Neft qiymətləri kəsin aşağı düşə bilər?

Pərviz Heydərov: "Heç bir çaşqınlığa əsas yoxdur"

Ölkəmizin dövlət büdcəsində bu il üçün neftin baza qiyməti 60 dollar götürülüb. Qiymətlər bundan aşağı düşsə də belə, cari il üçün heç bir qorxusu yoxdur"

2015-2016-cı ilin neft böhranından etibarən dünya bazarlarında bu məhsulun qiymətini sabit saxlamaq olmur. Artıq bir neçə ildir ki, bazarlarda neftin qiyməti hər dəqiqə, saniyə belə dəyişir. Düzdür, dünya bazarlarında neft qiymətlərinin oynaması, aşağı və ya yuxarı qalxması əslində normal qəbul edilməlidir və burada hansısa bir səbəb axtarmağa dəyməz. Onu da qeyd edək ki, sözügedən böhrandan əvvəl də dünya bazarlarında neftin qiymətləri müntəzəm olaraq dəyişib. Ancaq o da faktdır ki, bu dəyişikliklər bir neçə il əvvəl qeydə alınan təhlükəli həddə olmayıb. Hazırda da 2015-2016-cı il böhranından başlayaraq qeyri-sabit olan neft qiymətləri tez-tez, özü də nəzərə çarpacaq dərəcədə dəyişir, aşağı düşür. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, dünya bazarlarında hər dəfə neft qiymətləri ciddi şəkildə dəyişəndə Azərbaycanda süni şəkildə bir ajiotaj yaradılır. Hansısa maraqlı qüvvələr, müəyyən çevrələr dərhal belə bir ab-hava yaratmağa çalışırlar ki, neftin qiymətinin aşağı düşməsi ölkədə dolların manata nisbətən bahalaşmasına və  yeni bir devalasiyaya gətirib çıxaracaq. İqtisadçı ekspert Pərviz Heydərov da deyir ki, neftin qiymətinin son günlər 10 dollar ətrafında düşməsi yenə bəziləri üçün Azərbaycan kimi ölkələrin iqtisadi vəziyyətinin pisləşəcəyi, devalvasiya və sair kimi hadisələrin baş verəcəyi haqda mülahizələr yürütməyə - müzakirələr açmalarına zəmin yaradıb: "Maraqlıdır ki, bu adamlar sanki, 2016-cı ilin ikinci yarısından etibarən, dünya bazarlarında hansı tendensiyanın cərəyan etdiyinə diqqət yetirməyiblər və ümumən, neftin qiymətini formalaşdıran əsas amilləri bu son 3 il ərzində heç nəzərə belə almayıblar. Bu isə təəccüb doğurur. Xatırladım ki, neftin dünya bazar qiymətləri sonuncu dəfə 2014-cü ilin yayından, iyun ayının ortasından etibarən düşməyə başladı ki, bu tendensiya bayaq qeyd etdiyim kimi düz 2016-cı ilin ikinci yarısınadək davam etdi. 2016-cı ilin əvvəlində qiymətlər bir ara hətta 40 dollardan da aşağı endi. Lakin, bilavasitə neft hasil edib ixrac edən ölkələrin qurumu olan OPEC təşkilatı və ona üzv olmayan digər neft ölkələrinin də birgə qarşılıqlı razılığı və qərarı, başqa sözlə desəm, təşkilatçılığı əsasında ucuzlaşma dayandı. Yekdil atılan addımın məğzi ondan ibarət idi ki, hasilat azaldıldı. Və nəticədə, bazarda qiymətlər sabitləşdi. Hansı ki, bu, heç də Birləşmiş Ştatların münasibəti və mövqeyi məsələsinə uyğun deyildi. Bununla belə, qiymətlər uzun müddət 50 dollar ətrafında qaldı. Sual edirəm, bu, nəyi göstərdi? Bu, onu göstərdi ki, qiymətlətin bundan aşağı düşməsi hasilatçı və ixracçı ölkələrin heç biri üçün qətiyyən sərfəli deyil. Hətta, Səudiyyə Ərəbistanının özü üçün də belə. Baxmayaraq ki, adı çəkilən ölkə Birləşmiş Ştatlar ilə sıx müttəfiqdir. Sonradan qiymətlər ümumiyyətlə artmağa başladı ki, daha doğrusu, buna meyl etdi ki, nəticədə keçən il ərzində 60 dollaradək dinamika nümayiş etdirdi. Belə ki, əsas etibarilə qeyd olunan rəqəm ətrafında möhkəmlənməli oldu. Düzdür, arada 70-i və hətta qısa zaman çərçivəsində 80 dolları da vurub keçdi. Ancaq, yenə də 60 dollara qayıtdı". Pərviz Heydərov deyib ki, hazırda qiymətlər yenə 60 dollar səviyyəsinə dirənib. Ona görə ucuzlaşmadan danışılır ki, bir müddət idi qiymət 70 dolların azca üstündə idi: "Demişəm və yenə təkrar edirəm ki, kəskin ucuzlaşma üçün heç bir əsas yoxdur. Nə iqtisadi, və nə də siyasi cəhətdən. Eyni zamanda, ciddi bahalaşma da baş verə bilməz. Sual olunur ki, niyə? Bəli, ABŞ istəyir ki, neft heç olmasa 50 dollardan aşağı olsun. Bu isə nəinki, bizim kimi ölkələrə, Səudiyyə Ərəbistanı üçün də sərfəli qiymət deyil. Odur ki, qiymətlər 50 dollaradək də düşə bilər, ancaq bundan aşağı yox. Bu və ya digər siyasi səbəblər üzündən 70 dolların üstünədək də qalxa bilər. Amma bundan yuxarı xeyr". İqtisadçının sözlərinə görə, dünya iqtisadiyyatının tələbatı, Birləşmiş Ştatların təklifi və israrı, OPEC-in isə mənafeyi məhz belə deməyə əsas verir: "Ona görə də heç bir panikaya əsas yoxdur. Ölkəmizin dövlət büdcəsində bu il üçün neftin baza qiyməti 60 dollar götürülüb. Qiymətlər bundan aşağı düşsə də belə, cari il üçün heç bir qorxusu yoxdur".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR