Regional proqramlar bölgələrdə infrastrukturun yenilənməsini təmin edib

Ölkədə uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları  bölgələrdə infrastruktur layihələrinin icrasını təmin etməklə yanaşı, yüz minlərlə yeni iş yerlərinin, sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatında müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyub. Paralel olaraq qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət, sosial və idman infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəlməsinə təkan verib. Regionların sosial-iqtisadi inkişafı  ilə bağlı  dövlət proqramlarının icrası Lerik rayonunda da uğurla davam etdirilir.  İnkişafın bariz nümunəsi möhtərəm Prezident İlham Əliyevin 15 oktyabr 2018-ci il tarixdə rayona dördüncü tarixi səfəridir. Ölkə başçısının Lerik rayonunun iqtisadiyyatının yenilənməsinə, infrastrukturun qurulmasına, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn layihələrin açılışında iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşü, orada söylədiyi proqram xarakterli çıxışı, rayonun gələcək inkişafı ilə bağlı imzaladığı Sərəncamlar bir daha Prezidentin hər bir bölgəyə, hər bir vətəndaşa diqqət və qayğı ilə yanaşmasını sübut etdi. Belə ki, Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq Lerik şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması layihəsi uğurla icra edilmişdir. Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamlara müvafiq olaraq  "Azərsu" ASC-nə Lerik şəhərinin su təchizatının yaxşılaşdırılması üçün əlavə olaraq 1 milyon manat, Geskon, Sors, Molalan və Şingədulan kəndlərinə su xətlərinin çəkilməsi üçün isə daha 1 milyon manat vəsait ayrılmışdır. Hal-hazırda "Azərsu" ASC-nin sifarişi ilə tikinti işləri davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Lerik şəhərində 16,5 MVT-lıq modul elektrik stansiyası inşa edilmiş, hesabat ilində elektrik təsərrüfatının yenilənməsi ilə bağlı bir sıra müsbət işlər görülmüş, xətlərdə təmir-bərpa işləri aparılmışdır. Payız və qış aylarının sərt keçməsinə baxmayaraq əvvəlki illərdə olduğu kimi enerji verilişində uzun müddətli açılmalar müşahidə edilməmişdir. Heydər Əliyev Fondu tərəfindən Lerik şəhərində 100 uşaq yerlik, 2 mərtəbəli uşaq bağçası inşa edilərək istifadəyə verilmişdir. Uşaq bağçası üçün tələb olunan bütün avadanlıqlar alınmışdır. Bağçada 4 qrup fəaliyyətə başlamış və  20 nəfər daimi işlə təmin olunmuşdur. Lerik şəhərində Bayraq muzeyi inşa edilmişdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.

Respublikanın hər yerində olduğu kimi, Lerik rayonunda da son illər tikinti-quruculuq işləri vüsət almışdır. Lerik şəhərinin küçə və meydanları yenidən qurulmuş, işıqlandırma şəbəkəsi yaradılmışdır. Onlarla inzibati idarə binaları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış evləri və fərdi mənzillər, yeni səhiyyə və mədəniyyət obyektləri, Lerik-Qosmalıan-Kəlvəz, Noda-Şingədulan-Xanagah avtomobil yolları tikilib istifadəyə verilmişdir. 54 yeni məktəb binası, uşaq bağçaları tikilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur. Təkcə 2018-ci  ildə cənab Prezidentin sərəncamı ilə 10 modul tipli yeni məktəb binasının tikintisinə başlanılmışdır. Ötən il Veri-Əliabadı, Axunəhiran kəndlərində modul tipli məktəb binası tikilmişdir. Hazırda da Küsəkəran kəndində tikinti işləri aparılır. Əvvəlki illərdə isə Babakücədə 180 şagird yerlik möhtəşəm bina tikilmişdir. Piran-Veri yolu hər il rayon icra hakimiyyəti başçısının köməkliyi ilə təmir edilir. Bu ərazinin sakinlərinin mütəmadi istifadə etdiyi yolda, Davradibi kəndində körpünün tikilməsi, poçt və ATS-lər üçün binaların tikintisi, elektron ATS-lərin quraşdırılması əhalinin rahat yaşaması üçün görülən tədbirlərdəndir.

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq Lerik rayonuna qaz xətti çəkilmiş, 162 yaşayış məntəqəsindən 50 yaşayış məntəqəsi üzrə 4506 ailənin yaşayış evi, o cümlədən 2018-ci ildə Veri kəndi qazlaşdırılmışdır. "Azəriqaz" İB ilə birlikdə rayon icra hakimiyyəti tərəfindən rayon üzrə qazlaşdırılmamış bütün yaşayış məntəqələri üzrə tələb olunan məlumatlar hazırlanaraq Prezident Administrasiyasına, Nazirlər Kabinetinə və İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən Lerik şəhərində 48 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılmışdır. 2018-ci il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 13, Fövqəladə Hallar nazirliyi tərəfindən isə təbii fəlakət nəticəsində fərdi yaşayış evləri qəza vəziyyətinə düşmüş 30 fərdi yaşayış evinin tikintisi davam etdirilmişdir. Rayon üzrə 2018-ci ildə şəhər daxili küçələrdə 28756 kv.metr asfaltlaşdırma işləri həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Lənkəran-Lerik avtomobil yolunun yenidən qurulması üçün 5 milyon, 15 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə isə 9,2 milyon manat vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə  ayrılmışdır. Hal-hazırda yolun tikintisində işlər sürətlə davam etdirilir. Ölkə başçısının Sərəncamları ilə 26 km-lik Lerik-Qosmalıan-Kəlvəz, 36 km-lik Noda-Şingədulan-Xanagah, 27 km-lik Piran-Hamarat-Vıjaker avtomobil yolları inşa edilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən şəhərin bütün küçələrində suaxarlar, kanallar inşa edilmiş, şəhər sakinlərinin narahatçılığına səbəb olan sel sularının axıdılmasına şərait yaradılmışdır. Küçə, meydan və parklarda müasir işıqlandırma dirəkləri quraşdırılmışdır. Prezidentin sərəncamına uyğun olaraq Noda kəndində 50 yerlik uşaq bağçasının, Sivəkəran kəndində 20, Kirəvud, Zövnə, Vamazğon kəndlərində 40, Vov, Vılıq kəndlərində 80, Küsəkəran, Kaqoy, Conu kəndlərində 56, Monidigah kəndində 96 və Orand kəndində isə 180 uşaq yerlik məktəblərin tikintisi davam etdirilir. Maliyyə vəsaiti ayrılmadığından Boykəndil və Əvilə məktəblərinin tikintisində işlər dayandırılmışdır. Cəngəmiran, Conu və Pirasora kəndlərində tibb məntəqələrinin tikintisi nəzərdə tutulmuşdur.

Regionların sosial iqtisadi inkişaf proqramları çərçivəsində rayonda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilib. Belə ki, 19 kənd inzibati ərazi dairəsi üzrə 27,0 hektar sahədə (keçən illə müqayisədə 2,0 hektar çox) "Virciniya" və "İmmuna" tütün sortları əkilmişdir. Havaların quraq keçməsi səbəbindən sahələrdə məhsuldarlıq aşağı olmuş, nəzərdə tutulmuş tütün təhvil verilməmişdir. Rayon icra hakimiyyəti bu sahənin inkişaf etdirilməsindən ötrü respublikamızda fəaliyyət göstərən Azərbaycanda Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (Seda) təşkilatı ilə birgə işlərə başlamış, ərazilərdə yaradılan icmaların təkliflərinə əsasən rayonun Piran, Cəngəmiran və Livədirqə ərazilərində tütünqurutma məntəqələrinin tikilməsi üçün hazırlıq işlərinə başlanılmışdır. Çayçılığın yenidən bərpası üçün rayonun Vizəzəmin və Tikəband ərazilərində 100 hektardan yuxarı məhsuldar torpaq sahələri vardır. Gəlir gətirən sahənin inkişafı üçün dövlət dəstəyindən yararlanaraq iş adamları fəaliyyətə başlamalıdırlar. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişaf Fondunun xətti ilə 2002-2018-ci illər ərzində Lerik rayonu üzrə 317 sahibkara 15,51 milyon manat, o cümlədən 2018-ci ildə 15 sahibkara 82 min manat güzəştli kredit ödənilmişdir. Bu kreditlər hesabına 1590 yeni iş yerinin açılması mümkün olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən rayonda yaşayan aztəminatlı ailələrin üzvlərindən 185 nəfəri  müqavilə əsasında, 1 il müddətinə şəhərdə aparılan abadlıq-təmizlik işlərinə cəlb edilmişdir. Bundan başqa, İDEA İctimai Birliyi və Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin birgə təşəbbüsü ilə rayonun Divağac kəndində 1,0 ha, Cəngəmiran kəndində isə 2 ha sahədə meyvə bağı salınaraq həmin bağlar  təmənnasız olaraq 4 nəfər kənd sakinlərinə təhkim olunmuşdur. Regionların sosial iqtisadi inkişaf proqramlarına uyğun olaraq Lerik rayonunda əhalinin sağlamlığı ön plana çəkilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında əvvəlki illərdə olduğu kimi 2018-ci ildə də rayon sakinlərinin kütləvi dispanserizasiya işləri uğurla aparılmış, 52 min nəfər ilkin olaraq tibbi müayinədən keçmişdir. Rayon mərkəzi xəstəxanasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun olaraq Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı və Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 16 iyun 2018-ci il tarixdən 07 iyul 2018-ci il tarixədək səyyar "ASAN xidmət"in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusları rayonumuzun ərazisində olmuş və rayon sakinlərinə xidmət göstərilmişdir. Ümumilikdə 1711 nəfər "ASAN xidmət"ə müraciət etmiş, 1676 sənəd qəbul edilmişdir. Sadalanan faktlar bird aha deməyə əsas verir ki, regional proqramlar bölgələrin hərtərəfli inkişafının təminatında əhəmiyyətli rol oynayıb. Başqa sözlə, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Dövlət proqramlarının icrası müddətində  Azərbaycan uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilib, ölkəmiz güclənmiş və hərtərəfli inkişaf edib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR