Dünya Bankının vitse-prezidenti ilə müzakirələr aparılıb

İqtisadiyyat naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller ilə görüşündə ölkəmizlə Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Nazirlikdən "Oaylar"a verilən məlumata görə, nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Bankın dövlət və özəl sektorun inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı və sosial sahələri əhatə edir. Dünya Bankı ölkəmizə 53 layihə üzrə 4,15 mlrd. ABŞ dolları vəsait ayırıb. Artıq 41 layihə üzrə işlər başa çatıb, 11 layihə üzrə tədbirlər isə davam etdirilir. Dünya Bankı ölkəmizdə özəl sektorun inkişafına da dəstək göstərir, bu sahə ilə sıx əməkdaşlıq edir. İndiyədək Dünya Bankı tərəfindən 72 layihə üzrə özəl sektora 500 mln. ABŞ dolları vəsait ayrılıb. Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı bu prioritetlərə uyğun olaraq davam etdirməkdə maraqlı olduğunu bildirən Şahin Mustafayev ölkə iqtisadiyyatı,həyata keçirilən islahatlar barədə məlumat verib, biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair təklifləri diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan bərk məişət tullantılarının idarəedilməsi, sənaye parklarına və özəl sektora dəstəyin davam etdirilməsi sahələrində Dünya Bankı ilə əməkdaşlıqda maraqlıdır.

Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə vitse-prezidenti Siril Müller Bankın Azərbaycanla əməkdaşlığının 25 ildir ki, uğurla davam etdiyini və təmsil etdiyi qurumun bu əlaqələrdən məmnunluğunu diqqətə çatdırıb. Vitse-prezident Dünya Bankının Azərbaycan da daxil olmaqla 35 ölkə ilə əməkdaşlığına rəhbərlik etdiyini, Azərbaycanın onların arasında ən dinamik inkişaf etdiyini bildirib, 2017-ci ildə mühüm irəliləyişlərin olduğunu vurğulayıb. Qeyd olunub ki, Dünya Bankı bir çox sahələrdə, o cümlədən Cənub Qaz Dəhlizi layihələri çərçivəsində ölkəmizlə əməkdaşlıq edir. Siril Müller ugurla icra olunan bərk məişət tullantılarının idarəedilməsinə dəstəyin davam etdiriləcəyini, Dünya Bankının Azərbaycanın iqtisadi inkişafına hər zaman dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR