Azərbaycan beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yer alan mühüm ölkə rolunda

Bakı-Tbilisi-Ceyhan əsas neft kəməri layihəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi də regionda gərginlik yaratmaq istəyən güc mərkəzlərinin hər zaman maraqlarına zidd olub. Həmin layihələrin birbaşa təşəbbüskarı və iştirakçısı olan Azərbaycanın onların reallaşması nəticəsində lider dövlətə çevrilməsi, regionda söz sahibinə çevrilməsi bəlli dairələri hər zaman narahat edib. Ona görə də zaman-zaman bu layihələrin gerçəkləşməsinə əngəl olmağa çalışılıb. Baxmayaraq ki, artıq həmin layihələr reallaşaraq icra vəziyyətini alıb, ancaq buna rəğmən hələ də əngəllər qalmaqdadır. Müstəqil ekspert Kamran Sultanlı isə deyir ki, adları qeyd edilən, eləcə də Azərbaycanın təşəbbüskarı və iştirakçısı olan digər layihələr təkcə bizim ölkəmiz üçün deyil, eləcə də qonşu respublikalar, həmçinin Avropa üçün əhəmiyyətli olduğundan bu kimi layihələrə qarşı maneçilik yaratmaq da doğru yanaşma deyil. O, qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu lahiyəsi, iqtisadi layihədən öncə, həm də geosiyasi önəm daşıyır: "Bu gün Avrasiya məkanında qlobal əhəmiyyətli nəqliyyat-telekommunikasiya layihələri həyata keçirilir, bunlarla bağlı müxtəlif strategiyalar hazırlanır. Bakı-Tbilisi-Qars layihəsinin ölkəmiz üçün olduqca mühüm əhəmiyyəti var. Bu layihə həm Qərbin, həm də Şərqin diqqət mərkəzindədir. 

Avrasiyada bu gün Hindistan, Çin, İran, Pakistan kimi ölkələr nəqliyyat layihələrində iştirak edir və ya özü yaradıcı kimi çıxış edir. Təbii ki, bu layihələr arasında biz Çinin "Bir kəmər, bir yol" layihəsini xüsusi qeyd etməliyik". Ekspert deyib ki, Pekin bu layihə ilə Avropaya gedən okean (Sakit-Hind-Atlantik) və Şimal yoluna qarşı quru yolu ilə alternativ yaratmağa çalışır: "Pekin həm də özünün struktur ekspansiyasını da həyata keçirməyə çalışır. Təbii ki, bu layihədə əsas halqa rolunu oynayan Azərbaycan və onun Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. BTQ yükdaşımalarda xüsusi rola malik olacaq. Çinin digər önəmli layihəsi isə Pakistanla birlikdə həyata keçirməyə çalişdığı Hind Okeanına çıxan dəhlizin genişləndirilməsidir. Hindistan qlobal iqtisadiyyatda, sürətlə gücünü artıran və dünya iqtisadiyyatında yaxın gələcəkdə hegemonluğa əsas namizəd olan dövlətlərdəndir. Hindistan, Hind okeanı üzərində böyük bir liman inşa etmək istəyir. Bu liman İran üçün də önəmlidir. İran uzun illərdir Hind okeanında böyük liman inşa etmək istəyir. Lakin buna maliyyəsi çatmır. İranın liman infrastrukturu, Fars körfəzində cəmlənib. Bununla bağlı İran və Hindistan arasında danışıqlar gedir. Hindistan bunun üçün 12 milyard dollar maliyyə ayırıb. Hindistanda bu limanın tikintisinə dövlətdən başqa, bu ölkənin ən varli iş adamı Mukes Ambani, Raj Rao da investisiya yatırıblar. Bu limanın inşası Modi administrasiyasının prioritet elan etdiyi bir layihədir". Kamran Sultanlı bildirib ki, rəsmi Dehli bu layihə ilə Pakistanın, Hind okeanında mövqeyini zəiflətməyə çalışır. Onun sözlərinə görə, bu liman tikintisində Rusiya da iştirak edir: "Regionda Rusiya-Hindistan-İran üçlü formatı formalaşır. İranla Azərbaycan arasında "Astara-Rəşt" dəmiryol xəttinin tikintisindən sonra faktiki Azərbaycan bu istiqamətdə əsas kommunikativ dövlətə çevriləcək. 

Bu, formatın qarşısında maneə Birləşmiş Ştatlardır. Vaşinqton bu layihənin qarşısını almağa çalışır. ABŞ-ın avropalı müttəfiqləri də regionda bu istiqamətdə Vaşinqtonla birgə hərəkət edirlər. Vaşinqtonun Orta Asiyada genişlənməsinin kökündə bu faktor dayanır. Almaniya da bu məsələdə, ABŞ-la birgə hərəkət edir. Almaniyanın Orta Asiyada fəallaşmasının əsas səbəblərindən biri də Rusiya-Hindistan-İran üçlüyünü qapatmaqdır. "Bakı-Tbilisi Qars" layihəsi də bütün bu geosiyasi rəqabətin içərisində xüsusi yerə malik olmaqla, Azərbaycan üçün geosiyasi təhdidlərin qarşısını almağa söykənib. Layihənin önəmi həm də ondadır ki, artıq Rusiya belə bu layihədən istifadə etmək istəyir. Bəli vaxtilə layihənin həyata keçməsinə qarşı olan Moskva indi bu layihədə iştirak etmək istəyir. Lakin Gürcüstan hələlik buna qarşı çıxır". 

Ekspert hesab edir ki, Bakı-Tbilisi-Qarsın digər bir önəmi layihəyə NATO-nun açıq dəstək verməsidir: "NATO baş katibi Yens Stoltenberq aprelin 4-ü Vaşinqtonda keçirilən sonuncu zirvə toplantısında BTQ-nin xüsusiliyini qeyd etdi və bu layihənin NATO üçün önəmli olmasını vurğuladı. BTQ gələcəkdə NATO üzvü olan Türkiyənin Azərbaycana hərbi-logistik dəstək verməsi baxımından mühüm əhəmiyyətə malik olacaq. Layihə iqtisadi dividentdən əlavə, Azərbaycanın Şərq-Qərb geosiyasi rəqabəti içərisində əsas geosiyasi mərkəzə çevrilməsi və ölkə təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir. Bu baxımdan bu layihə gələcəyə hesablanmış və geosiyasi olaraq bizim üçün olduqca böyük rola malik qlobal layihədir".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR