Xaçmazda qayınatadan qandonduran hərəkət

Gəlinini öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adgözəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qətl hadisəsi ötən ilin iyulun 21-də Xaçmaz rayonun Uzunoba kəndində baş verib. Kənd sakini Məlikməmməd Adgözəlov gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovaya yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Hadisəni törədən Məlikməmməd Adgözəlov saxlanılıb.

"Gəlinim əxlaqsız hərəkətlərə yol verib"

Məlikməmməd Adgözəlov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Rahib Salmanovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Təqsirləndirilən şəxs bildirib ki, Xaçmaz rayonu, Uzunoba kəndindəki evində arvadı Nərminə Adgözəlova, oğlu Elsevər Adgözəlov, gəlini Samirə Adgözəlova və azyaşlı nəvələri ilə birgə yaşayıb: "Mərhum gəlinim Rəmziyyə Abdurahmanova da bizimlə birgə yaşayıb. Oğlum Elsevər 2001-ci ildə Rəmziyə ilə evlənib və həmin evlilikdən onların üç övladı olub. Rəmziyə əxlaqsız hərəkətlərə yol verdiyi üçün Elsevərlə aralarında münaqişə başlayıb".

"Gəlinim kişilərlə görüşmək üçün evdən çıxıb"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2009-cu ildə oğlu Elsevər Rəmziyyəni öz evində başqa kişi ilə yaxın münasibətdə olduğu zaman tutub və bu səbəbdən onlar boşanıb: "Boşanmadan sonra Xaçmaz rayon Məhkəməsi Rəmziyyəyə uşaqlarının körpə olması ilə əlaqədar evimdə yaşamaq üçün otaq ayrılmasına qərar verib. Bundan sonra Rəmziyyə evimdə ayrı otaqda qalmağa başlayıb. Yenə də gəlinim öz əxlaqsız hərəkətlərindən əl çəkməyərək, əksinə daha sərbəst şəkildə hər gün başqa kişilərlə görüşmək üçün evdən çıxıb və gecə saatlarında geri qayıdıb. Dəfələrlə Rəmziyyəni bu pis yoldan çəkindirməyə çalışmışam. Lakin o, mənə əcəb etdiyini deyib".

"Nəvələrimə analarının əxlaqsız olduğunu deyiblər"

Məlikməmməd Adgözəlov qeyd edib ki, Rəmziyyənin pozğun həyat tərzi sürməsi artıq bütün kəndə bəlli olub: "Rəmziyyənin uşaqları məktəbə gedəndə məktəbdəki şagirdlər onları lağa qoyub, analarının əxlaqsız olduğunu deyiblər. Oğlum Elsevər Rəmziyyənin fahişəlik etdiyi üçün bir neçə dəfə Xaçmaz rayon polis şöbəsinə ərizə ilə müraciət edib və Rəmziyyə barəsində tədbir görülməsini istəyib. Lakin bunun nəticəsi olmayıb".

"Mənə "evində fahişə saxlayan, tez ol aç qapını" dedi"

Təqsirləndirilən şəxs bildirib ki, iyulun 21-də, saat 8 radələrində Rəmziyyə və Elsevər aralarında olan mülki mübahisə ilə əlaqədar Xaçmaz rayon Məhkəməsinə gedib, saat 15 radələrində Elsevər saat 22 radələrində isə Rəmziyyə taksi ilə evə qayıdıb: "Rəmziyyə evin darvazasını çöl tərəfdən bərkdən döyməyə başladı. Mən isə həmin vaxtı yaba ilə mal-qara üçün ot qoyurdum. Əlimdə yaba ilə darvazanı açmağa gedən zaman Rəmziyyə darvazanı çöl tərəfdən zorla itələməyə başladı. Mən isə darvazaya yaxınlaşaraq uca səslə "dayan, qapını açıram" dedim. Rəmziyyə darvazanın arxasından mənə "evində fahişə saxlayan, tez ol aç qapını" dedi. Darvazanı açaraq Rəmziyyədən nə üçün məni söydüyünü soruşdum. Rəmziyyə yenə də məni təhqir edərək "sən fahişə saxlayansan" ifadəsini işlətdi. O, nalayiq söyüşlərini davam etdirdi".

"Söyə-söyə darvazadan çölə çıxdı"

Məlikməmməd Adgözəlovun ifadəsinə görə, Rəmziyyənin bu söyüşlərindən qəzəblənib və əlindəki yaba ilə bir dəfə yuxarıdan-aşağı istiqamətdə Rəmziyyənin baş nahiyəsindən vurub: "Rəmziyyə isə zərbədən sonra arxaya büdrəyərək dəmir çəpərə söykəndi və qaçaraq söyə-söyə darvazadan çölə çıxdı. Sonra isə Rəmziyyənin arxasınca qaçaraq evimizin qarşısındakı küçədə əlimdəki yaba ilə ikinci dəfə başından vurdum. Lakin Rəmziyyə qaçmağa davam etdi. İşıq dirəyinin altında ona çataraq üçüncü dəfə yaba ilə yuxarıdan-aşağı istiqamətdə baş nahiyəsindən vurdum. Zərbədən əlimdəki yaba iki hissəyə bölündü. Rəmziyə isə həmin zərbənin təsirindən yerə yıxıldı. Əlimdəki yabanı yerə ataraq iki əlimlə onu boyun nahiyəsindən tutaraq iki dəqiqə ərzində boğmağa başladım və sonda onun hərəkət etmədiyini gördüm. Bundan sonra evimə gələrək əynimdəki qana bulaşmış köynəyimi, şalvarımı və bir cüt çəkələyi soyunaraq başqa paltar geyindim. Qana bulaşmış əl-qolumu yudum və yenidən küçəyə çıxdım. Bundan sonra qonşular sahə müvəkkilinə xəbər verdi. Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər. Məni həbs edərək polis şöbəsinə apardılar".

"Kürəkənim başqa arvad gətirdi"

Zərərçəkmiş şəxsin hüquqi varisi Qabil Abdurəhmanovun sözlərinə görə, mərhum Rəmziyyə onun qızıdır: "2001-ci ildə Rəmziyyə Xaçmaz rayonunun, Uzunoba kənd sakini Elsevər Adgözəlov ilə ailə həyatı qurub, həmin evlilikdən onların 3 övladları olub. Rəmziyyə ilə Elsevərin evliliklərinin ilk günlərində yaxşı münasibətdə olsalar da, 2009-cu ildə Rəmziyyə və Elsevərin arasında söz-söhbət yaranıb. Bunun üçün Elsevər Xaçmaz rayon Məhkəməsinə boşanma ərizəsi verib. Sonra onlar boşanıblar. Rəmziyyə boşandıqdan sonra 3 azyaşlı uşağa kimin baxacağı məsələsi ortaya çıxıb.

Məhkəmə qərara gəlib ki, 3 azyaşlı uşaqların qayğısına qalmaq üçün Rəmziyyəyə həmin evdə yaşayış üçün yer ayrılsın. Buna oğlan tərəfi də etiraz etməyib. Evin bir küncündə Rəmziyyə və uşaqların yaşaması üçün bir otaq ayırılıb. Bundan sonra Elsevər işləmək üçün Rusiyaya gedib və oradan qayıdanda özü ilə Samirə adlı arvad gətirib, yeni gəlin də həmin evdə məskunlaşıb".

"Qızımın barmağının da sındırıblar"

Qabil Abdurəhmanov qeyd edib ki, bundan sonra Rəmziyyə ilə Elsevərgilin arasında münaqişələr başlayıb: "2013-cü ildə Samirə, Nərminə və Elsevər Rəmziyyəni evdə təkləyərək döyüb və əl barmağını sındırıblar. Bununla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma olub. Nəticədə Xaçmaz rayon Məhkəməsi tərəfindən Elsevər və Nərminiyə cərimə cəzası təyin edilib. Sonra bir müddət Rəmziyyə ilə Elsevərgilin arasında münasibət normallaşıb və dava-dalaş olmayıb".

Öldürülən qadının atasının sözlərinə görə, 2016-cı ilin yanvar ayında Rəmziyyə onlara qonaq gələn zaman onun əlinin gipsdə olduğunu görüb: "Qızımdan nə baş verdiyini soruşdum. O, evdə paltar asarkən yerin buzlu olmasından sürüşərək barmağını sındırdığını dedi. Uşaqları həmin günü Rəmziyyənin Samirə ilə dava eləməsini bildirdilər. 2016-cı ilin iyun ayının ortalarında Elsevər aylardı aliment ödəmədiyi üçün Rəmziyyə məhkəməyə şikayət ərizəsi verdi. Elsevər isə onun arxasınca məhkəməyə ərizə ilə müraciət edərək alimentin dayandırılmasını xahiş etdi. Sonra Rəmziyyədən də könüllü olaraq alimentdən imtina ərizəsini yazmasını istədi. Lakin Rəmziyə razılıq vermədi".

"Dedi ki, görərsən başına nə oyun açacam"

Qabil Abdurəhmanov qeyd edib ki, iyunun 21-də, saat 12-da Rəmziyyənin ərizəsi üzrə Xaçmaz rayon Məhkəməsində işə baxılıb: "Həmin baxışda Elsevərlə Rəmziyə iştirak edib. Məhkəmə Rəmziyyənin xeyrinə aliment ödənilməsi haqqında qərar çıxarıb. Məhkəmə prosesindən sonra Elsevər Rəmziyyəni hədələyərək "sən indi evə gələrsən, görərsən başına nə oyun açacam", ifadəsini işlədib. Bundan sonra Rəmziyyə oğlu Muradla birgə taksi ilə Xaçmaz şəhərində yaşayan bacısı Nazirə Nəzirovanın evinə qonaq gedib. Həmin günü saat 21 radələrində arvadım ilə birlikdə qızım Nazirəgilə yollandıq. Bu zaman Nazirə bizim gəlişimizdən bir dəqiqə əvvəl Rəmziyyə və Muradın evdən çıxmasını dedi. Rəmziyyə və Murad qohumumuz Tacəddin Qurbanovun avtomaşını ilə evlərinə getdiyini bildirdilər".

"Bildirdilər ki, qızımı qayınatası qətlə yetirib"

Qabil Abdurəhmanov bildirib ki, növbəti gün səhər saat 08 radələrində oğlu Habil Rəmziyyənin yaba ilə vurulduğunu və hazırda Xaçmaz rayon Mərkəzi Xəstəxanasında olduğunu dedi: "Bunu eşidəndən sonra dərhal xəstəxanaya getdik. Artıq orada məlum oldu ki, Rəmziyyə keçmiş qayınatası Məlikməmməd Adgözəlov tərəfindən qətlə yetirilib. Fikrimcə, Rəmziyyə Elsevərdən övladlarının saxlanılması üçün aliment tələb etdiyi üçün və məhkəmənin də Rəmziyyənin xeyrinə qərar çıxardığı üçün qətl hadisəsi törədilib".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məlikməmməd Adgözəlov 16 il müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən narazı qalan Məlikməmməd Adgözəlov apelyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmasını xahiş edib. Məlikməmməd Adgözəlovun şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsində baxılıb. Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Məlikməmməd Adgözəlovun apelyasiya şikayəti qismən təmin edilib və onun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Məlikməmməd Adgözəlov 12 il müddətinə azadlıqdan məhrum edilib. Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR