"Daha yaxşı bir dünya xəyal et" adlı müsabiqə

Avropa Birliyinin nümayəndə heyəti "Xəyal et Avropa Tolerantlıq" festivalı çərivəsində Azərbaycanda "Daha yaxşı bir dünya xəyal et" adlı video və foto müsabiqə təşkil edir. Azərbaycan Fotoqraflar Birliyindən "Olaylar" - a bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd gənc film tərtibatçıları və fotoqrafların öz işləri vasitəsiylə tamaşaçıları ictimai məsələlərə və problemlərə dair daha geniş formada məlumatlandırmaqdır. Qeyd olunmuş mövzudan uzaq olan, eyni zamanda zorakılıq, pornoqrafiq və siyasi xarakter daşıyan foto və videolar müsabiqədən kənarlaşdırılacaq.

Fotoraflar Birliyinin rəhbəri Mirnayib Həsənoğlu müsabiqə haqqında qısa məlumat verərkən qeyd etdi ki, müsabiqə iyul ayında müxtəlif media kanalları və sosial şəbəkələr vasitəsi ilə elan olunacaq. "Müsabiqədə iştirak etmək istəyənlər qeydiyyatdan keçmək üçün "SizinAvropa" saytında İngilis və Azərbaycan dilində dərc olunmuş rəsmi müraciət forması ilə 10 Sentyabr 2017-ci il tarixindən gec olmamaq şərti ilə müraciət edə bilərlər. Müsabiqədə iştirak pulsuzdur.

İştirakçılar 18-30 yaşında, Azərbaycan vətəndaşı olmalı, tolerantlıq mövzusunu özundə əks etdirmək şərti ilə, foto və videoların məzmunu müxtəlif ola bilər. Təqdim olunan foto və videolar bilavasitə iştirakçı tərəfindən tərtib olunmalı, fotolar yüksək keyfiyyətli olmalı (300 dpi şaquli və üfüqi; ölçüsü 5 MB-dan çox olmamaq şərti ilə), videoların müddəti 3-5 dəqiqə olmalı və Azərbaycanda çəkilməlidir. İşlər sentyabrın 24 - nə qədər qəbul olunur. Foto və videolar DVD/USB vasitəsi ilə təqdim olunmalı və ya wetransfer ilə qeyd olunmuş e-poçt ünvanına göndərilməlidi. Hər bir iştirakçı eyni zamanda bir foto və bir video təqdim edə bilər, ilk mərhələdə 50 iş qəbul olunacaq (25 Video və 25 Foto ). Təşkilatçılar əldə olunmuş materiallar əsasinda ilk 50 işi seçəçəklər. Yalnız seçilən işlərin müəlliflərinə telefon və ya poçt vasitəsi ilə məlumat veriləcək" - deyə, Mirnayib müəllim qeyd etdi.
6 nəfərdən ibarət olan Münsiflər heyəti (Avropalı və Azərbaycanlı) 50 iş arasından 10 oktyabr 2017-ci ildə 15 video və 15 fotonu seçəcək. Seçilmiş 15 foto və 15 video Festivalda təqdim olunacaq.
Seçilmiş 30 işdən, münsiflər "Xəyal et Avropa Tolerantlıq" Festivalı zamanı keçirilən mükafatlandırma mərasimində 2 işi (1 foto və 1 video) mükafatlandıracaqlar. Seçilmiş 30 işin müəlliflərinin hər birinə Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən sertifikatlar təqdim olunacaq. Təşkilat qalibləri Avropa Birliyinin Azərbaycandakı Nümayəndiliyi tərəfindən təqdim edilən Kamera ilə mükafatlandıracaqlar.

Qeyd edək ki, müsabiqə Festivalın bədii bölməsində məsul olan tekniki komandanda tərəfindən davam etdiriləcək. Müsabiqə Avropa Birliyinin Azərbaycandakı Nümayəndəliyinin dəstəyi, DokuBaku -nun əməkdaşlığı ilə United Cultures tərəfindən təşkil olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR