Azərbaycan  inciləri Vaşinqtonda

ABŞ-ın paytaxtında "Azərbaycan Xalçaları İncəsənəti" mövzusunda sərgi və ziyafət təşkil olunub. Azərbaycanın ABŞ-dakı Səfirliyindən "Olaylar" -  abildirilib ki, səfirliyin və "Azərxalça" ASC birgə təşkilatçılığı ilə tədbir Orta Şərq İnstitutunun yerləşdiyi binada təşkil edilib.

Vaşinqton şəhərinin mədəni həyatının əlamətdar hadisəsi olan bu tədbirdə səfirlər və diplomatik korpus nümayəndələri, dövlət qurumları, düşüncə mərkəzləri və QHT təmsilçiləri, habelə Vaşinqton ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov xalça sənətinin Azərbaycan mədəniyyətinin əsas incilərindən biri olduğunu vurğulayaraq bunun qədim ənənələri və müxtəlif məktəblərinin olduğunu xatırlatdı. Azərbaycan xalçaları incəsənət əsəri olmaqla yanaşı həmçinin Azərbaycanın tarixini və inkişafını, coğrafi əhatəliyini və mədəni xüsusiyyətlərini izah etdiyinə diqqəti çəkdi. Səfir Azərbaycanın ölkə rəhbərliyinin diqqəti sayəsində bu sahənin yenidən canlandığını və bu sərginin keçirilməsinin inkişaf edən və möhkəmlənən Azərbaycanın göstəricisi olduğunu xüsusi vurğuladı. Tədbirdə Azərbaycan xalçaçılığın regional nümunələrinin təqdim olunmasında "Azərxalça" ASC Vidadi Muradovun geniş araşdırmaları və nəşrlərinin də töhfə verdiyi xüsusi qeyd olundu.

Daha sonra çıxış edən "Azərxalça" ASC idarə heyətinin sədr müavini Orxan Rzayev Azərbaycan xalçasının xalqımızın mədəni kimliyinin əsas hissələrindən biri olduğunu vurğulayaraq ölkəmizin müxtəlif bölgələrini əks etdirən doqquz xalçaçılıq məktəbinin olduğunu diqqətə çatdırdı. O, "Azərxalça" şirkətinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-ci ilin mayında imzaladığı sərəncam əsasında yarandığını xatırladaraq bu müəssisənin istehsal etdiyi xalçaların həm ölkəmiz daxilində satıldığı, həm də xaricə ixrac edildiyini bildirdi.

Tədbirin rəsmi hissəsindən sonra ziyarətçilərə sərgi edilən və əllə toxunmuş bu xalçalar barədə geniş izahlar verilmiş və onların çoxsaylı suallarına cavab verilmişdir. Qeyd edək ki, bu sərgidə Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, İrəvan və Naxçıvan xalça məktəbinin nümunələri nümayiş etdirilmiş və geniş ziyarətçi marağına səbəb olub. Bu xalçaların növbəti günlərdə Nyu York şəhərində də nümayiş etdirilməsi nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR