Regional proqramlar Cəlilabadda uğurla icra olunur

Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Paralel olaraq qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət, sosial və idman infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Dövlət proqramlarının icrası müddətində  Azərbaycanda idman sahəsi uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilib, ölkəmiz güclənib və hərtərəfli inkişaf edib. Regionlrın sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində regionlarda çoxsaylı idman olimpiya kompleksləri inşa edilib, müasir idman qurğuları ilə təmin edilib. Təsadüfi deyil ki, prezident İlham Əliyev "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda qeyd edib ki,    Azərbaycanda aparılan iqtisadi, siyasi islahatlar, ölkəmizin güclənməsi bizə dünyada gedən riskli proseslərdən özümüzü qorumağa imkan yaratdı: "Bir daha demək istəyirəm, bizim xarici siyasətimizin əsas məqsədi ondan ibarətdir ki, xaricdən gələn mümkün risklərin idarə olunmasına, azaldılmasına, aradan qaldırılmasına imkan versin. Biz buna nail oluruq. Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər. Son 15 il ərzində 2 milyon yeni iş yeri yaradılmışdır. Əhalinin sayı isə 1,6 milyon artmışdır. Bu da çox gözəl göstəricidir. Əhali nə qədər çox olarsa, ölkəmiz də o qədər sürətlə inkişaf edər. Ancaq, əlbəttə, biz bundan sonra da işimizi elə görməliyik ki, iqtisadi inkişaf, iş yerlərinin yaradılması əhalinin artımından daha da sürətlə getsin, artan əhali işlə təmin olunsun. Yeni iş yerlərinin yaradılması regionların sosial-iqtisadi inkişafı proqramlarının tərkib hissəsi idi və qeyd etdiyim kimi, 2 milyon iş yeri yaradılıb. Bu iş yerlərinin böyük hissəsi bölgələrin payına düşür. Kənd təsərrüfatı 1,7 dəfə artıb və əminəm ki, bundan sonra artım daha sürətli olacaq. Bir sözlə, bizim bütün iqtisadi göstəricilərimiz deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla, inamla inkişaf edib. Artan iqtisadi imkanlarımız bizə şərait yaratdı ki, sosial məsələlərə də çox böyük diqqət yetirək. Bir neçə rəqəmi səsləndirmək istərdim. Son 15 il ərzində maaşlar 7, pensiyalar 9 dəfə artıb. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik".

Regionların sosial iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrası Cəlilabad rayonu üçün də uğurlu olub. Regional proqramlar rayon iqtisadiyyatının inkişafına müsrət təsir göstərib. Belə ki, keçən il rayonda ümumi məhsulun həcmi 85 faiz artıb. 2018-ci ildə rayonda 267 milyon  manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bunun 131 milyon manatı və ya 49,2 faizi  bitkiçiliyin, 134 milyon 935 min manatı və ya 50,8 faizi heyvandarlığın payına düşür. Rayon üzrə 147,5 min ton buğda, 7,1 min ton arpa, 5,9 min ton vələmir istehsal edilib. Bu dövrdə, həmçinin 16,1 min ton noxud, 768 ton mərci, 359 ton günəbaxan, 2,1 min ton qarğıdalı, 8,6 min ton meyvə, 4,3 min ton şəkər çuğunduru, 16,9 min ton üzüm,  7,5 min ton tərəvəz və 612 ton bostan məhsulları tədarük olunub. Rayonun əkin strukturunda ikinci yeri tutan kartof sahələri genişləndirilərək 5000 hektara çatdırılıb. Sahələrdən 110,6 min ton yüksək keyfiyyətli kartof istehsal edilib. Bunun 80 faizi xarici ölkələrə ixrac olunub.Ötən il Cəlilabadda 505 hektar sahədə əkilən pambığın hər hektarından 28 sentner məhsul götürülərək 1446 ton pambıq istehsal edilib. Bu, respublika üzrə ən yüksək rəqəmdir. Bu dövrdə rayonda baramaçılığın inkişafı  məqsədilə Çin Xalq Respublikasından gətirilmiş 5000, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 6000 ədəd tut tingi əkilmişdir. İl ərzində kümçülər 1172 kiloqram yaş barama istehsal edərək qəbul məntəqəsinə təhvil veriblər.2018-ci ildə rayonda 23,7 min ton ət, 70,5 min ton süd, 39,8 milyon ədəd yumurta istehsal edilib, "Cəlilabad-broyler" ASC tərəfindən əhaliyə 3750 ton yüksək keyfiyyətli quş əti satılıb.Diqqətə çatdırılıb ki, ötən il rayonda sosial məsələlərin həllinə diqqət artırılıb. Cəlilabad şəhərində ümumi sahəsi 18740 kvadratmetr olan 25 çoxmənzilli binanın dam örtüyü dəyişdirilib, Heydər Əliyev Seyrəngahı, Heydər Əliyev Parkı, 2 və 5 saylı körpələr evi-uşaq bağçaları, Qurtuluş küçəsindəki hasarlar və piyada yolları, Heydər Əliyev prospektində və Qurtuluş küçəsində 500-dən artıq işıq dirəyi əsaslı təmir olunub.Cəlilabad şəhərinin işməli su və kanalizasiya sisteminin yenidən qurulması başa çatdırıldıqdan sonra həmin proses zamanı dağılmış küçələrin bərpasına başlanılmış və qısa müddət ərzində Cavadxan küçəsində 4,8, Mehdi Hüseyn küçəsində  4,5 , Azərtürk küçəsində 2,5, Mirzəli Hüseynzadə küçəsində 1,0 kilometr, Fərid Əhmədov küçəsində 700 metr, Qudrət İsmayılov küçəsində 450 metr və 28 May küçəsində 600 metr olmaqla cəmi 14,5 kilometr asfalt döşənib.9,7 kilometrlik Cəlilabad-Uzuntəpə yolunun yenidən qurulub.  Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən 35 kilometrlik Maşlıq - Muğan - Kazımabad - Göytəpə - Privolnoye - Ağdaş - Soyuqbulaq avtomobil yolu çəkilmiş, Cəlilabad şəhər  8 saylı körpələr evi-uşaq bağçası üçün 100 yerlik yeni bina tikilmiş, Cəlilabad şəhərində 8 çoxmənzilli binanın dam örtüyünün təmirinə başlanılmışdır. Yaxın günlərdə Cəlilabad şəhərinin digər küçələrinə asfalt döşənəcək, Uzuntəpə kəndində xalça istehsalı emalatxanası tikiləcəkdir. Ötən il rayonda 8046 iş yeri açılıb. Bunun 756-sı daimi iş yerləridir.Rayonun 5 kəndində modul tipli məktəblərin inşası başa çatdırılıb. Cəlilabad şəhərinin yeni massivində 624 şagird yerlik tam orta məktəbin, 10 kənddə isə modul tipli məktəblərin tikilməsi nəzərdə tutulub.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrası cari ildə də Cəlilabad rayonunun inkişafında əhəmiyyətli rol oynayıb. Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki,  2019-cu ilin birinci rübündə Cəlilabad rayonunun iqtisadiyyatını möhkəmləndirmək üçün daxili imkanlardan səmərəli istifadə edilmiş, mədəniyyətin və mənəvi dəyərlərin inkişafına diqqət artırılmış, ictimai-siyasi sabitlik qorunub saxlanılmışdır. Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmənin inkişaf etdirilməsi üçün bütün imkanlardan maksimum istifadə edilmiş, kənd əməkçilərinə nümunəvi xidmət göstərilmişdir. Bunun nəticəsidir ki, hazırda 62,6 min hektar taxıl, 1624 hektar paxlalı bitkilər, 1500 hektar üzüm, 4800 hektar kartof, 420 hektar  çiyələk  əkilmiş və həmin sahələri yüksək aqrotexniki qaydada becərilir.Keçən il 5000 hektar sahədə kartof əkilmiş, hər hektardan 221 sentner məhsul götürülərək 110,5 min ton kartof istehsal edilmişdir. Bu il əkilmiş 4800 hektar kartof sahəsindən 110 min tondan artıq məhsul götürüləcəyi gözlənilir. Həmçinin istixana şəraitində 1500 hektar sahədə kartof becərilmiş, 35 min ton faraş məhsul istehsal edilmiş və Rusiya Federasiyasına 25 min ton kartof ixrac edilmişdir. Bu il kartof satışından fermerlərin büdcəsinə  9,1 milyon ABŞ dolları məbləğində vəsaitin daxil olacağı ehtimal edilir. Rayonda 2018-ci ildə 505 hektar sahədə pambıq əkilmiş və 1446,6 ton və ya əvvəlki ilə nisbətən 446,6 ton çox məhsul istehsal edilmişdir. Ümumi məhsuldarlıq hər hektardan  28,65 sentner olmuşdur ki, bu da respublika üzrə ən yüksək göstəricidir. Pambıqçılığın yenidən bərpa edilməsi nəticəsində 200 nəfərdən çox sakin işlə təmin edilmiş, fermerlərə 947,7 min manat vəsait ödənilmişdir. Əlavə olaraq istehsalçılara son məhsula görə 146,6 min manat subsidiya verilmişdir. Cari ildə isə 507 hektar sahə keyfiyyətlə şumlanmış, aqrotexniki qaydalara uyğun hazırlanmış və istehsalçılarla müqavilələr bağlanmışdır. Sahələrə çiyid səpini optimal müddətdə başa çatdırılmış və normal çıxış alınmışdır. Əkin suyuna olan tələbatı ödəmək üçün Azərbaycan Respublikası Prezidentinin 2018-ci il   12 mart   tarixli   Sərəncamına   əsasən rayonumuzda 20 subartezian quyusunun qazılması plana salınmış və 2018-ci il 31 avqust tarixli Sərəncamı ilə rayon ərazisindəki "İncəçay", "Cəfərxanlı", "Üçtəpə", "Bəylər" və "Alıcı" su anbarlarında təmir-bərpa işlərinin aparılması məqsədilə 4,5 milyon manat vəsait ayrılmışdır. Bununla əlaqədar həmin bəndlərdə torpaqbərkitmə işləri görülmüş, dəmir-beton konstruksiyalar quraşdırılmış, siyirtmələr və  suaxıdıcı borular dəyişdirilmişdir. Hazırda son tamamlama işləri görülən bəndlərin istifadəyə verilməsi əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı çərçivəsində rayonda kənd təsərrüfatının və sənayenin inkişaf etdirilməsi əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərmişdir. Belə ki, birinci rübdə 2545 yeni iş yeri açılmış, 755 nəfər ictimai işlərə, 341 nəfər isə  özünüməşğulluq proqramına cəlb edilmişdir. Yaz mövsümündə Cəlilabad-Uzuntəpə və Cəlilabad-Qarazəncir-Bayxanlı avtomobil yolunun ətrafında 20 mindən çox bəzək ağacı və gül kolları əkilmiş, Cəlilabad-Biləsuvar avtomobil yolunun  kənarında tarlaqoruyucu meşə zolaqları salınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən  hazırda 10 kənddə modul tipli məktəb tikilir. "Azərbaycan Respublikası regionlarının  2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən 5 il ərzində Cəlilabad şəhərinin Yeni yaşayış massivində 624 şagird yerlik tam orta məktəbin, habelə 15 orta, ümumi və ibtidai  məktəbin tikilməsi, Cəlilabad peşə liseyinin və 4 tam orta məktəbin təmir edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hər il olduğu kimi, bu il də  fevralın 11-dən mayın 1-dək vətəndaşların kütləvi pulsuz tibbi müayinəsi həyata keçirilir. Uğurla davam edən bu aksiyada indiyədək 119916 nəfər iştirak etmişdir ki, onların da 108186-sı sağlam hesab edilmiş, 10251-i ambulator müalicəyə, 854-ü stasionar müalicəyə cəlb edilmiş, 625-i isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.

Sadalanan faktlar deməyə əsas verir ki, ölkədə həyata keçirilən "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq   təbii resurslardan mümkün qədər tam və səmərəli istifadə olunması, təsərrüfat subyektlərinin fəaliyyətinin gücləndirilməsi, yerlərdə yeni innovasiyalara əsaslanan məhsul və xidmət istehsalı sahələrinin dəyər zəncirinin bütün həlqələri üzrə inkişaf etdirilməsi, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması, bununla da ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun da dayanıqlı inkişafının təmin olunması, qeyri-neft sektoru üzrə ixrac həcminin artımına nail olunması, regionlarda, o cümlədən kənd yerlərində yaşayan əhalinin layiqli məşğulluq və gəlir əldəetmə imkanlarının artması və onların sosial rifah halının yüksəlməsi, beləliklə də regionların davamlı və tarazlı inkişafının təmin olunmasına səbəb olacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR