Regional proqramlar Qobustan rayonunda uğurla icra edilir

Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası xüsusən bölgələrin inkişafında əhəmiyyətli rol oynayıb. Sözügedən dövlət proqramları Qobustan rayonunda da uğurla icra edilib. Regional proqramlar çərçivəsində Qobustan-Poladlı avtomobil yolu istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak ediblər. 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2018-ci ildə imzaladığı Sərəncama əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılıb. İki hərəkət zolaqlı yolun ümumi uzunluğu 14,5 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yolun inşası zamanı müxtəlif diametrli 7 suötürücü boru quraşdırılıb, zəruri yerlərdə yol nişanları, göstərici lövhələr, siqnal dirəkləri qoyulub, yol cizgi xətləri çəkilib. Yolun inşası texnoloji ardıcıllığa uyğun və yüksək keyfiyyətlə həyata keçirilib. Qobustan-Poladlı yolu bu bölgədə yaşayan insanların Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaradıb. Bu layihənin icrası sürücülərin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının uğula icra edilməsi nəticəsində rayonda  müasir standartalara cavab verən infrastruktur yaradılıb, əhalinin sosial problemləri həlli yolunu tapıb, işsizlik probleminin aradan qaldırılıb, məşğulluq səviyyəsi artıb, eləcə də rayonun ümumi daxili məhsulunun həcmində artım baş verib. Görülən işlər onu göstərir ki, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı da Qobustan və digər bölgələrimizin daha da inkişafında əhəmiyyətli rol oynayacaq.

Bölgələrimizdə səhiyyə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Yeni xəstəxanaların açılması həkimlərin də iş yerləri ilə təmin edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər. Qobustan Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanılıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb. 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlığın hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hərtərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa-diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərəcək. Laboratoriyada müayinələri yüksək dəqiqliklə və qısa müddətdə aparmaq üçün hərtərəfli şərait var. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır.

Ölkəmizdə xalçaçılığın inkişafına xüsusi əhəmiyyət verildiyi üçün, bölgələrdə bir çox xalça fabrikləri istifadəyə verilib. Bu fabriklərdə öz növbəsində əhalinin işlə təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.

"Azərxalça" ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça"nın rəssamları tərəfindən hazırlanıb. Toxucular Qobustan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça" ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları "Azərxalça" ASC-nin tədris sertifikatını alacaqlar.

Buradakı xalça-satış salonunda "Azərxalça" ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışında da iştirak ediblər.

Ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə "Azərxalça" ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında "Azərxalça" ASC-nin yunəyirici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyirici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.

Regional tədarük məntəqələrində ildə 1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində 300 ton yun qəbulu nəzərdə tutulub. Qobustandakı tədarük məntəqəsi 14 rayonu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakının Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq. Yun tədarükü zamanı xalça toxunması üçün iplik istehsalına yararlı olan yunun qəbuluna üstünlük veriləcək. Belə ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 8 santimetr olan yunun qəbulu həyata keçiriləcək. İplik istehsalına yararlı olmayan yun isə yuyularaq xammal kimi satışa çıxarılacaq. Bunun üçün araşdırma aparılıb, hansı ölkədə belə xammala tələbatın olduğu müəyyənləşdirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.

Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Həm yun, həm də boyaq bitkiləri ilboyu qəbul ediləcək.

Regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı yunəyirici-boyaq fabrikinə təhvil veriləcək.

Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində 25 nəfər daimi işlə təmin olunub.

Regional proqramlar çərçivəsində Qobustan və Azərbaycanın bütün bölgələrində görülən işlər ölkəmizi inkişaf etdirir onun iqtisadiyyatının dayanıqlığını gücləndirir. Bu inkişafın təməlində Azərbaycan prezidentinin düşünülmüş və uzaqgörən siyasəti dayanır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR