Zərərçəkən: Akif Çovdarov məndən üç dəfə pul alıb - YENİLƏNİB

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.  Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Nəsib Əliyev və Əflatun Kərimov ifadə verib. Hazırda həbsdə olan və dələduzluq maddəsi ilə ittiham olunan N. Əliyev deyib ki, A. Çovdarov ondan üç dəfə pul alıb. O, A. Çovdarovun otağının harada yerləşməsi barədə suala cavab verə bilməyib.

A. Çovdarovun vəkilləri isə onun istintaq zamanı verdiyi ifadəsində otağın yerini dəqiq təsvir etdiyini deyiblər və ziddiyyət olduğunu bildiriblər. N. Əliyev istintaq zamanı verdiyi ifadəni təsdiq edib.

Zərərçəkmiş Ə. Kərimov ifadəsində deyib ki, ona hər hansı maddi ziyan dəyməyib. Bildirib ki, onu bir gün MTN-də saxlayıblar. O, özünü zərərçəkmiş hesab etmədiyini, ondan nəsə tələb olunmadığını deyib.

Proses fevralın 15-də davam edəcək.

***

Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zakir Mustafayev ifadə verib. O, bildirib ki, Akif Çovdarovla şəxsi tanışlığı olmayıb:"Mən onu yerlim kimi tanımışam. Lakin Zakir Bədəlovun mənə borcu olması haqqında onunla görüşməmişəm və pulumu Zakir Bədəlovdan almasına kömək etməsini xahiş etməmişəm". Z. Mustafayev Zakir Bədəlovun ona 500 min dollar borcu olduğunu, həmin puldan 270 min dollar qaytardığını, qalan pulu isə qaytarmadığını deyib. 

Proses günün ikinci yarısında davam edəcək.

Z. Bədəlov isə istintaq zamanı ifadəsində deyib ki, qohumu Zakir Mustafayevdən faizə 100 min dollar pul alıb. O, istintaqa deyib ki, aldığı pulu 125 min dollar olaraq geri qaytarıb. 

Onun sözlərinə görə, qohumu, Gürcüstan vətəndaşı Zakir Mustafayev onu MTN vasitəsi ilə hədələyərək əlavə 150 min, daha sonra isə 200 min tələb edib: "Qohumum Zakir Mustafayev evimin birinci mərtəbəsində kafe açmağı təklif etdi. Mənə borca pul verdi. 2006-cı ildə 60 min, bir neçə ay sonra 30 min dollar verdi. İşləri tamamlaya bilmədiyim üçün əlavə 10 min dollar da verdi. Zakir Mustafayev pulları ayına 5% olmaqla qaytarmamı istədi. Mən də razılaşdım. Zakir Mustafayev dedi ki, Bakıxanov qəsəbəsindəki evini tikəndə ona 150 min dollar verərəm. Zakir Mustafayev ona verəcəyim pulu dayısı oğlu Abdul Həbibova verməyimi istədi. 125 min dollar Abdul Həbibova verdim. Sonra o zəng edərək yenidən məndən 150 min tələb etdi. Vermədikdə Zakir Mustafayev məni silahla hədələdi. Mən bankdan kredit götürüb o pulu da verdim. Sonra məni MTN-dən Səlim Məmmədov çağırdı. Qoşum Tofiq Əliyev dedi ki, Səlim Məmmədovun yanına gedim. Mənə deyildi ki, Zakir Mustafayevə 200 min borcum var. Onu ödəməsəm ölkədən deportasiya ediləcəm. Şəxsiyyət vəsiqəmi əlimdən aldılar. Akif Çovdarov da mənim qohumumdur. Mən prrzidentə müraciət etdikdən sonra yenidən şəxsiyyət vəsiqəsi aldım".

Qeyd edək ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR