Manatın məzənnəsində sabitlik hökm sürür

Milli valyutanın taleyi daha çox neft gəlirlərindən asılıdır

2017-ci ilin I yarısında tədiyə balansının cari əməliyyatlar hesabında ÜDM-in 2,5%-i səviyyəsində profisit qeydə alınıb. Mərkəzi bankın yaydığı məlumata görə, bu, neftin orta dünya qiymətinin ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli yüksəlməsi, eləcə də həyata keçirilmiş makroiqtisadi siyasət tədbirləri nəticəsində qeyri-neft sektoru üzrə cari hesab kəsirinin azalması sayəsində mümkün olub. Yanvar-avqust aylarında xarici ticarət balansının profisiti 1,9 mlrd. dollar təşkil edib, ölkənin strateji valyuta ehtiyatları 11,5% artıb. İlin sonuna tədiyə balansında profisitin qorunacağı proqnozlaşdırılır. Manatın dollara nəzərən məzənnəsi ilin əvvəlindən möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir edir. Manatın məzənnəsinin davamlı sabitliyi dollarlaşmanın azalması ilə müşayiət olunur. İqtisadi Təşəbbüslərə Yardım Birliyinin sədri, iqtisadçı Azər Mehdiyev deyib ki, dollarlaşmanın azalması inzibati təsirlər sayəsində mümkün olub: "Azərbaycanda manatın taleyi daha çox neft gəlirlərindən asılıdır. 2014-cü ilə qədər neft gəlirləri yüksək səviyyədə olduğu üçün buna fikir verən yox idi. Neft qiymətlərinin kəskin aşağı düşməsi ölkədə dollar kütləsinin azalmasına gətirib çıxardı. Həm də manat devalvasiyaya uğradıqdan sonra dövriyyədə olan manat kütləsinin həcmi məhdudlaşdırıldı. Ən vacib məqam ölkəyə gətirilən malların həcminin məhdudlaşdırılmasında oldu. Əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi də buna güclü təsir etdi. Eyni zamanda, nəzərə almaq lazımdır ki, 2015-ci ildə baş verən devalvasiya proseslərində əhali çətinlik içərisində olarkən hətta manatdan imtina etdi. Həmin vaxt özlərinin əvvəlki dövr üçün yığdıqları ehtiyatlarını dollara çevirmişdilər. 2016-2017-ci illərdə iqtisadi-sosial vəziyyətin gərginləşməsi əhalinin əlində olan dollar kütləsini bazara çıxarmasına səbəb olub. İxracın məhdudlaşdırılması, digər tərəfdən ölkəyə gətirilən malların qiymətinin bahalaşması, həmçinin, əhalinin gəlirlərinin azalması və yığdıqları dollar ehtiyatını dövriyyəyə buraxması, banklarda kreditləşmənin aşağı düşməsi dollara olan tələbatı azaldır. Mərkəzi bank manatın məzənnəsinin bazarda müəyyənləşdiyini desə də, real proseslər tənzimləmə olduğunu sübut edir. Məhz inzibati müdaxilələr nəticəsində manatın məzənnəsinin sabitləşdirmək mümkün olub". A.Mehdiyev qeyd edib ki, manatın məzənnəsinin sabitləşdirilməsi üçün Neft Fondundan böyük həcmdə vəsait transfer edilib: "Eyni zamanda, Neft Fondu özü də zaman-zaman dövlət büdcəsinə transfer etmək üçün dollarla satış həyata keçirir. Bununla indiki iqtisadi fəallığın aşağı olduğu dövrdə tələbatı ödəmək iqtidarındadır. Ona görə də manatın məzənnəsində nisbi sabitlik diqqəti cəlb edir. Ancaq bu iqtisadiyyatın özünün böhrandan çıxmasının və mövcud durumdan qaynaqlanan sabitləşməsi deyil. Daha çox süni təsirlər və iqtisadi fəallığın məhdudlaşdırılmasından asılıdır".

Azərbaycanın Mərkəzi Bankı uçot dərəcəsini  (15 %) dəyişməz olaraq saxlaması, ilin ikinci yarısında da sərt-pul siyasətinin davam edəcəyi  anlamına gəlir. MB bununla, eyni zamanda ictimaiyyətə manatın taleyi ilə də bağlı mesaj verməli oldu. Buna baxmayaraq, ekpsertlər hesab edir ki, neftin qiymətində kəskin dəyişiklik baş verməyəcəyi təqdirdə Mərkəzi Bank manatı sabit saxlaya biləcək. İqtisadi və Sosial Mərkəzinin sədri Vüqar Bayramov bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsinin dəyişməməsi onun mövcud status-kvotanı saxlamaq istəyi kimi də dəyərləndirilə bilər. Onun sözlərinə görə, son aylar bankların milli valyuta üzrə depozit faiz dərəcələrini azaltması manatla əmanətlərin həcmininə təsir göstərə bilər: "Belə ki, ilin əvvəlində manatla əmanətlərə 15-18 faiz divident təklif edən banklar artıq milli valyutanı 10-12 və hətta bəziləri bir rəqəmli faizlə cəlb edirlər. Mərkəzi Bankın uçot stavkasının dərəcəsinə toxunmamasının səbəblərindən biri də depozitlərin strukturunda manatla yığımların artırımını davam etdirmək məqsədidir". Manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə isə iqtisadçı qeyde dir ki, son aylar təşkil edilən hərracların nəticələrinə əsasən, Mərkəzi Bank milli valyutanın daha da möhkəmlənməsində deyil, mövcud məzənnəsinin qorunub saxlanmasında maraqlıdır. Bəzi hərraclarda satışa çıxarılan dolların yarıdan çoxunun satılmamamasına baxmayaraq, Mərkəzi Bank rəsmi məzənnəni, demək  olar, dəyişməməsi də məhz bu istəkdən xəbər verir. Baş bankın son açıqlamasında da manatın məzənnəsinin həmçinin ixrac imkanları və iqtisadiyyatın diversifikasiyası aspektindən qiymətləndirilməsi də ondan xəbər verir ki, Mərkəzi Bank bahalı manatda maraqlı deyil. Çünki möhkəm milli valyuta bahalı ixrac deməkdir. Bahalı ixrac məhsullarının isə rəqabət imkanları məhdud olur. Əslində, biz hələ 2015-ci ildə ərzaq idxalının birbaşa və ya dolayı subsidiyalaşması və eləcə də xarici valyutalardakı kreditlərə güzəştin tətbiq edilməsi yolu ilə manatın bazar məzənnəsinin müəyyənləşdirilməsini təklif edirdik. Bu ixrac imkanlarının artırılması baxımdan daha məqbul olardı. Bütövlükdə, Mərkəzi Bankın son açıqlaması ondan xəbər verir ki, manatın möhkəmlənməsi deyil, indiki məzənnənin qorunub saxlanması priortitetdir. Buna görə də, hətta dollar tələb azalsa belə Mərkəzi Bankın manatı daha da bahalaşdıracağı gözlənilən deyil".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR