Azərbaycanın sosial-iqtisadi inkişafı beynəlxalq səviyyədə etiraf olunur

 "Doing Business 2019" hesabatında ölkəmiz yeni rekorda imza atıb

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar ölkə vətəndaşlarının firavanlığına hesablandığı heç kimə sirr deyil. Artıq hər bir Azərbaycan vətəndaşı davam etdirilən islahatların müsbət nəticəsini öz həyatında hiss etməkdədir. Onu da qeyd edək ki, bu islahatların aparılması  iqtisadi sahədə əldə edilən gəlirlər hesabına mümkün olub. Bu isə o deməkdir ki, dövlət başçısı  tərəfindən həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının dayanıqlığını təmin etməklə yanaşı, əhalinin sosial-rifahına da müsbət təsie göstərib. Elə bu səbəbdən də prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir. Millət vəkili Tahir Süleymanov deyib ki,  respublikamızın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar, aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə də etiraf olunur: "Son vaxtlarda Davos İqtisadi Forumunun, Avropa Yenidənqurma və İnkişaf Bankının və digər nüfuzlu beynəlxalq qurumların hesabatlarında respublikamızın müsbət reallıqları, ölkəmizdə uğurla reallaşdırılan yeni nəsil iqtisadi islahatlar və inkişaf perspektivləri ilə bağlı müsbət dəyərləndirmələr öz əksini tapıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Təqdim olunan icmalda bildirilir ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business-2019" hesabatında Azərbaycan 190 ölkə arasında 32 pillə irəliləyərək, 57-ci pillədən 25-ci (o cümlədən biznesə başlamaq üzrə 18-ci pillədən 9-cuya, tikinti üçün icazələrin alınması üzrə 161-ci pillədən 61-ci, elektrik təchizatı şəbəkələrinə qoşulmaya görə 102-ci pillədən 74-cü, əmlakın qeydiyyatı üzrə 21-ci pillədən 17-ci, kreditlərin alınmasına görə 122-ci pillədən 22-ci, kiçik investorların maraqlarının qorunmasına görə 10-cu pillədən 2-ci, vergilərin ödənilməsi üzrə 35-ci pillədən 28-ci, müflisləşmənin həllinə görə 47-ci pillədən 45-ci) yerə yüksəlib. Dünya Bankının hər il hazırladığı "Doing Business" hesabatı biznes mühitinin asanlığının qiymətləndirilməsi üçün dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunur. Sənəd xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda ("Qlobal Rəqabətlilik Hesabatı", "Qlobal İnnovasiyalar İndeksi", "İqtisadi Azadlıq İndeksi", "Qlobal İmkanlar İndeksi" və s.) baza rolunu oynayır". Millət vəkilinin fikrincə, Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi yeni inkişaf strategiyasına uyğun olaraq bundan sonra aparılacaq islahatlar respublikamızın beynəlxalq reytinq agentliklərinin hesabatlarında daha yüksək pillədə yer almasını təmin edəcək.

İqtisadçı ekspert,  İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri  Vüqar Bayramov bildirib ki, "Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın mövqeyinin yaxşılaşması Azərbaycanda son illər aparılan islahatların nəticəsidir: "2015-ci ildən Azərbaycanda dərinləşdirilmiş hesabatların aparıldığını nəzərə alsaq, bunun nəticəsində ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, sahibkarların fərqli dövlət xidmətinə çıxışının təmin edilməsi imkanların genişləndirilməsi ilə yanaşı eyni zamanda dövlət dəstəyinin artırıldığı da göz qabağındadır. Son illər dövlət xidmətlərinə elektron çıxış imkanları artıb. Azərbaycan ümumi hesabatda biznes mühitinə görə, dünyada 25-cidir. Əmlakın qeydiyyata alınması və digər istiqamətlərdə ilk 20-liyə daxil olub. Elektron xidmətlərdən daha çox istifadə olunması Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə gətirib çıxarıb. Dünya Bankının hesabatında 3 əsas meyardan istifadə olunub ki, bura prosedurların, tələb olunan günlərin və tələb olunan xərclər daxildir. Azərbaycanda hər üç istiqamətdə, xüsusilə də sahibkar üçün həm prosedurların, həm tələb olunan günlərin sayının, həm də xərcin azaldılması istiqamətində atılan addımlar ölkəmizin hesabatda mövqeyinə müsbət şəkildə təsir göstərib. Görülən işlər nəticəsində ölkəmiz ən çox islahatlar aparan 10 ölkə sırasına daxil edilib. Dünya Bankı tərəfindən aparılan təhlillər nəticəsində hazırlanan hesabat Azərbaycanda həyata keçirilən islahatlara beynəlxalq qiymətin verilməsi baxımından vacibdir. Beynəlxalq qiymət həm xarici investisiyaların cəlb edilməsi, ölkənin iqtisadi potensialının tanıdılması və təqdim edilməsinə yardım edir, həm də islahatlar aparıldıqca ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olur. Bu baxımdan "Doing Business" hesabatında mövqeyimizin yaxşılaşması bir başa 2015-ci ildən dərinləşdirilən islahatların nəticəsi olaraq xarakterizə olunmalıdır".

Milli Məclisin deputatı Rüfət Quliyev də hesab edir ki,  "Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycanın 190 ölkə arasında 25-ci yerdə qərarlaşması ölkəmizin böyük uğurudur.  R.Quliyev bildirib ki, bu uğur  son iki ildə aparılan iqtisadi islahatların daha da dərinləşməsinin nəticəsidir. Onun sözlərinə görə, ölkəmizin əldə etdiyi bu uğurların əsasında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən güclü siyasi iradəsi və davamlı dəstək dayanır: "Hesabatda nəzərdə tutulan elə meyarlar var ki, həmin meyarlara əsasən, ölkəmiz ilk 10 ölkə sırasına daxil olub. Ölkəmizdə həyata keçirilən islahatların ən böyük göstəricisi nüfuzlu beynəlxalq reytinqlərlə yanaşı, "Doing Business 2019" hesabatının da bütün indikatorlarını əhatə etməsidir. Aparılan islahatların yoxlanılması məqsədilə ölkələrə ayrı-ayrılıqda xüsusi ekspert missiyaları göndərilir, islahatların real praktikada tətbiqi yerində müvafiq meyarlarla araşdırılır. Nəticədə hər bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq mövqeləri müəyyən edilir. Bu, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza malik olduğunun göstəricisidir. Hesabatda ölkəmizin 190 ölkə arasında 25-ci olması Azərbaycanın investisiya, biznes mühiti nöqteyi-nəzərindən cəlbedici ölkəyə çevrildiyini göstərir. Kiçik və orta sahibkarlıqla məşğul olan şəxslər ölkəmizin bu uğurundan bəhrələnməyə çalışmalıdırlar. Dövlətimizdə sahibkarların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu baxımdan sahibkarlar işlərini daha aktiv qurmalı, məhsullarını xarici bazarlara çıxarmaqda maraqlı olmalıdırlar".

Nurlan  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR