Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun  xatirə gecəsi 

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, "Şöhrət"ordenli, Azərbaycan xanəndəlik sənətində yerini tutmuş sənətkar Yaqub Məmmədovun xatirə gecəsi keçirilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, sənətkarın xatirə  gecəsi Mədəniyyət kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

İlk olaraq sənətkarın ifasında "Şur" muğamının Simayi-Şəms şöbəsi videoçarx vasitəsilə tamaşaçılara çatdırıldı. Daha sonra səhnəyə tədbirin aparıcısı Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, Filologiya və fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxaraq sənətkarın Azərbaycan musiqi mədəniyyəti tarixində klassik muğam ifaçılığı sənətindəki gördüyü işlərdən, tutduğu yerdən danışdı.

Bildirildi ki, Yaqub Məmmədov 1930-cu il mayın 5 də Ağcabədidə dünyaya gəlmiş, professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır. Xanəndə Seyid Şuşinskidən muğamlarımızı, həmçinin musiqi və poeziya sahəsini dərindən öyrənərək XX əsrin II yarısında Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi olmuşdur.

Gecədə Xalq artisti Simarə İmanova, Əməkdar artistlər Əsgər Əhmədov, Elza Qaybalıyeva, Firuz Səxavət,  Teyyub Aslanov, Nuriyyə Hüseynova , əməkdar müəllim Qəzənfər Abbasov, xanəndələr Hüseyn Məlikov və Ramiq Bayramov  görkəmli sənətkarın repertuarından muğam parçaları, mahnılar və təsniflər ifa etdilər. Şair, publisist Ənvər Əhməd və Ağcəbədi RİH-nin müavini Təyyar Hacıyev səhnəyə çıxaraq sənətkar haqqında xatirələrini danışdılar.

Sonda Yaqub Məmmədovun ifasında "Qarabağ Şikəstəsi" videoçarx vasitəsilə səsləndi.

Xatirə Gecəsində xanəndənin sənət dostları və doğmaları iştirak ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR