Müğənnilər vergiyə necə cəlb ediləcəklər?

Nazirlik yeni qaydalar müəyyən etdi

Vergilər Nazirliyi tərəfindən şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətlərinin göstərilməsinə görə qeydiyyatın aparılması qaydaları müəyyən olunub. Nazirlikdən verilən məlumata görə, qaydaların müəyyən edilməısində məqsəd şadlıq evlərində, restoranlarda və digər ictimai iaşə obyektlərində müğənnilik və ya ansambl (qrup) formasında musiqiçilik fəaliyyəti göstərən şəxslərin əldə etdikləri gəlirlərin uçotunun aparılması və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan şəxslərin müəyyənləşdirilməsi üçün Qeydiyyat kitabının tətbiqi, bu istiqamətdə zəruri tədbirlərin görülməsindən ibarətdir. Yeni qaydalar toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq,  aşıqlıq,  məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olanlar, eləcə də fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərənlərə şamil olunacaq. Qaydalar bir sıra prosedurları əhatə edəcək. Bunlar musiqi, əyləncə və digər oxşar fəaliyyət, habelə fərdi foto, audio-video xidmətləri göstərən şəxslərin qeydiyyatı kitabı"nın tətbiqi və Qeydiyyat kitabında qeyd olunmuş məlumatların qeydiyyatda olduğu vergi orqanına təqdim edilməsindən ibarətdir. Qaydalara əsasən  Qeydiyyat kitabı barədə məlumat forması təqdim edilmədikdə lazımi ölçülər götürüləcək. Görüləcək tədbirlər təqdim edilmiş məlumatlar üzrə görülməli tədbirlər və təqdim edilmiş məlumatlar üzrə risk qiymətləndirilməsindən ibarət olacaq. Qaydalarda nəzərdə tutulan prosedurları həyata keçirmək, nəzarət etmək, təhlillər aparmaq, habelə müvafiq məlumatları almaq məqsədi ilə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi və "Axtarış&Hesabat" informasiya sistemində bu məqsədlə yaradılmış proqram təminatından və hesabatlardan istifadə ediləcək.

Qeydiyyat kitabının tətbiqi

Qaydalarda nəzərdə tutulan ictimai iaşə obyektləri yerləşdiyi ərazi üzrə vergi orqanları tərəfindən Qaydaların 1 nömrəli Əlavəsinə uyğun olaraq Qeydiyyat kitabı ilə təmin ediləcəklər. Təsərrüfat subyektlərində Qeydiyyat kitabının tətbiqi nəzərdə tutulan vergi ödəyicilərinin siyahısı vergi orqanlarının vergi ödəyicilərinin vergi potensialının müəyyən edilməsi istiqamətində təhlillərin aparılması ilə məşğul olan strukturları tərəfindən rübdə 1 dəfədən az olmayaraq müəyyən edilərək vergi ödəyicilərinə xidmət strukturlarına təqdim ediləcək. Qeydiyyat kitabı vergi orqanları tərəfindən nömrələnəcək, qaytanlanacaq və möhürlənəcək. Qeydiyyat kitabının vergi ödəyicisinə təqdim edilməsi barədə həmin kitabın titul vərəqində qeyd aparılacaq. Vergi ödəyicisi Qeydiyyat kitabının tətbiqinin məqsədi, doldurulma qaydası, vergi orqanına məlumatın təqdim edilməsi forması barədə məlumatlandırılacaq. Qeydiyyat kitabında müvafiq qeydlər hər bir müğənninin, ansamblın (qrupun) və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan şəxslərin çıxışına (ifasına) başlamazdan əvvəl aparılacaq. Qeydiyyat kitabının tətbiqini elektron formada da aparmaq mümkün olacaq.

Məlumatların vergi orqanına təqdim edilməsi

Təsərrüfat subyektlərində Qeydiyyat kitabı tətbiq olunan vergi ödəyiciləri tərəfindən Qeydiyyat kitabında qeyd olunan məlumatlar hər ay başa çatdıqdan sonra növbəti ayın 10-dək bu Qaydaların 3 nömrəli Əlavəsində nəzərdə tutulan formada vergi orqanına təqdim ediləcək. Qeydiyyat kitabında qeyd olunan məlumatlara əsasən tərtib edilən məlumat forması vergi ödəyiciləri tərəfindən kağız daşıyıcılarda (poçt vasitəsi ilə və ya əlbə-əl) və ya Vergilər Nazirliyinin İnternet vergi idarəsində real vaxt rejimində elektron qaydada tərtib edilib vergi orqanına təqdim edilə bilər. Vergi orqanlarının vergi ödəyicilərinin vergi potensialının müəyyən edilməsi istiqamətində təhlillərin aparılması ilə məşğul olan strukturları tərəfindən hər ayın 15-dək baza məlumatlarının təhlillərinin nəticələrinə əsasən müvafiq məlumat formasını 10 gün müddətdə təqdim etməyən vergi ödəyicilərinin siyahısı müəyyənləşdiriləcək və müvafiq məlumatlandırma işlərinin aparılması üçün vergi ödəyicilərinə xidmət strukturlarına təqdim ediləcək. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən aparılan məlumatlandırma-izahat tədbirlərindən sonra da 10 iş gün ərzində məlumat forması təqdim edilmədikdə, həmin vergi ödəyiciləri barədə məlumatlar, risk meyarı kimi qiymətləndirilərək gələcəkdə həmin vergi ödəyiciləri ilə bağlı keçiriləcək vergi nəzarəti tədbirləri zamanı nəzərə alınması məqsədi ilə operativ nəzarət funksiyalarını həyata keçirən strukturlara təqdim ediləcək. Qeydiyyat kitabının tətbiqi nəzərdə tutulan, lakin kitabdakı məlumatları və məlumat formasını bu Qaydalara uyğun tərtib və təqdim etməyən obyektlər vergi orqanı tərəfindən xüsusi nəzarətə götürüləcək. Qaydalara əsasən sözügedən fəaliyyət növləri ilə məşğul olan şəxslərin VÖEN-i olduğu halda, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" alıb-almaması yoxlanılır. Qəbz alınmadığı müəyyən olunduqda, qəbzin alınması istiqamətində 10 iş günü ərzində müvafiq məlumatlandırma işlərinin görülməsi məqsədi ilə siyahılar vergi ödəyicilərinə xidmət strukturlarına təqdim olunacaq. Qeydiyyat kitabında VÖEN-i olmayan şəxslər olduğu halda, müvafiq məlumatlandırma işlərinin görülməsi məqsədi ilə siyahılar vergi ödəyicilərinə xidmət strukturlarına təqdim olunacaq. Müğənnilik fəaliyyəti ilə məşğul olan və ansambl (qrup) formasında musiqiçilik fəaliyyəti göstərən şəxslərin gəlirləri barədə məlumatlar həmin şəxslərin həmin dövr üzrə təqdim edilmiş vergi bəyannamələrinin məlumatları ilə proqram təminatı tərəfindən avtomatik olaraq qarşılaşdırılacaq, kənarlaşmalar aşkar olunduqda kameral vergi yoxlaması ilə müvafiq tədbirlər görüləcək. Vergi orqanlarının iqtisadi təhlil və risklərin müəyyənləşdirilməsi ilə məşğul olan müvafiq struktur vahidi tərəfindən ildə 2 dəfədən az olmayaraq məlumatlar təhlil edilərək riskli vergi ödəyicilərinin siyahısı müəyyənləşdiriləcək. İctimai İaşə obyektlərində musiqi, əyləncə və digər oxşar fəaliyyətlə məşğul olan, habelə fərdi foto, audio-video xidmətləri göstərən şəxslərin vergi orqanlarında uçota alınması, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"in verilməsi, vergilərin hesablanması, məsuliyyət tədbirlərinin görülməsi zamanı vergi orqanları tərəfindən həyata keçiriləcək tədbirlər qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əsasən həyata keçiriləcək.

Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR