1 milyon 200 minlik dələduzluq edən qadın MƏHKƏMƏ QARŞISINDA

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin barəsində təyin edilmiş stasionar məhkəmə-psixatrik ekspertizasının rəyi açıqlanıb.

Rəyə görə, H.Allahverdiyevanın psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub.

Zərərçəkmişlər ekspert rəyinə etiraz ediblər və onlar təqsirləndirilən şəxs barəsində təkrar stasionar məhkəmə-psixatrik ekspertizası təyin edilməsini istəyiblər.

Prokuror bildirib ki, zərərçəkmişlərin nümayəndəsinin qaldırdığı vəsatətdə H.Allahverdiyevanın anlaqsız olması barədə qeyd olunanlar mülahizələrdən ibarətdir: "Vəsatət əsaslandırılmayıb. Buna görə də təmin edilməməsini xahiş edirik".

Təqsirləndirilən şəxsin vəkili Ceyhun Yusifov bildirib ki, bu iş kifayət qədər araşdırılıb. Onun bildirdiyinə görə, təkrar ekspertizanın təyin edilməsinə əsas yoxdur: "Bu işin uzadılmasına xidmət edir. Buna görə də zərərçəkmişlərin nümayəndəsinin vəsatətinin təmin edilməməsini xahiş edirəm".

Müşavirə keçirən hakimlər zərərçəkmişlərin nümayəndəsinin vəsatətini təmin edib və H. Allahverdiyevanın barəsində təkrar stasionar məhkəmə-psixatrik ekspertizasının təyin edilməsi barədə qərar açıqlayıb.

Ekspertiza rəyinin cavabı alınanadək proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İttihama görə, H. Allahverdiyeva bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. O, şirkət yaratmaq adı ilə vətəndaşları aldadıb və onların külli miqdarda pulunu ələ keçirib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara ümumilikdə 1 milyon 200 min manat miqdarında ziyan dəyib.

H.Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR