Regional proqramlar ölkənin dayanıqlı inkişafını təmin edir

Məşğulluq siyasəti təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf siyasətinin ən mühüm tərkib hissələrindən biri olmuşdur.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı ölkədə makroiqtisadi sabitliyi və davamlı inkişafı təmin edir. Dövlət Proqramı çərçivəsində iqtisadi və inzibati rayonlar üzrə həyata keçirilmiş tədbirlər Azərbaycan iqtisadiyyatının dinamik inkişafına təkan verir.

Dövlət Proqramının əsas məqsədlərindən biridə iqtisadi inkişafın regional baxımdan tarazlığının təmin edilməsidir. Bu baxımdan regional proqramlar, yerli istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrstruktur obyektlərinin yenidən qurulmasında əhəmiyyətli rol oynayır.

Bu inkişaf son 15 ildə qeyri-neft sektorunun sürətli inkişafı, regionların iqtisadi potensialından səmərəli istifadəsi, yerlərdə sahibkarlığın inkişafının daha da sürətlənməsi, yerli istehsal və emal müəssisələrinin, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin  fəaliyyətinin bərpası və inkişafında özünü göstərir.Sahibkarlığın inkişafına böyük diqqətin göstərilməsi, iş adamlarının beynəlxalq bazarlara çıxması üçün əlverişli imkanların yaradılması aparılan siyasətin məqsədyönlülüyünü göstərir.

Regional proqramlar Azərbaycanın sosial-iqtisadi inkişafında vacib rol oynayır. Çünki yeni iş yerlərinin açılması, əhalinin məşğulluğunu təmin edir. Məşğulluq siyasəti təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf siyasətinin ən mühüm tərkib hissələrindən biri olmuşdur. Məşğulluğun təmin olunması ölkədə prioritet istiqamətlərdəndir. İnsanların rifah halının yaxşılaşdırılması, əhali gəlirlərinin artırılması iqtisadi tərəqqinin əsas şərtlərindən biridir.

İqtisadi islahatlar iqtisadiyyatda həyata keçirilmiş struktur dəyişikliklərini, iqtisadi mühitin yaradılıb inkişaf etdirilməsini bu isə öz növbəsində iqtisadi fəal əhalinin məşğulluğuna əhəmiyyətli dərəcədə təsir edir. Əhalinin məşğulluğu cəmiyyətin ictimai və sosial-iqtisadi həyatında baş verən mühüm və çoxcəhətli təzahürləri özündə əks etdirir.

Bu isə nəticə etibarilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Əhalinin rifah halı yaxşılaşdırılır və yoxsulluq azalır.

Məşğulluğun təmin olunmasında regionlarda fəaliyyət göstərən yaxud yenidən qurulan  ictimai-iaşə, sənaye obyektləri, zavod və fabriklər xüsusi rol oynayır.

Bu minvalla Hacıqabul Sənaye Məhəlləsində(Hacıqabul Sənaye Məhəlləsində ilkin mərhələdə yüksək standartlara cavab verən və ümumi sahəsi 6100 m² olan 4 istehsal sahəsi, 937,8 m² sahəsi olan ikimərtəbəli inzibati bina, eləcə də texniki və köməkçi binalar istifadəyə veriləcək. Hazırda isə sənaye məhəlləsinin müvafiq infrastrukturla təmin edilməsi və burada fəaliyyət göstərəcək sahibkarlıq subyektlərinin istehsal prosesi zamanı tələb olunan elektrik enerjisi, su xətti, qaz və fiber-optik kabelinin çəkilişi ilə bağlı tədbirlər görülür. Hacıqabul Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquqi məsləhət, bank və sığorta, poçt və internet, logistika və s. xidmətlər təqdim olunacaq. Sənaye Məhəlləsində həmçinin yeməkxana, tibb məntəqəsi fəaliyyət göstərəcək.) "Azərmaş" ASC-nin "Qartal" şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulmasını misal göstərə bilərik.

Zavodda birinci mərhələdə  500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobili  istehsal ediləcək. Birinci mərhələdə 100, ikinci mərhələdə isə 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 10 milyon avrodur. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodun tikintisi Hacıqabul Sənaye Məhəlləsində 5 ha ərazidə həyata keçiriləcək. Müəssisədə Avropa İttifaqı ölkələrinin istehsalı olan avadanlıqlar quraşdırılacaq.Sənaye Məhəlləsində avtobus və yük avtomobilləri istehsalı zavodunun yaradılması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradacaq.

Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. 20 hektar ərazidə yaradılmış Sənaye Məhəlləsi 10 min kvadrat metr olan 4 istehsal təyinatlı binadan, 937 kvadrat metr olan inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin inzibati binası toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Hacıqabul Sənaye Məhəlləsində ümumi dəyəri 60 mln. manatdan çox olan layihələr üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və istehsala hazırlıq işləri aparılır.

Əhalinin iş yerləri ilə təmin olunmasında şəhər və rayondaxili müasir yol-nəqliyyat infrastrukturu, bölgələrimizdə magistral yolların tikintisi və yenidən qurulması, əhəmiyyətli rol oynayır. Çünki burada yetərli qədər işçi qüvvəsinə ehtiyac yaranır.

Bu yaxınlarda Balakən rayonunda uzunluqları 29 km olan Balakən-Qazbinə-İtitala kəndlərarası avtomobil yolunun yenidən qurulması istiqamətində atılan addımları da bunu misal göstərə bilərik. Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.

Yol boyu deformasiyaya uğramış hissələr bərpa olunub, zəruri olan yerlərdə yeni yol yatağı inşa edilib. Hazırda həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri aparılır.

Yol əsası hazır olan hissələrin isə asfaltlanır. Artıq yolun böyük hissəsinə 2 qat olmaqla yeni asfalt-beton örtüyü salınıb. Ümumilikdə isə yolun 170 min m2-dən çox sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri qurulub. Bu işlərin nəticəsi olaraq müxtəlif diametrli 21 ədəd suötürücü boru quraşdırılıb, həmçinin 5 metr uzunluğunda 2 dördbucaqlı su keçidi və 12 metruzunluğunda körpünün inşası işləri yekunlaşdırılıb. 

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun bu il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. 

Avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Sosial-iqtisadi cəhətdən bu regionların inkişafı üçün kompleks tədbirlərin görülməsi, yalnız bir regionda deyil, bütün regionlarda ictimai-iaşə, sənaye obyektləri, infrastrukturların yerləşməsi bölgə əhalisinin işlə təmin olunmaq üçün paytaxt Bakı və yaxud başqa bölgələrə üz tutmamasına səbəb olur. İşsizliklə bağlı əhali miqrasiya etmədən öz məşğulluğunu təmin edir. Bu isə təbii olaraq rayonlarda əmək resurslarının azalmasının, regionun potensialından səmərəli şəkildə istifadə olunmamasını təmin edir və ümumilikdə ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərir. Aparılan məqsədyönlü tədbirlərin təməlində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti dayanır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR