"Qaçqınkom"un ev vermək adı ilə köçkünlərin pulunu mənimsəyən vəzifəli şəxsinin məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. G. Muxtarova ittihama münasibət bildirərək, özünü təqsirli bildiyini deyib. Sonra zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəmiş Balakişi Behbudov bildirib ki, G. Muxtarovaya övladlarını mənzillə təmin etmək üçün pul verib: "Bu qadın 20 ildir ki, komitədə bizim işlərimizə baxıb. "Ümid" qəsəbəsində mənzillər vardı, siyahı tutmuşdular. Biz isə siyahıda yox idik. Bu qadın mənə dedi ki, hər iki oğlumun adına oradakı mənzillərdən ev verəcək. Buna görə hər bir oğlumun adına 4 min manat pul verdim. Bundan sonra isə bu qadın yoxa çıxdı. Mən istəyirəm ki, heç olmasa pulumuzun bir hissəsi qaytarılsın".

Digər zərərçəkmiş Kamal Qasımov isə Qubadlıdan məcburi köçkün olduğunu, Saray qəsəbəsində yaşadığını deyib. Onun sözlərinə görə, təqsirləndirilən şəxs hər zaman onlara yaxşı münasibət göstərib, arayış və digər məsələlərini həll edib: "Kirayədə yaşayırdıq. Eşitdik ki, mənzil verilir. Biz də adımızı siyahıya saldırmaq üçün 4500 manat pul verdik. Bunun müqabilində bizə 3 otaqlı mənzil verilməli idi".

Zərərçəkmiş Yaqub Qarayev isə Laçın rayonundan məcburi köçkün olduğunu deyib və mənzil üçün təqsirləndirilən şəxsə 19 min manatdan çox pul verdiyini qeyd edib.

Proses martın 28-də davam etdiriləcək.

Qeyd edək ki, ötən ilin martında Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakişi Behbudov, Yaqub Qarayev, Kamal Qasımov və digərlərinə qarşı dələduzluq etmiş Bakı şəhər sakini Gülnarə Muxtarova saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun ümumilikdə 30 nəfəri aldadaraq onlardan 139 000 manat alması müəyyən edilib. O, həmin şəxslərə Qaradağ rayonu "Ümid" qəsəbəsində məcburi köçkünlər üçün tikilən binalardan mənzil verəcəyini deyib. Bu yolla, onların adını siyahıya salmaq üçün külli miqdarda pul alaraq, dələduzluq edib.

G. Muxtarova Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunda Dövlət idarələri və ictimai xidmət işçilərinin Həmkarlar İttifaqının Qaradağ rayon şöbəsinin sədri vəzifəsində çalışıb. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR