Gəncədə qorxunc dəstənin daha bir üzvü tutuldu

Gəncə şəhərində quldurluq və oğurluq etməkdə təqsirli bilinən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Goranboy rayon polis şöbəsi və Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Elxan Yaqubov saxlanılaraq istintaqa cəlb edilib.

Elxan Yaqubovun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən Nizami rayon Məhkəməsinə təqdimat göndərilib.

Hakim Rasim Kazımovun sədrliyi ilə baş tutan iclasda müstəntiqin təqdimatı təmin olunub.

Elxan Yaqubovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Mingəçevir şəhərindən Gəncəyə işləmək məqsədi ilə gələn1998-ci il təvəllüdlü Əbruz Mikayıllı kirayə yaşadığı evə maskalı şəxslərin silahlı basqın etməsi barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri - 1997-ci il təvəllüdlü Elxan Yaqubov və 1991-ci il təvəllüdlü Adil Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar.

Soyğunçuların üzərinə baxış zaman onlardan 1 ədəd "Makarov" tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq götürülüb.

Adil Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb. Dələduzluq etdiyi üçün o, Binəqədi rayon Polis İdarəsi tərəfindən axtarışda da olub.

İstintaq araşdırması zamanı mütəşəkkil dəstənin daha bir neçə üzvü müəyyən edilib.

Məlum olub ki, Elxan Yaqubov və Adil Nuriyev bu ilin fevralın 5-dən 25-dək olan müddətdə Goranboy rayon sakini Eldar Qənbərov, Gəncə şəhər sakinləri Şaiq Hacıyev və Aytən Allahverdiyeva ilə birgə Gəncənin Nizami rayonu ərazisindəki 3 evdən pul, qızıl və məişət əşyaları oğurlayıblar.

Həyata keçirilən əməliyyat tədbirləri ilə Eldar Qənbərov, Şaiq Hacıyev və Aytən Allahverdiyeva saxlanılıblar.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 177.3.1-ci (mütəşəkkil dəstə tərəfindən oğurluq törətmək) və 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR