Regional proqramlar çərçivəsində həyata keçirilən yol infrastruktur layihələri bölgələrdə turizmin inkişafına təkan verib

15 ildən artıqdır ki, uğurla icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları həyatımızın bütün sahələrində inkişafa, tərəqqiyə səbəb olub. Regional proqramlar çərçivəsində bölgələrdə həyata keçirilən yol infrastruktur layihələri təkcə həmin bölgələrin nəqliyyat imkanlarını genişləndirib, əhalinin gediş-gəlişini yaxşılaşdırmayıb. Paralel olaraq bir sıra regionlarda turizmin də inkişafına təkan verib. Məlum Dövlət Proqramları icra edilənə qədər turizm zonası olmasına baxmayaraq, hətta yerli turistlərin nadir hallarda üz tutduqları şimal, cənub, eləcə də digər regionlar bu gün məhz yol infrastrukturunun yüksək səviyyədə olması səbəbindən güclü turist axını ilə qarşılaşır. Sevindirici hal ondan ibarətdir ki, hər Dövlət Proqramında bu istiqamətdə yeni-yeni işlər görülür, yeni yol infrastruktur layihələri həyata keçirilir. Belə rayonlardan biri də respublikanın şimal zonasının dilbər guşələrindən sayılan Quba rayonudur. Məlumat üçün qeyd edək ki, Quba rayonunda turizm imkanlarını genişləndirən yol yenidən qurulur. Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması, yük və sərnişindşımanın rahatlaşması ilə bərabər bölgələrdə kənd təsərrüfatı, turizm və sənayenin birbaşa inkişafına səbəb olacaq iri miqyaslı yol infrastrukturu layihələrinin icrası davam etdirilir. Bu cür layihələrdən biri 68 min əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən və 46 km uzunluğa malik Quba-Qonaqkənd avtomobil yolunun yenidən qurulmasıdır.

Regionla proqramlar çərçivəsində Quba-Qonaqkənd avtomobil yolu keçdiyi ərazinin relyefinə uyğun olaraq III və Iv texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Müvafiq olaraq yolun torpaq yatağı 12 və 10 metr, hərəkət hissəsi isə 7 və 6 metr təşkil edir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdir. Bu səbəbdən də layihə çərçivəsində mövcud örtük sökülərək kənara daşınıb, yararsız qruntun qazılaraq çıxarılması, əvəzinə yararlı material tökülərək kipləşdirilməsi işləri görülüb, bəzi yerlərdə yolun normativ eninin alınması üçün dağ yamaclarının qaya tipli süxurları kəsilərək çıxarılıb və torpaq yatağı genişləndirilərək tələb olunan hündürlüyə qaldırılıb, yatağın yamacları mexaniki üsulla hamarlanıb. Yol boyu tələb olunan yerlərə su ötürücü boruların quraşdırılması tələb olunduğu üçün yol oyu 46 ədəd müxtəlif diametrli metal, azbest və dəmir-beton suötürücü borular quraşdırılaraq izolyasiya olunub. Hazırda yol boyunca əsasın tikintisi və asfalt-beton örtüyün salınması işləri həyata keçirilir. Bunun üçün 450 min kv.m sahədə əsasın alt və üst layı müvafiq olaraq 45 və 16 sm hündürlükdə qum qırmadaş və optimal qum-çınqıl qarışığı ilə tikilir. Yol boyu əsasın alt layının tikintisi demək olar ki, yekunlaşıb. Yolun 24 km-lik hissəsində isə hər iki layın tikintisi işləri yekunlaşdırılaraq asfaltlanma işlərinə başlanılıb. Əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton qarışığından örtük salınır. Artıq yolun 12 km-lik hissəsinin asfaltlanması işləri bitib. Hazırda digər 12 km-lik hissədə işlər aparılır. Yol boyu mövcud küvetlər tam dolduğu üçün, həmçinin yolun yuxarı maillik olan hissələrində atmosfer sularının istiqamətləndirilməsi üçün beton küvetlərin tikintisi tələb olunduğu üçün 5 min paqon metr uzunluğunda yeni dəmir-beton küvetlər inşa olunur, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə istinad divarları tiklir, təhlükəli yerlərdə yol kənarına dəmir-beton qoruyucu bloklar düzülür. Layihə çərçivəsində yolun 35, 36 və 41-ci km-lik hissəsində kiçik dağ çayları üzərində hər birinin uzunluğu 26 və 27 metr olan 1 aşırımlı 3 körpü inşa edilib. Hazırda yolun 43 və 46-cı km-lik hissəsində Babaçay və Cimiçay üzərində yeni körpülər inşa edilir. Babaçay üzərindən salınan krpünün uzunluğu 126 metr, Cimiçay üzərindəki körpünün uzunluğu isə 80 metrdir. Hər iki körpünün ətrafında müvafiq olaraq 280 və 160 metr uzunluğunda su nizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarları tikilir. Yolun yenidən qurulması əhalinin gediş-gəlişini asanlaşdırmaqla yanaşı, həm də onların tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvanlara çatdırmağa imkan yaradacaq. Bu yolun çəkilişi həm də Quba rayonunda turizm imkanlarını genişləndirəcək.

Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2018-ci il 419 nömrəli Sərəncamına əsasən  Lerik  rayonun  9 min 100 nəfər əhalinin yaşadığı 28 yaşayış məntəqəsini əhatə edən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi də məhz bu regionda turizmin inkişafına təkan verən layihələrdən sayılır. Dövlət Proqramına əsasən yolu tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib,  bu məqsədlə 11.3 milyon manat vəsait ayrılıb və avtomobil yolunun tikintisi başa çatdırılıb. Dağlıq ərazidə  yerləşən Piran-Hamarat-Vıjaker avtomobil yolunun tikintisi,  əhatə etdiyi  yaşayış məntəqələrinin  rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın,  kənd təsərrüfatının habelə turizmin  inkişafında,  mühüm əhəmiyyət kəsb edir, yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verir. Lerik  rayonunun Piran-Hamarat-Vıjaker avtomobil yolunun  tikintisi  işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "45 № li Yol İstismari "MMC tərəfindən yerinə yetirilib.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində bölgələrdə həyata keçirilən yol infrastuktur layihələrindən biri də Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisidir.  Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2018-ci il 418 nömrəli Sərəncamına əsasən Lənkəran rayonunun 7 min 400 nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib,  bu məqsədlə 9,1 milyon manat vəsait ayrılıb və avtomobil yolunun tikintisi başa çatdırılıb. Dağlıq ərazidə yerləşən, eləcə də Qoruq ərazisindən keçən  Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun tikintisi,  əhatə etdiyi  yaşayış məntəqələrinin  rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın,  kənd təsərrüfatının habelə turizmin  inkişafında,  mühüm əhəmiyyət kəsb edəcək, yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verir. Lənkəran rayonunda Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun  tikintisi  işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "7 № li Magistral Yolları İstismarı "MMC tərəfindən yerinə yetirilib.

Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun tikintisi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının  2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Azərbaycan Hökuməti ilə Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında 2010-cu il 11 avqust tarixində imzalanmış  7889 AZ nömrəli Borc Sazişi və Beynəlxalq İnkişaf Assosiasiyası ilə imzalanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 06 oktyabr tarixli 296s saylı Sərəncamı ilə təsdiq edilmiş 4723 AZ nömrəli Kredit Sazişi əsasında aparılıb. Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun 4 zolağa yenidən qurulması nəticəsində müasir, təhlükəsiz  yol infrastrukturu yaranacaq, turizmin və regionların sosial-iqtisadi inkişafı, yol istismar və nəqliyyat xərclərinin azaldılması, vaxta qənaətin əldə edilməsi hesabına Abşeron, Dağlıq Şirvan iqtisadi rayonlarının və ümumilikdə respublika iqtisadiyyatının inkişafında mühüm rol oynayacaq.

Dövlət proqramları çərçivəsində regionlarda turizmin inkişafına gətirib çıxaracaq layihələrdən biri də Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il  13 iyun tarixli Sərəncamına uyğun olaraq 5 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 31,0 km olan Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisinə başlanılıb və bu məqsədlə Şəmkir  rayon İcra Hakimiyyətinə 3,0 milyon manat vəsait ayrılıb. Prezidentin növbəti- 2017-ci il 13 yanvar tarixli 2607 nömrəli Sərəncamına uyğun olaraq Şəmkir rayonunun Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun tikintisinin başa çatdırılması "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib.

Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisi layihəsi turizmin inkişafına vəsilə olacaq layihələrdəndir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü ilin 22 fevral və 2014-cü ilin 2 mart tarixli Sərəncamlarına əsasən Qax rayonunun Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun tikintisinə Qax Rayon İcra Hakimiyyəti tərəfindən başlanılıb, 2016-cı il 22 avqust tarixində cənab Prezidentin imzaladığı 2282 nömrəli Sərəncamla sözügedən avtomobil yolunun tikintisi işlərinin başa çatdırılması "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilib. Yolun uzunluğu 23,5 km-dir və IV texniki dərəcəyə uyğun olaraq layihələndirilərək yenidən qurulub. Bu yolun tikintisi 7 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcək.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR