Limitin artırılması əhaliyə necə təsir edəcək? -İqtisadçı

Vüqar Bayramov: "Qazın qiymətinə tətbiq edilən güzəştin artırılması müsbət haldır"

Ölkədə həyata keçirilən sosial siyasət uğurla davam etməkdədir. Etiraf edilməlidir ki, yürüdülən sosial siyasətin mahiyətində ölkə vətəndaşlarının sosial rifah halının yüksəldilməsi dayanır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, əsas iqtisadi və sosial göstəricilər müsbətdir, dinamika təmin edilir: "Əlavə gəlirlərimiz imkan verir ki, biz sosial məsələlərin həllində daha fəal olaq və daha böyük işlər görək. Bildiyiniz kimi, ilin əvvəlindən çox böyük həcmli sosial paket təqdim edildi, təsdiqləndi, müvafiq fərmanlar imzalandı. Bu prosesə hazırlığı biz keçən ildən başlamışdıq və prezident seçkilərindən sonra andiçmə mərasimində əslində, görüləcək işlərlə bağlı mənim tərəfimdən göstərişlər verildi, yeni yanaşmanın konturları müəyyən edildi. "Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək", - deyən dövlətimizin başçısı vurğulayıb ki, minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır. Nəyin hesabına, əlbəttə ki, islahatların hesabına. Ona görə ki, biz daha səmərəli işləyirik, şəffaflığı təmin edirik, biznes mühiti yaxşılaşır. Bu, bizə imkan verir ki, bu məsələləri həll edək".

Artıq Azərbaycan Respublikası Prezidentinin sistemli və davamlı sosial siyasətinin davamı olaraq, növbəti humanist addım atılmış, dövlət başçısının tapşırığına əsasən, Tarif (qiymət) Şurasının 30 aprel tarixində keçirilmiş iclasında əhali üzrə təbii qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrədək artırılmışdır. Artıq bu güzəştdən - yalnız aşağı tariflə qaz istehlakından 1,8 milyondan artıq abonent (7 milyondan çox vətəndaş) yararlanacaqdır. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərinin xüsusi çəkisi 70%-dən 85%-dək artacaqdır. Təbii qazdan güzəştli tariflə istifadə limitinin artırılması ilə əlaqədar olaraq yaranmış fərq bütünlükdə dövlət tərəfindən qarşılanacaqdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib ki, artırılmış limitin tətbiqinə gəlincə, qeyd edək ki, hesablaşma 1 yanvar 2019-cu ildən etibarən istifadə olunan təbii qazın həcminə uyğun olaraq həyata keçiriləcəkdir. Misal: Tutaq ki, abonent 1 may 2019-cu ilədək 1400 kub m qaz istehlak edib. Bu halda abonent ilin sonunadək daha 800 kub m təbii qazı aşağı tariflə (1 kub m üçün 10 qəpik) istifadə edə biləcəkdir. Abonent bu tarixədək əvvəlki limiti (1700 kub m) ötübsə, yeni limitədək olan hissə üçün ödədiyi vəsait hesablaşmalarda nəzərə alınacaqdır.  Əgər abonent il ərzində müəyyən olunmuş yeni limitdən (2200 kub m) artıq təbii qaz istifadə edərsə, bu halda hesablaşma yeni limitdən artıq hissə üçün 1 kub mX20 qəpik olmaqla həyata keçiriləcəkdir. Məlumat üçün qeyd edək ki, bir abonentin faktiki orta illik təbii qaz istehlakı 1400 kub m-dən aşağıdır. Atılmış bu humanist addım dövlət başçısının ölkə vətəndaşlarına böyük diqqət və qayğısının daha bir nümunəsidir.

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı mavi qazın qiymətinə tətbiq edilən limitin dəyişdirilməsinin iqtisadi əsaslandırmasını hökumətə təqdim etdikdən sonra bir sıra dövlət qurumlarından o cümlədən Dövlət Neft Şirkətindən (SOCAR) əsaslandırmaya rəylər daxil oldu. Dünən isə Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif Şurası bu məsələni müzakirə edərək limitin 1700 kub metrdən 2200 kub metrədək artırılması barədə qərar qəbul etdi. Bu o deməkdir ki, vətəndaşlarımız il ərzində 2200 kub metrədək qazın hər kubmetr üçün 10 qəpik ödəyəcəklər. Bəs limitin artırılması əhaliyə necə təsir edəcək? V. Bayramov bildirib ki, SOCAR-ın məlumatına görə, 2018-ci ildə əhali 2,96 milyard kubmetr təbii qaz istehlak edib. 2 milyon 155 min əhali istehlakçısının ötən il 1 milyon 763 minin illik istehlakı 1700 kub metrdən az olub. Şirkətin hesablamalarına əsasən, ötən il 392 min vətəndaşımız limitdən artıq mavi qaz istehlak edib. Bu isə o deməkdir ki, 2018-ci ildə əhalinin 70,24 faizi ildə 1700 m3-ə qədər, 29,76 faizi isə 1700 m3-dən çox qaz istehlak edib. SOCAR-in hesablamarına görə, təxminən 2 milyon abonentin illik istehlakı 2200 kub metrdən azdır. Rəsmi rəqəmlərə istinad etsək şuranın qərarından sonra güzəştli limitdən istifadə edən vətəndaşların sayı ümumi istehlakçıların 85 faizinə çatacaq:"Qərar mayın 1-dən  qüvvəyə mindiyi üçün güzəşt vətəndaşların limitinə əlavə olunacaq. Hətta limiti artıq istifadə edənlər də əlavə 500 kub metr güzəşt əldə edə biləcəklər. Birmənalı şəkildə mavi qazın qiymətinə tətbiq edilın güzəştin artırılması müsbət haldır. CESD-nin hazırladığı hesabat da təsdiq edirdi ki, bunun üçün iqtisadi əsaslar var idi. Gələcəkdə qaz hasilatımızın və eləcə də daxilolmaların həcminin artmasına uyğun olaraq bu limitə yenidən baxılması və güzəştin daha da artırılması məqsədə uyğun hesab edirik. Bütövlükdə isə, CESD beyin mərkəzi olaraq təklflər hazırlayan zaman iqtisadi əsaslandırmasını da təqdim edir. Bu baxımdan mərkəzinin çoxlu sayda təklifləri hökumət tərəfindən artıq qəbul olunub. Ümid edirik ki, hazırladığımız digər mexanizmlərin də yaxınlarda rəsmi qəbulunu müşahidə edəcəyik".

Millət vəkili Fazil Mustafa qeyd edib ki, Tarif Şurası istehlak olunan qaz üçün limiti 1700 kubmetrdən 2200 kubmetrə qaldırdı: "Milli Məclisdə bizim təklifimiz limitin iki dəfə artırılması olmuşdu. Bu rəqəm 3000 kubmetri keçsəydi, demək olar ki, məsələ öz həllini tapardı. Bununla belə, təkliflərimizin səsləndirilməsindən heç bir həftə keçməmiş hökumət tərəfindən eşidilməsi və qərara yenidən baxılması müsbət tendensiya sayılmalıdır. Hər bir halda bundan sonra da məsələ diqqətimizdə olacaq, elektrik enerjisinin istehlakı ilə də bağlı vətəndaşın durumunu yüngülləşdirici addımlara ehtiyac var, ümid edirəm ki, yaxın günlərdə bu məsələdə də bir irəliləyiş olacaqdır".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR