Ölkədə qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək ciddi qərarlar qəbul olunub

Azərbaycan sürətli inkişaf yoluna davam edir. İldən-ilə həyatımızın bütün sahələrində qeydə alınan inkişaf və tərəqqi ölkəmizi yerləşdiyi coğrafiyanın cəlbedici dövlətinə çevirir. Elə bu səbəbdəndir ki, Azərbaycanla əməkdaşlıq etmək, Cənubi Qafqazda olunla strateji müttəfiqə çevrilmək istəyən ölkə və dövlətlərin sayı artır. Bütün bu qeyd edilən müsbət tendensiya heç şübhəsiz ki, həyata keçirilən düzgün və düşünülmüş siyasətin nəticəsidir.  Hazırda da uğurla davam edən bu siyasət nəticəsində Azərbaycan hər il yeni-yeni uğurlara, iqtisadi nailiyyətlərə imza atır. Qeyd etdiyimiz müsbət tendensiya təkcə sözdə deyil, statistik göstəricilərdə də öz əksini tapır.  Elə cari ilin birinci rübünün sosial-iqtisadi inkişafı, eləcə də ilin ilk 4 ayında qeydə alınan statistik göstəricilər də belə deməyə əsas verir. Düzdür, cari ilin ilk dörd ayının iqtisadi  və sosial göstəriciləri, ilin  birinci rübünün statistikası ilə müqayisədə o qədər ürəkaçan olmasa da, ancaq ümumilikdə götürəndə iqtisadi və sosial göstəriciləri qənaətbəxş hesab etmək olar. Sabiq maliyyə naziri, iqtisadi ekspert Fikrət Yusifov da bu qənaətdədir. O, qeyd edib ki, rəsmi statistika cari ilin dörd ayının nəticələrini təqdim edib. Sabiq nazir də hesab edir ki, nəticələr əvvəlki üç ayın göstəricilərindən geri qalır: "Belə ki, 2019-cu ilin birinci üç ayında Ümumi Daxili Məhsulun artım sürəti 3 faiz təşkil etmişdisə, dörd ayın yekunlarında bu rəqəm 0,9 faiz azalaraq, 2,1 faizə enib. Dörd ayın yekunlarına görə ÜDM-də baş vermiş azalmanın əsas səbəblərinin qeyri-neft sektoruna yatırımların həcminin bir il öncəki dövrlə müqaisədə kəskin aşağı düşməsi ilə bağlı olduğu heç şübhəsizdir. Rəqəmlərə nəzər salaq. 2018-ci ilin 4 ayı ərzində 2017-ci ilin 4 ayı ilə müqaisədə qeyri-neft sektoruna əsaslı vəsait qoyluşu 42,5 faiz artmışdısa, cari ilin 4 ayı ərzində qeyri-neft sektoruna əsaslı vəsait qoyluşu 2018-ci ilin 4 ayı ilə müqaisədə cəmisi 2,7 faiz arta bilib. Qeyri-neft sənayesinə əsaslı vəsait qoyuluşu sahəsində isə daha kəskin azalmalar baş verib. Belə ki, 2018-ci ilin 4 ayı ərzində 2017-ci ilin 4 ayı ilə müqaisədə qeyri-neft sənayesinə əsaslı vəsait qoyluşu 58,1 faiz artdığı halda, cari ilin 4 ayında bu rəqəm 2018-ci ilin 4 ayı ilə müqaisədə 16,7 faiz azalıb. Hesab edirəm ki, bu göstəricilər hesabat ilinin dörd ayı ərzində ÜDM-n 0,9 faiz azalmasının əsas səbəbləri kimi çıxış edirlər".

Fikrət Yusifov hesab edir ki, iqtisadiyyatın real sektoruna yatrımların həcmini artırmadan ondan müsbət gözləntilər əldə etmək mümkün deyil: "Daha çox düşündürən isə bir başqa məsələdir. Artıq dördüncü ildir ki, ölkədə post-neft dövrü elan edilib və qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək ciddi qərarlar qəbul olunub. Nəticələr isə qəbul edilmiş qərarlara heç də uyğun deyil. Qeyri-neft sektorunun inkişaf səviyyəsini xarakterizə edən əsas göstərici bu sektordan ixracın həcminin necə artmasıdır. Gəlin baxaq, son bir neçə ildə bu göstərici necə artıb? 2016-cı ilin iqtisadi böhranından sonra qeyri-neft sektorundan ixracın həcmində müəyyən artımlar baş versə də, biz hələ ki, bu sahədə 2014-cü ilin səviyyəsinə yetişə bilməmişik. 2018-ci ildə qeyri-neft sektorundan cəmi ixracımız 1 milyard 689 milyon ABŞ dolları olub ki, bu da 2014-cü ildəki ixracımızdan 20 milyon dollar azdır. Bütövlükdə qeyri-neft sektorundan ixracımız ümumi ixracımızın 8,3 faizindən çox deyil. Bu çox azdır və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində qəbul edilən qərarlara adekvat göstərici deyil. Bu yerdə bir müqaisə yerinə düşər. Əhalisi, Ümumi Daxili Məhsulu bizim göstəricilərə yaxın olan Belarusda 2018-ci ildə ixracın həcmi 2016-cı illə müqaisədə 10,2 milyard ABŞ dolları artaraq, 33 milyard 726 milyon dollar təşkil edib. Üç ildə ixracda bu qədər yüksək nəticə əldə edə bilmək böyük uğur sayılmalıdı. Bəs biz nə üçün qeyri-neft sektorumuzdan ixracın həcmini gerçək artıra bilmirik və demək olar ki, son illər ərzində ortalama 1,5 milyard dollar səviyəsindən o tərəfə keçmək mümkün olmur? Bunun səbəbini qəbul edilən qərarların icrasındakı problemlərdən başqa yerdə axtarmaq lazım deyil. Elə bu səbəbdən də Prezident İlham Əliyev Respublika Günü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı barəsində danışdığımız məsələyə belə münasibət bildirdi: "Bundan sonra dayanıqlı inkişafı təmin etmək üçün biz fəal işləməliyik və qəbul olunmuş qərarlar icra edilməlidir. Hesab edirəm ki, bu, qarşıda duran ən vacib məsələlərdən biridir. Çünki bəzi hallarda qərarlar qəbul edilir, sərəncamlar imzalanır, ancaq onların reallaşması yubanır. Ona görə, bundan sonrakı dövrdə mütləq bu sahəyə daha ciddi diqqət göstərilməlidir ki, qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar həyata keçirilsin".

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR