Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycanın hərtərəfli inkişafına zəmin yaratdı

Rasim Süleymanlı: "Dövlət Proqramlarından respublikanın hər bir bölgəsinə, şəhərinə, rayonuna, hətta ucqar dağ kəndinə belə pay düşüb"

Hər bir ölkənin inkişafını şərtləndirən başlıca amillərdən biri də həmin ölkənin regionlarının inkişafına zəmin yaratmaq, buna nail olmaqdır. Azərbaycan da bu mənada istisna deyil. Ölkəmizin bu günkü sürətli inkişafını şərtləndirən başlıca amillərdən birinin də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı olduğunu desək yanılmarıq. Artıq 15 ildir ki, uğurla icra edilən bu proqramlar Azərbaycan simasını tamamilə dəyişib. Elə  iqtisadçı ekspert Rasim Süleymanlı da bu qənaətdədir. "OLAYLAR" verdiyi müsahibədə Rasim Süleymanlı ilə ötən illər ərzində Dövlət Proqramları çərçivəsində görülən işlərə nəzər saldıq.

-Rasim müəllim, məlumdur ki, ölkədə 15 ildən artıqdır Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra edilir. Sizcə, bu proqramların qəbulu hansı zərurətdən meydana gəldi?

-Əvvəla, onu qeyd etmək yerinə düşər ki, bir ölkənin inkişafı, tərəqqisi yalnız həmin ölkənin malik olduğu yeraltı və yerüstü sərvətlərlə bağlı deyil. Düzdür, bu və ya digər ölkənin inkişafını, tərəqqisni şərtləndirən amillərdən biri də məhz qeyd etdiyim kimi onun malik olduğu yeraltı və yerüstü sərvətlərdir. Ancaq bununla paralel olaraq hər bir ölkədə düşünülmüş, məqsədyönlü siyasətin də həyata keçirilməsi olduqca vacibdir, zəruridir. Çünki ölkədə uğurlu və məqsədyönlü siyasət keçirilmədiyi təqdirdə, həmin ölkənin inkişafından danışmaq yersizdir, mənasızdır. Hətta, dünyanın ən çox yeraltı və yerüstü sərvətlərinə malik olsa belə, dövlətin siyasəti düzgün istiqamətdə qurulmadığı halda, o dövlət inkişaf edə, irəli gedə bilməz. Dünya ölkələrinə nəzər yetirdikdə dediklərimiz öz əyani təsdiqini tapır. Bu gün elə ölkələr, dövlətlər var ki, həmin ölkələrin yeraltı və yerüstü sərvətləri Azərbayvandan qat-qat çoxdur. Bu danılmaz faktdır. Ancaq, diqqət edək, görək o ölkələrdə inkişaf varmı? Təbii ki, yox. Bunun da başlıca səbəbi yuxarıda qeyd etdiyim kimi dövlətin siyasətinin düzgün qurulmamasıdır. Ancaq tam əminliklə deyə bilərik ki, bu mənfi tendensiyanı Azərbaycan üçün söyləmək olmaz. Daha dəqiq desək, istər yeraltı və yerüstü sərvətlərə malik olmaq, istərsə də dövləti düzgün istiqamətdə idarə etmək baxımından Azərbaycanın bəxti gətirib. Müstəqil illərindən sonra ölkəmizin zəngin neft və qaz yataqlarında işlərin aparılması, bu prosesə xarici sərmayədarların cəlb edilməsi etiraf etmək lazımdır ki, kifayət qədər çətin idi. Çünki, ölkədə hələ də tam mənada sabitlik yox idi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin bu istiqamətdə apardığı siyasət, xarici şirkətlər, ayrı-ayrı dövlətlər apardığı danışıqlar Azərbaycanda maraqları olan bəzi ölkələri qane etmirdi və onlar imkan düşdükcə Azərbaycan dövlətçiliyini sarsıltmağa çalışırdılar. Ancaq dərin siyasi təcrübəsi olan Heydər Əliyev bütün bu çətinlikləri, təhlükələri aradan qaldırmağa müvəffəq oldu və beləliklə, 1994-cü il, sentyabr ayının 20-də "Əsrin müqaviləsi" imzalandı.  Əslində sualınızın cavabı olaraq belə deyərdim ki, məhz "Əsrin müqaviləsi"nin imzalanması ilə regionların sosial-iqtisadi inkişafının bünövrəsi atılmış oldu. Qısa vaxtdan sonra ölkəyə daxil olan neft gəlirlərinin regionların inkişafına yönəldilməsi, xüsusilə əhalinin həssa təbəqəsi sayılan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına sərf edilməsi öz-özlüyündə regionların sosial-iqtisadi inkişafına yol açırdı. Çadır şəhərçiklərini yeni salınan qəsəbələrin əvəz etməsi, həmin ərazilərdə infrastrukturun yaradılması bu və ya digər regionun inkişafına zəmin yaradırdı.

-2004-cü ildən icrasına başlanan Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı isə regional inkişafın davamı, eləcə də  bir növ hüquqi baza rolunu oynadı deyə bilərikmi?

-Tamamilə doğru buyurursunuz.  2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq ölkə prezidenti seçilən Cənab İlham Əliyevin qarşısında duran əsas vəzifələrdən biri də regionlarda başlanan inkişafı sürətləndirmək, onu yeni bir mərhələyə çatdırmaq idi. Ölkədə nə qədər inkişaf meyilləri nəzərə çarpsa da, lakin ümumi nəticə heç də qanedici deyildi. Eyni zamanda regionlardakı inkişaf mövcud potensiala adekvat deyildi. Ona görə də Cənab Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını təsdiq etdi və ilk Dövlət Proqramının icrasına 2004-cü ildən başlandı. Əslində, dövlət başçısı belə bir sənədin qəbul ediləcəyi, regional inkişafın yeni bir mərhələyə qədəm qoyacağının anonsunu hələ prezident kimi andiçmə mərasimi zamanı vermişdi. Cənab Prezidentin andiçmə mərasimi zamanı tezliklə ölkədə 600 min yeni il yerinin açılacağı barədə söylədiyi fikirlər onu deməyə əsas verirdi ki, ölkədə iqtisadi və sosial sahədə kompleks tədbirlər, islahatlar həyata keçiriləcək. Elə Regionların 2004-2008-ci illər sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi də bunun əyani sübutu idi.

-Bəs, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycana nə verdi?

-Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycanın hərtərəfli inkişafına zəmin yaratdı, təkan verdi. Dövlət Proqramlarının bir müsbət cəhəti, xüsusisyyəti ondan ibarətdir ki, indiyə qədər qəbul edilən heç bir proqramda konkret bir sahənin inkişafı özünü ehtiva etməyib. Dövlət Proqramlarında bütün sahələrin inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub, bu istiqamətdə tədbirlərin həyata keçirilməsi, işlərin görülməsi sistemləşdirilib. Bölgələrdə yeni iş yerlərinin açılmasında tutmuş, əhalinin kommunal problemlərinin həlli, onların elektrik enerjisi, təbii qaz. Içməli su ilə təminatı, yol infrastrukturunun yeniləşdirilməsi, müasirləşdirilməsi, təhsil və səhiyyə sahəsində komleks tədbirlərin həyata keçirilməsi, eləcə də digər vacib nüanslara qədər hər bir detal Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında öz əksini tapıb və ötən illər ərzində qeyd edilən istiqamətlərdə zəruri addımlar atılıb, tədbirlər görülüb. Dövlət Proqramının ilk mərhələsində görülən işlər sırasında ən mühümü kimi Cənab Prezidentin andiçmə mərasimində söylədiyi fikirlərin reallığa çevrilməsini göstərə bilərik. Belə ki, dövlət başçısı tezliklə 600 min iş yerinin açılacağını söyləyən zaman çoxları buna şübhə ilə yanaşır, reallaşması qeyri-mümkün olan bir hal kimi dəyərləndirirdilər. Ancaq zaman göstərdi ki, iş olan yerdə nəticə də var və qarşıya qoyulan hədəflərə çatmaq mümkündür. Beləliklə, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəcində bölgələrdə yeni iş yerləri açıldı, əhalinin işsizlik problemi tədricən aradan qalxdı. Yerli və xariciu sərmayələrin paytaxtla yanaşı, bölgələrə də yönləndirilməsi, ayrı-ayrı şəhər və rayonlarda yeni istehsal və emal müəssisələrinin açılmasına gətirib çıxardı ki, bu da nəticə etibarilə məşğulluğun səviyyəsinin artması və işsizlik probleminin aradan qaldırılmasına imkan yaratdı. Artıq rayon sakini iş axtarmaq üçün paytaxta, yaxud Azərbaycandan kənara, xüsusilə də şimal qonşumuz olan Rusiya Federasiyasına üz tutmaq barədə düşünmürdü. Əksinə əvvəlki illərdə paytaxt Bakı və ölkə xaricinə iş dalınca gedən vətəndaşlarımız yaşadığı bölgədə yeni iş yerlərinin açılmasından dolayı öz elinə-obasına qayıdırdı.

-Ötən 15 il ərzində Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası onu deməyə əsas verirmi ki, bu proqramlardan respublikanın hər bir bölgəsinə pay düşüb?

-Tamamilə doğru buyurursunuz. 2004-cü ildən etibarən uğurla icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarından respublikanın hər bir bölgəsinə, şəhərinə, rayonuna, hətta ucqar dağ kəndinə belə pay düşüb. Bütün bunların həmin şəhər və rayonların, kənd və qəsəbələrin inkişafı fonunda görmək mümkündür. Qeyd edim ki, işimlə əlaqədar olaraq hərdən respublikanın regionlarına, şəhər və rayonlarına səfərlərimiz olur. Respublikanın hər bir bölgəsində biz bu inkişafın, tərəqqinin şahidi oluruq. İstər Aran, istər dağ rayinları, istər şimal, istərsə də cənub bölgəsi, bir sözlə respublikanın hər bir bölgəsində sürətli inkişaf göz oxşayır. Təbii ki, bu inkişafın, tərəqqinin təməlində isə 2004-cü ildən uğurla icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları dayanır. Mən bir məqama, Dövlət Proqramlarının turizmin inkişafına verdiyi töhfələrə də toxunmaq istərdim. Regional proqramların icra edildiyi ötən 15 il ərzində ölkəmizin turizm potensialı da kifayət qədər artıb. Dövlət Proqramlarının icrası müddətində turizm istirahət zonalarında yaradılan şərait, yol infrastrukturunun yaxşılaşdırılması, bölgələrdə yeni mehmanxa və otellər, istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi Azərbaycanın bir turizm ölkəsi kimi tanınmasına da zəmin yaradıb. Bu gün istənilən turizm rayinuna,  bölgəsinə səfər etdiyimizdə bunun əyani şahidinə çevrilirik. Sevindirici hal ondan ibarətdir ki, regionlarda xüsusilə xarici turistlərə daha çox rast gəlirik. Bu da öz-özlüyündə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla nəticələrinin göstəricisidir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR