Binəqədidə binada baş verən yanğınla bağlı cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edərək məhkəmə iclas protokollarında bəzi imzaların olmadığını deyiblər və işin yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasını istəyiblər.

Məhkəmə vəsatəti təmin edib və iş birinci instansiya məhkəməsinə qaytarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən, "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudovun 3 il rəhbər vəzifə tutmaq hüuqundan məhrum edilməklə 8 il illik azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər - Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyənləşib.

Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin əmlakının müsadirə olunmasını tələb etməsə də, məhkəmə öz təşəbbüsü ilə dövlətə dəyən 8,7 milyon manatlıq ziyanın qarşılığında həmin şəxslərin əmlaklarının müsadirə olunması haqda qərar çıxarıb.

Zərərçəkmişlərin mülki iddiaları isə baxılmamış saxlanılıb. Uğur Bəşirovun atasından qalan evin, M. Mahmudovun torpaq sahələri, mənzilləri və digər təqsirləndirilənlərin əmlaklarının müsadirə olunmasına qərar verilib.

İbtidai istintaq zamanı bu şəxslərin əmlaklarına həbs qoyulsa da, dəyəri müəyyən olunmayıb.

Xatırladaq ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan "poliuretan" məmulatını istehsal edən "Qlobal Stone" və "Global Constuction" MMC təsisçisi Miryusif Mahmudov, "Qlobal Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, "Global Construction" MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR