2 milyon sevinc- Şərh

İqtisadi sahədə əldə edilən uğurlar sosial sferaya yönəldilir

2019-cu ilin sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən Prezident İlham Əliyevin təqdim etdiyi yeni uğurlu sosial paket bu bəyanatın daha bir real təsdiqi və sosial sahədə yeni inqilabi addımlar olmaqla, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində növbəti ciddi irəliləyişlərə imkan verib. Dövlət başçısının 18 iyun 2019-cu il tarixdə imzaladığı Sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olunub. Belə ki, "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 18 iyun 2019-cu il tarixli Sərəncama əsasən, ölkədə minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq ki, bununla həm də minimum əməkhaqqının məbləği yaşayış minimumunu (180 manat) 40 faiz üstələmiş olacaq. Bu, 2019-cu il ərzində dövlət başçısının tapşırığı ilə minimum əməkhaqqında edilən artıq ikinci ciddi artımdır. Belə ki, hələ bu ilin ilk aylarında Prezident İlham Əliyevin sosial islahatlar proqramının tərkib hissəsi kimi, 8 fevral 2019-cu il tarixli Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmışdı. Göründüyü kimi, cari il ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılmasına nail olunur ki, bu da mühüm sosial uğur kimi əhalinin rifahına ciddi dəstək deməkdir.

Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, 2019-cu il tarixə Azərbaycanda sosial müdafiənin gücləndirilməsi ili kimi düşüb: "Əgər diqqətlə aparılan işlərə nəzər yetirsək görərik ki, minimum əmək haqqı bu ilin əvvəlində 130 manat həcmində idi. Prezidentin sözügedən son sərəncamı ilə 250 manata qədər artırıldı. Bir il ərzində minimum əməkhaqqı demək olar 2 dəfəyə qədər qaldırılıb. Beləliklə, atılan bu addımların hər birində vətəndaşların rahatlığı ön plana çəkilib. Müəllimlərin, elmi işçilərin, hərbi qulluqçuların, digər srtrukturlarda çalışan şəxslərin əməkhaqqının artırılmasına xüsusi diqqət yetirilir". Hadı Rəcəbli xatırladıb ki, tarif cədvəlinin 19 qrafası var və minimum əmək haqqı 250 manata yüksəldikdə bütün qrafalar üzrə artım baş verir: "Parlamentdə biz bir sıra paket sənədlər, cənab prezidentin daha bir neçə addımlarını da gözləyirik. Düşünürəm ki, bu addımlar ilin sonuna qədər reallaşacaq. Hər bir halda bütün tədbirlər vətəndaşların rifah halının yaxşılaşmasına xidmət edəcək. Mən ölkə başçısına öz minnətdarlığımı bildirirəm. Sosial müdafiə sistemi ilə uzun illər məşğul olan deputat kimi görülən işlərin maştabını dərk edirəm. Bütün bunların vətəndaşın güzəranının yaxşılaşmasına xidmət edəcəyinə əminəm".

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli qeyd edib ki, ölkəmizdə bütün sahələrdə çalışan işçilərin, xüsusilə, elm və təhsil sahəsində çalışan şəxslərin əməkhaqqının artırılması çox müsbət addımdır: "Bu sahədə həyata keçirilən artdıcıl siyasət Azərbaycan dövlətinin elm və təhsil işçilərinə diqqət və qayğısıdır. Bütün islahatlar, əməkhaqlarının artırılması haqqında sərəncamlar inkişafa xidmət edir. Birdən-birə artımın 40 faiz müəyyən olunması indiyə qədərki bəlkə də ən yüksək göstəricidir. Belə irihəcmli artımın baş verməsi həm də Azərbaycanın iqtisadi uğurlarının nəticəsidir. Deməli, ölkə başçısının iqtisadi islahatları böyük bəhrəsini göstərib. Mən ölkənin bütün ziyalıları adından prezident İlham Əliyevə minnətdarlıığımı bildirirəm. Əmin edirəm ki, xüsusilə elm və təhsil işçiləri bunu yüksək qiymətləndirərək, daha yeni hədəflərə istiqamətlənəcəklər".

Qeyd edilməlidir ki, hər il vətəndaşların əməkhaqlarının, pensiyaçıların təqaüdlərinin, aztəminatlı ailələrə, şəhid ailələrinə, Qarabağ əlillərinə, eyni zamanda sağlamlığın məhdud olan vətəndaşlara verilən sosial müavinətlərinin artırılması da buna olan bariz sübutdur. Bu, Azərbaycanda insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan zəruri addım kimi qiymətləndirilir. Bu baxımdan, Prezident İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının böyük dərəcədə artırılması barədə iyunun 18-də imzaladığı sərəncamlar dövlətimizin həyata keçirdiyi sosial siyasətin inqilabi xarakter daşıdığını əyani şəkildə göstərir.

Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədilə Prezident tərəfindən minimum əməkhaqqının məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb. Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu ilin sentyabr-dekabr ayları üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq. Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir. İyunun 18-də imzalanan 17 sərəncam ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir. Ümumilikdə dövlət başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu sərəncamlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR