaşıb şəkil çəkdirirdilər. Bir xanım da yaxınlaşdı. Nədənsə söz düşdü mən ona "xala" dedim və o, mənə yaşını deyəndən sonra utandım, yerə girdim. Sən demə, mənimlə yaşıd imiş. Sifətimi görmək lazım idi ki, o vəziyyətdən necə çıxdım (gülür). Bir az zarafata saldım. Ancaq nəyə görə utandım? Onun həyat tərzini bilməyə-bilməyə onu incitmişdim. Həmişə belə şeylərdən ehtiyat etmişəm. Çox qadınlarımız var ki, onların həyatda çəkdikləri, onları yaşlandırır. Mənim də çoxlu qəmli hekayələrim var. Uğur elə-belə əldə olunmur. Mütləq nələrdənsə keçməlisən. Səhvlərlə-düzlərlə hamının bir hekayəsi var. Ancaq qadın, hər şeyə rəğmən ayaqda durmağı bacarmalıdır. Bəzən insafsızca mesajlar alıram. İddia ilə yazırlar: "Görəsən sizin nə probleminiz var ki?"

Amma ən bəsit bir həyatı götürsək, orada olan problemlərin hamısı məndə də var. Rahat bunu etiraf edirəm. Heç bir artist göydən düşməyib. Hamısının sağlıq, maddi və mənəvi problemləri var. Buna rəğmən artistin bir "əmma"sı var. Hər zaman gülümsəməli, pozitiv enerji ötürməlisən. Qadınların üstünə bu mənada daha çox yük düşür: Formada olacaqsan, gülümsəyəcəksən, özünə görə gözəl olacaqsan. Gözəlliyin müəyyən bir forması yoxdur, hər qadının özünəməxsus şarmı var. Yetər ki, onu anlasın.

Bir neçə il öncə sağlam qida məsləhətçisi Mələk Xəlil ilə tanış oldum. Hansı ki, mənim "Xoş gəldin" və "Hər şey yaxşı olacaq" mahnılarımın söz müəllifidir. Kilolu, yağlı bir insan olmasam da, maddələr mübadiləsi pozulmuşdu. O, mənə sağlam qidalanmağı öyrətdi. Onun məsləhətləri sayəsində, arıqladım. Bir də, iki ildir idmana başlamışam. Mütləq qidaya, idmana fikir vermək lazımdır. Fit duruşun olmalıdır, əzələlər mütləq işləməlidir. Həftədə üç dəfə iki saat olmaqla fitness zalında oluram. Bir dəki, qadın özünü bilməlidir. Koko Şanel deyirdi ki, zövqü yaxşı olanlar, bahalı zinət əşyalarına qaçmır, aksessuar seçimləri isə çox təhlükəlidir. Bu sənin obrazını önə çıxarır. Sənin əhvalını da həmçinin.

- Əhval-ruhiyyə demişkən, keyfiniz olmayanda özünüzü nə ilə motivasiya edirsiniz?

- Musiqi köməyimə gəlir. Çalışıram nə olursa, olsun şükürlü olum. Ayaqdayıqsa, öz əlin, ayağın, öz gözünlə baxırsansa, günəş çıxırsa, onu seyr edə biliriksə, şükür etmək lazımdır. İlin bütün fəsilləri insanlar narazalıq edirlər; günəş çıxır, narazıyıq, külək üfürür, yağış yağır, narazıyıq. Çox az adam tapırsan ki, şükür edir. Bu da bir bərəkətdir. Hər şeyin öz coğrafik bir vəziyyəti var. Onda köç Afrikaya ki, orada həmişə istidir. Onda da narazılıq edəcəksən.

İnsanı güclü edən və motivasiya edən belə şeylərdir. Hərdən başqa məkan axtarırıq ki, ora bizi motivasiya edəcək. Ancaq hara qaçsan, özündən qaça bilmirsən axı. İçin qaranlıqdırsa, hər şeydə bir qüsur axtaracaqsan, aydınlıqdırsa, səni hər şey məmnun edəcək. Musiqi məni motivasiya edir. Ən hirsli anlarımın mahnıları var: "Bu yağış səhəri gətirər görən" yaxud "Qəhərin içində boğuluram mən". Bunları keyfimdən yazmamışam.

- Tünzalə özündə daha çox Sezeni, yoxsa Uitni Hyuston görür?

(Ardı var)

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR