Sığorta bazarını niyə inkişaf etdirə bilmirik? RƏY

Vahid Əhmədov: "Ölkədə sığorta bazarı həddindən artıq zəifdir"

Müasir dünyada geniş yayılmış sığorta bazarı ən müxtəlif səbəblərdən hələ də Azərbaycanda mütəşəkkil şəkildə təşəkkül tapa bilməyib. Əgər Azərbaycanın iqtisadiyyatını və sığorta bazarını inkişaf etmiş ölkələrin iqtisadiyyatı ilə deyil, bəzi keçmiş sosialist düşərgəsindən olan Şərqi Avropa ölkələri ilə müqayisə etmiş olsaq, görərik ki, bu ölkələrin çoxunda sığorta bazarının ÜDM-dəki payı 2% və ya daha çoxdur. Azərbaycanın sığorta bazarının toplam yığımlarının ÜDM-də olan payı isə cüzi faiz təşkil edir. Xatırladaq ki, sığorta xidmətləri inkişaf etmiş ölkələrin iqtisadiyyatında aparıcı sektorlar sırasında gedir və iqtisadiyyatda ciddi şəkildə dəyər yaradan sahələrdən hesab olunur. Sığorta sektoru bir xidmət sferası olaraq, cəmiyyəti daimi əsasda xoşagəlməz və arzuolunmaz hadisələrdən irəli gələ biləcək zərərlərdən qoruyur. İnkişaf etmiş ölkələrdə insanlar digər cəmiyyətlərdən fərqli olaraq, müxtəlif zərərlərin ola bilməsi ehtimalını dərk edərək sığortaya könüllü şəkildə müraciət edirlər. Aparıcı ölkələrdən olan sığorta ekspertləri sığorta bazarının inkişafını və ya konkret hər hansı bir ölkənin sığorta bazarının həcminin ölkə ÜDM-sində olan payının faiz nisbətilə nə qədər az və ya çox olmasının həmin ölkənin sığorta bazarının inkişafı ilə, eyni zamanda ölkə vətəndaşlarının sığortaya olan münasibəti ilə birbaşa əlaqələndirirlər. Azərbaycan sığorta bazarında isə baş verənləri və mövcud durumu daha yaxşı başa düşmək üçün son illərdə baş verən mühüm hadisələrə diqqəti yönəltmək məqsədəuyğun olardı. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra digər sahələrdə olduğu kimi, sığorta sahəsində də durğunluq müşahidə olunurdu. Lakin mükəmməl qanunvericilik bazasının yaradılması, sığorta xidməti sahəsində uğurlu addımların atılması səbəbindən bu sahənin də inkişafına şərait yaradıldı. Hazırda Azərbaycanda  ən çox yayılan sığorta növü nəqliyyat sahiblərinin icbari sığortasıdır. Məlumata görə, bu sığorta növü bazarın təxminən 20 faizini təşkil edir. Həmçinin daha çox yayılmış sığorta növlərindən tibbi sığortanı, nəqliyyat vasitələrinin (kasko) ümumi sığortasını və digər sığorta növlərini qeyd etmək olar. Ümumilikdə isə ölkənin sığorta bazarı olduqca zəif inkişaf edib. Maraqlıdır, bəs buna səbəb olan amillər hansılardır?

Millət vəkili Vahid Əhmədov deyib ki, Azərbaycanda sıgorta məsələləri ilə bağlı kifayət qədər qanunvericilik bazası var. Yəni, istənilən obyektin- evdir, maşındır, əmlakdır və sair, bunların sığortalanması üçün qanunvericilik hər cür imkan yaradır. Çox təəssüflər olsun ki, bu qədər deyilir, danışılır, amma əksər ticarət obyektləri və digər obyektlər sığorta etdirilmirlər. Sahibkarlar, iş adamları bunda maraqlı görünmürlər. Çünki ortada böyük "haqqlar"dan, pullardan söhbət gedir: "Bir var ki, maşını sığorta etdirirsən, bu da ildə hardasa 100-150 manat edir. Bir də var ki, böyük bir obyekti sığorta etdirirsən, artıq orada sığorta haqqı böyükdür. Məsələn, "Diqlas"la bağlı məsələdə məsuliyyəti dövlət öz üzəriunə götürdü. Dövlət başçısı vəsait ayırdı ki, insanlar əziyyət çəkməsinlər. Düzdür, ikinci bir qərar da verildi ki, sahibkarlar vəsaiti geri qaytarmalıdırlar, amma hesab edirəm ki, bu da tamamilə düzdür. Axı, dövlət büdcəsindən buna niyə vəsait ayrılmalıdır ki?! Ona görə də  bütün obyektlər, əmlaklar, mülklər və sair, hamısı sığorta olunmalıdır". Millət vəkili  xüsusilə,  "Kənd təsərrüfatı əmlakının sığortalanması haqqında" qanun layihəsinin qəbuluna ciddi ehtiyac duyulduğunu söyləyib: "Biz artıq həmin sənədin müzakirələrə gəlməsini gözləyirik, tələb edirik. Buna ciddi ehtiyac var. Bu gün ölkədə kənd təsərrüfatının inkişafına diqqət böyükdür. Dövlət başçısı bu sahənin inkişafına ciddi diqqət yetirir, bu istiqamətdə bütün addımları atır. Amma kənd təsərrüfatına aid əmlaklar hələ də sığorta olunmur və  nəticə etibarı ilə də insanlar əziyyət çəkirlər. Ona bu məsələsi ilə bağlı qanunvericilik aktının müzakirəsi və qəbul sürətləndirilməlidir. Eyni zamanda, bütün ticarət obyektləri hamısı sığorta olumalı və yalnız sığortalanandan sonra həmin obyektlər istifadəyə verməlidir. Sabah hansısa bir hadisə baş verəndə, fors-major situasiyalar yarananda onlar əlavə əziyyət çəkməsinlər, sığorta şirkətləri onlara kömək etsinlər".

Sığorta bazarının durumuna gəlincə, millət vəkili burada da xeyli problemlərin yaşandığını söyləyib: "Bir zamanlar vəziyyət lap pis idi. Sıgorta deyəndə fikirləşilirdi ki, yalnız maşınların sığortasından söhbət gedir. Amma sonradan biz "İcbari sığorta haqqında" qanuna dəyişiklik etdik. Həmçinin, əlavə qanun-mənzillərin sığortası ilə də bağlı qanunvericlik aktı qəbul etdik. Amma bu gün də hesab edirəm ki, bizdə sığorta bazarı çox zəifdir. Məsuliyyət hissi olmalıdır, əhali ilə işləmək lazımdır. Bu bazarda problemlər olduğu üçün də bəzən bütün məsuliyyəti dövlət öz üzərinə götürür. Axı, dövlət nə vaxta qədər məsuliyyəti öz üzərinə götürməlidir? Hesab edirəm ki, bu, düzgün deyil və sığorta bazarı canlanmalı, güclənməlidir".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR