Regionlarda yol infrastruktur layihələri uğurla icra olunur

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı Azərbaycanı dinamik inkişaf etdirir. Regional propramlar ölkəmizin bütün istiqamətlərdə hərtərəfli inkişafına zəmin yaradır. Bölgələrimizin dəyişən siması onu göstərir ki, Regionların sosial-iqtisadi inkişafına dair bugünə qədər reallaşdırılan üç Dövlət Proqramında qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib. 2019-2023-cü illəri əhatə edən sayca dördüncü Dövlət Proqramı da müvəffəqiyyətlə icra edilməyə başlayıb. Burada əsas diqqət ASK və sənayeləşmə sahələrinə yönəldilib. Regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm işlər aparılır. Dövlət Proqramı regionlarda əhalinin məşğulluğunun təmin olunmasında əhəmiyyətli rol oynayır. Bu isə nəticə etibarilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Əhalinin rifah halı yaxşılaşdırılır və yoxsulluq azalır. Bununla yanaşı Azərbaycanın iqtisadi inkişafı son illərdə ölkəmizi xarici işçi qüvvəsi üçün cəlbedici etmişdir və ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olmaq istəyən xarici işçi qüvvəsinin sayı artmaqdadır. Əhalinin iş yerləri ilə təmin olunmasında şəhər və rayondaxili müasir yol-nəqliyyat infrastrukturu, bölgələrimizdə magistral yolların tikintisi və yenidən qurulması, əhəmiyyətli rol oynayır. Çünki burada yetərli qədər işçi qüvvəsinə ehtiyac yaranır. Ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradır. Müasir standartalar cavab verən yol infrasdtrukturu insanların rahatlığını təmin etməlkə yanaşı iqtisadi inkişaf üçün də mühüm amildir. Bu minvalla regionlarda nəqliyyat sisteminin davamlı inkişaf etdirilir, nəqliyyat sektorunun, o cümlədən nəqliyyat xidmətləri bazarında rəqabət mühiti daha da təkmilləşdirilib, ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun daha da inkişaf edib və regionlarda magistral yolların tikintisi və yenidənqurulması, xüsusi ilə kənd yollarının tikintisi, əsaslı təmiri göz önündədir.

Bu yaxınlarda M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəd avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan və 92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilməyə başlayıb.

Yeni avtomobil yolunun tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına şərait yaradacaq. Yeni yol  4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək.Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton çəpərlərin, beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 m olmaqla) nəzərdə tutulur. Yeni magistral yolun keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşir əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Əsas qəsəbə və rayon mərkəzlərindən isə magistrala giriş-çıxış yolları çəkiləcək. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur. Layihə 4 lotdan ibarətdir. 1-ci lot yeni yolun 0-29.9, 2-ci lot 29.9-53.5, 3-cü lot 53.5-73.5, 4-cü lot isə 73.5-92-ci km-lik hissələri əhatə edir. Hazırda işlər 1-ci və 2-ci lot üzrə aparılır. Layihənin və 1-ci lotun başlanğıcı mövcud M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km-lik (7 km) hissəsinə düşməklə tikinti işləri yeni yolun 30-cu km-nə kimi aparılır. Aparılan tikinti işləri çərçivəsində beton yolda mövcud sement-beton örtüyü sökülüb sahədan kənarlaşdırılıb, köhnə asfalt frezlənib. Həmçinin layihə boyu yararsız material qazılıb çıxarılıb, geri dolğu işləri aparılıb, beton yolda, həmçinin yeni yolun qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülüb. Beton yolda yol geyiminin tikintisi işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, yol geyimi üst qatına qədər tikilib. Yeni layihələndirilən yolun isə 7-10, 25-29-cu km-lik hissələrində hamarlayıcı lay, əsas lay və asfalt-beton örtüyün 1-ci qatı tikilib. Layihə üzrə nəzərdə tutulmuş suötürücü və ehtiyat boruların 305 paqon-metri artıq quraşdırılıb, kommunikasiya xətlərinin köçürülməsi isə 98% yerinə yetirilib. Layihənin 2-ci lotu üzrə hazırda işlərin yeni yolu 30-38 və 41-47-ci km-lik hisəsində aparılır. Lot boyu yararsız material qazılıb çıxarılır, geri dolğu işləri aparılır, qruntun zəif olduğu yerlərində qaya dolğu işləri görülür. Yeni magistral yolun sözügedən hissəsində artıq 28 suötürücü boru və 1 yeraltı keçid inşa edilib, 2 borunun tikintisi və 4 tunelin inşası isə davam edir. Yeni yolun sözügedən hissələrində 2 yol qovşağı, 1 yol ötürücü, 1 kanal körpüsü, 9 avtomobil tuneli, 1 yeraltı keçid, 74 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton suötürücü boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 000 paqon-metr beton baryerlərin tikilməsi nəzərdə tutulub.Yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Şabran rayonu Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla da H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər uzanacaq yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək.Ümumilikdə sözügedən hissədə 8 qovşaq və yol ötürücü körpünün, 16 hidravlik və kanal körpüsünün, kəndlərarası düzbucaqlı 2 yolaltı keçidin, 3 kiçik düzbucaqlı boru və 190 m uzunluğunda müxtəlif diametrlərdə dairəvi beton suötürücü borular, həmçinin 2708 m uzunluğunda, 500 mm diametrdə dəmir borular və digər beton qurğularının tikintisi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi icra olunub. Tikinti işləri layihənin 157-192 km-lik (35km) hissəsində görülüb və bu hissəsində qazma və dolğu işləri tamamlanıb. Bu hissədə yol geyimi işləri, yəni  hamarlayıcı lay, əsasın alt layı və əsas lay işləri görülüb, asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Paralel olaraq yolun 137-192 km-lik (55km) hissəsində layihə çərçivəsində həmçinin su ötürücü və drenaj işləri görülüb, alt və ehtiyat keçidləri tikilib. Hazırda ərazidə torpaq dolğusu işləri aparılır. Bundan başqa layihə çərçivəsində nəzərdə tutulan 24 körpüdən 6-da işlər tamamlanıb,  4 körpüdə tamamlanma işləri və 7-də isə geoloji qazınti işləri, svay vurma işləri və s. tikinti işləri qismən görülüb.  

Respublikamızda düşünülmüş, uğurlu siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır. Dövlət başçımız vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, onların rifahına hər zaman xüsusi diqqət ayırır. Bunun nəticəsidir ki, ölkədə avtomobil yolları yenidən qurulur və yolların reabilitasiyası istiqamətində davamlı olaraq işlər həyata keçirilir. Təkcə onu qeyd etmək lazımdır ki, ötən il  90 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Bu layihələrin həyata keçirilməsi 2,2 mln əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edib. Göründüyü kimi  2019-ci ildə də bu istiqamətdə işlər davam etdirilir və kəndlərarası, qəsəbələrarası avtomobil yollarının tikintisi olmaqla ümumilikdə 50-dən artıq yol infratsrukturu layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulub. Görülən işlər regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin simasının dəyişdiyini ortaya qoyur. Ölkənin dinamik və kompleks şəklində inkişafının, həmçinin beynəlxalq müstəvidə möhkəmlənməsinin təməlində düşünülmüş uğurlu daxili və xarici siyasət dayanır. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR