Manatın məzənnəsini dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür

Son bir neçə ay ərzində manatın digər valyutalara nisbətdə məzənnəsində elə də ciddi dəyişikliyin olmamasına baxmayaraq, ölkəyə idxal olunan məhsulların qiymətində artım mühaşidə olunmaqdadır. Demək olar ki, 2017-ci il ərzində müəyyən ərzaq və digər məhsulların qiymətində artım müşahidə olunub. Bu isə istər-istəməz manatın gələcək taleyini risk altında qoyur və bu da öz növbəsində, iş adamlarında, istehlakçıda çox ciddi narahatlığa yol açır. Digər əsas məqam isə iş adamları hansısa işi görmək və ya maliyyə əməliyyatı keçirən zaman banklardakı şəxsi vəsaitlərindən istifadə etməkdə üzləşdikləri çətinliklərdir. Belə ki, banklar iş adamlarına və fiziki şəxslərə pullarını verməməklə yanaşı, köçürmələrdə də ciddi anlaşılmazlıqlar  yaradır. Hazırda hamını narahat edən əsas suallardan biri manatın gələcək taleyi ilə bağlıdır. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli bildirib ki, manatın məzənnəsinə çox amil təsir edir. Neftin qiymətinin qalxıb-enməsinin ölkənin tədiyyə balansına təsiri vasitəsilə manata olan təzyiqi, ölkədən kapital axınının sürəti və həcmi, daha çox ticarət etdiyimiz ölkələrin milli valyutasındakı meyllər, valyuta ehtiyatları sarıdan vəziyyət, maliyyə və bank sektorunun problem və çətinlikləri, Mərkəzi Bankın və ümumiyyətlə, bank sisteminin davranışları, psixoloji amillər, spekulyativ amillər və sair. Neftin qiymətinin 57 dollardan 50 dolların altına endikdən sonra son vaxtlar yenidən 55 dollar ətrafına qalxması, hazırda neftin qiymətinin nisbi sabitliyi, kapital axını sahəsində nəzərəçarpan dəyişikliklərin olmaması manatın xeyrinədir. Sərt pul-kredit siyasətinin "manat aclığı" variantı manatın məzənnəsinin bir qədər sabit saxlanılmasına imkan verir. Mərkəzi Bankın yürütdüyü sərt monetar siyasət nəticəsində yaradılan "manat aclığı" və neftin müəyyən qədər bahalaşmasının təsiri ilə tədiyyə balansında yaranan müsbət meyllər hesabına manat 2017-ci ilin fevralından başlayaraq yenidən bir qədər nominal dəyər qazanıb və 1 dollar 1,7 manat ətrafında qərarlaşıb: "Əgər manat tam üzən məzənnə rejiminində fəaliyyət göstərsəydi və milli valyutamızın məzənnəsi onun bazar dəyəri ətrafında nisbi sabitlik nümayiş etdirsəydi, həmçinin manatın məzənnəsinə təsir edən bütün fundamental amillərin durumu valyutamızın xeyrinə işləyib sabitliyini şərtləndirsəydi, onda manatın sabitləşməsini müsbət dəyərləndirmək olardı. Lakin hələlik manata birbaşa və dolayı yolla təsir edən daxili və xarici amillərin bir hissəsi dayanıqlı şəkildə manatın xeyrinə işləmir. Bu baxımdan manat ətrafındakı risklər hələ qalmaqdadır. Ona görə də iqtisadi qanunauyğunluqların məntiqindən çıxış edib demək olar ki, bu il fevralın əvvəllərindən başalayaraq dollara nisbətdə manatın məzənnəsinin artmasının səbəbləri aydın olsa da, bunun fundamental iqtisadi əsasları yoxdur. Manatın bu ilə və yaxın illərdəki məzənnəsinə dair müxtəlif proqnozlar verilir. Bir proqnoza görə, manat möhkəmlənib və hələ bir müddət də indiki 1 dollar 1,7 manat ətrafında qalacaq. Başqa proqnoza görə, bu il sözügedən həmin nisbətdə sabit qalsa da, növbəti illərdə orta hesabla 10 qəpik uzuzlaşa-ucuzlaşa 2019-cu ilə 2 manata çatacaq. Başqa bir proqnoza görə isə manat/dollar nisbəti aşağısı 2,2 manat, yuxarısı 2,8 manat səviyyəsində olacaq. Manat, sözün həqiqi mənasında "üzən məzənnə"yə keçmədiyindən və hazırda onun məzənnəsi real kursa uyğun olmadığından belə şəraitdə məzənnəni dəqiq proqnozlaşdırmaq mümkünsüzdür. Və bu deyilənlərin də hamısı ciddi arqumentlərə əsaslanan dəqiq proqnoz yox, tendensiyalara əsaslnan mülahizələrdir. 2015-ci ilin 21 dekabr tarixli ikinci şok devalvasiyasından sonra Mərkəzi Bank "üzən məzənnə"yə keçdiyi barədə bəyanat versə də, hələlik beynəlxalq təcrübədən bildiyimiz "üzən məzənnə" rejiminə tam keçid təmin edilməyib. Təbii ki, "üzən məzənnə"yə keçmək yaxşıdır. Amma bu keçid bazar iqtisadiyyatının fundamental prinsiplərinə əsaslanmalıdır. Yəni bazarda valyutaya olan tələb-təklif əsasında proses gedir və buna əsasən milli valyutanın - manatın məzənnəsi formalaşır. Bir müddət Mərkəzi Bank manatın dollara nisbətdə məzənnəsinin bazar kursuna uyğunlaşdırılması və 1 dollar 2 manat nisbətinə hədəfləndirilməsi xətti götürüldü, amma artıq 6 aydan çoxdur ki, manatın möhkımləndirilməsi xətti yeridilir". Onun sözlərinə görə, aidiyyatı qurumlar buna aydınlıq gətirməlidirlər ki, manatın kursunun süni surətdə sabit saxlanılması nə məqsəd daşıyır: "Manatın məzənnəsinin 1 dollar 1,7 manat nisbətinə hədəfləndirilməsi hazırkı şəraitdə manatın, haqqında çox danışılan, real bazar kursudurmu? Xeyir. Manat tam üzən məzənnə rejiminə keçmədiyindən, bu il dollara nisbətdə manatın məzənnəsini konkret rəqəmlə ifadə olunan dəqiq proqnozunu vermək çətindir. Amma onu demək olar ki, manatın kəskin ucuzlaşması gözlənilmir. Konkret rəqəm isə 1,70-2,00 manat arasında olmaqla Mərkəzi Bankın şəraitə uyğun davranışlarından asılı olacaq. Hazırda tətbiq olunan üsullarla Mərkəzi Bank bu ilin sonuna qədər dollara nisbətdə manatın nominal mübadilə kursunu indiki kimi 1,7 manat ətrafında da saxalaya, turist sezonunun əsas aylarından sonra isə bir qədər dəyişib məzənnənəni 1,80-1,90 manat arasına gətirə bilər. Fikrimizcə, hazırkı reallıqlar şəraritində manatın ən perspektivli məzənnəsi Mərkəzi Bankın hər gün elan etdiyi USD/AZN rəsmi məzənnəsi yox, perspektivdə tam üzən məzənnə şəraitində formalaşacaq və fundamental iqtisadi amillər əsasında ortaya çıxacaq iqtisadi əsası olan dayanıqlı və təminatlı məzənnə olacaq. Bir sıra hesablamaların nəticələrinə görə, ötən il manatın dollara nisbətdə real bazar məzənnəsi 1,9 manatdan yüksək olmaqla 2 manatın altında idi. Bu il üçün də həmin məzənnəni əhalinin təlaşını azaltmaq və biznesin gözləntilərinə aydınlıq gətirməkdən ötrü 1,70-2,00 manat diapozonda yerləşməsini məqbul saymaq olar. Tam sərbəst üzən məzənnə şəraitində manatın həmin diapozondan bir qədər aşağı və bir qədər yuxarı bazar dəyərini məqbul saymaq olar". Millət vəkili qeyd edib ki, hazırkı resessiya vəziyyətindən sürətli inkişaf mərhələsinə keçidin, manatın dayanıqlı məzənnəsinin təmin olunmasına nə vaxt başlaması və deməli Azərbaycanın gələcəyi xeyli dərəcədə islahatlardan, onun sürətindən və keyfiyyətindən, komplekslik və davamlılıq dərəcəsindən asılıdır. Bu baxımdan 3 istiqamətdə islahatların genişləndirilməsi və dərinləşdirilməsini daha zəruri hesab edirik: Manatın dayanıqlığını etibarlı şəkildə təmin etməkdən ötrü, yerli istehsalın yerli tələbatı ödəmə və xarici valyuta qazanma imkanlarndan dolğun və səmərəli istifadə edilməsi. Qeyri-neft sektorunun inkişafının kəmiyyət, keyfiyyət və səmərəlilik göstəricilərinin yaxşılaşdırılması, rəqabət qabliyyətinin yüksəldilməsi, idxalı əvəz edən və ixrac yönlü məhsul istehsalının artırılması hesabına həm idxalı əvəz edib valyuta ehtiyatlarımıza qənaət edilməsi və həm də ixracı artırıb əlavə valyuta qazanılması işinin əhəmiyyətinin artırılması sahəsindəki işlərin sürətləndirilməsi; Maliyyə sisteminin yeni çağırışlara cavab baxımından sağlam və innovativ əsaslar üzərində yenidən qurulması. Milli valyutanın-manatın dayanıqlığının təmin və ona inamın bərpa edilməsi, qeyri neft sektorunda istehsalı stimullaşdıra bilən maliyyə-bank sisteminin yaradılması; Böhranın bütün ağırlığını əhalinin üzərinə atmaq praktikasından sosial proseslərin səmərəli tənzimlənməsi yolu ilə əhalinin aztəminatlı təbəqəsinin güzəranının pisləşməsinin qarşısının alınmasının etibarlı mexanizmi yaradılmalıdır".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR