"Prezident İlham Əliyevin sosial islahatlar paketi: əhalinin rifahı naminə yeni inqilabi addımlar” TƏHLİL

Uğurlu sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahına yönəlib

Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar nəticəsində bir tərəfdən ölkənin iqtisadi qüdrətinin güclənməsi, digər tərəfdən isə insanların rifah halının yaxşılaşdırılması sahəsində  etibarlı bazanın yaradılması təmin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkə əhalisinin rifah halının yaxşılaşdırılmasına xidmət edən inqilabi addımları yeni uğurlu islahatlar mərhələsinə keçidi şərtləndirib. Dövlət başçısının imzaladığı fərman və sərəncamların mühüm bir hissəsi məhz əhalinin sosial müdafiəsinin əhəmiyyətli şəkildə gücləndirilməsi, sosial sahə üzrə müasir, şəffaf, çevik, optimal idarəçilik və xidmət mexanizmlərinin formalaşması məramına istiqamətlənib. Bu mühüm məqam isə Prezident İlham Əliyevin siyasi fəaliyyətində məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq edir.

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlət qayğısı

Təsadüfi deyil ki, Prezident  İlham Əliyevin seçkilərdə qələbə qazandıqdan sonra imzaladığı ilk Fərman məhz şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı oldu. Dövlət başçısı bununla həssas qrupların sosial müdafiəsinin gücləndirilməsinin növbəti prezidentlik dövründə də siyasətinin başlıca istiqamətlərindən biri olduğunu təsdiq etdi. Ardınca imzalanan Fərman isə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhid vərəsələrinin əhatə dairəsinin genişlənməsinə səbəb oldu. Beləliklə, hər iki Fərmanın icrası olaraq, 12268 şəhidin vərəsələrinə ödəmə verilməsi nəzərdə tutulub ki, bu məqsədlər üçün 135 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2018-ci ilin 1 avqust tarixində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni mənzillərin təqdim olunması tədbirində iştirak etmələri həmçinin, 2019-cu il yanvarın 28-də şəhid ailələri ilə görüş keçirmələri bu kateqoriyalardan olan vətəndaşlara yüksək səviyyədə qayğının, hörmət və ehtiramın növbəti əməli təsdiqi oldu. Mənzillərin təqdim olunması tədbirindən bir gün sonra dövlət başçısı Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün əlavə olaraq 20 milyon manat vəsait ayrılmasına dair Sərəncam imzaladı. Nəticədə 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edildi və bu vaxta qədər mənzillə təmin edilənlərin sayı 6654 -ə çatdı. Bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğının davamı olaraq 28 yanvar 2019-cu il tarixli Sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün mənzillərin alınması  məqsədilə 35 milyon manat ayrıldı. Cari ildə azı 800 mənzilin həmin insanlara təqdim edilməsi nəzərdə tutulur. Eləcə də 18 mart 2019-cu il tarixli Sərəncamla müharibə əlillərinin minik avtomobilləri ilə təminatı üçün 5 milyon manat ayrılması 2019-cu ildə əlavə 400-dən artıq avtomobil alınmasına, nəticədə bu il müharibə əlillərinə nəzərdə tutulandan 3 dəfə çox, yəni 600-dək avtomobil verilməsinə imkan yaradır. Qeyd edək ki, müharibə əlillərinə ötən il 265 avtomobil, bu vaxta qədər isə 6 144 avtomobil  verilib. Şəhid ailələri ilə görüşdə şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin onun fəaliyyətində daim prioritet təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev bundan iki gün sonra imzaladığı Fərmanla şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdünün 242 manatdan 300 manata, eləcə də Əfqanıstanda şəhid olanların ailələri üçün Prezident təqaüdünün 220 manatdan 300 manata çatdırılması ilə davam etdi.

Pensiya hüququ elə pensiya yaşı çatan gün reallaşdırılır

"2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır", deyə bəyan edən Prezident cənab İlham Əliyevin bu sözləri onun uğurlu sosial islahatlar paketinin nailiyyətləri kimi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində ciddi addımların atılması ilə real təsdiqini tapıb. Dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addım oldu. Pensiya yaşına çatmış şəxslərin heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən pensiya hüquqlarının elə pensiya yaşı çatan gün reallaşdırılaraq özlərinə də bu barədə e-qaydada məlumat göndərilməsinə imkan yarandı. Həmin islahat tədbiri fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan pensiya yaşı çatmış şəxslərə 2006-cı ilin  yanvarın 1-dək 25 il sosial sığorta stajının avtomatik hesablanmasına, beləliklə, minlərlə insanın pensiya təminatı sistemi ilə əhatə olunmasına şərait yaratdı. Bu da məhz Prezident cənab İlham Əliyevin yaşlı əhaliyə humanist yanaşmasının, onlara qayğıkeş münasibətinin daha bir nəticəsidir.

Pensiya təminatında əhəmiyyətli artım

Prezident İlham Əliyev tərəfindən 27 fevral 2019-cu il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" imzalanan sərəncamla minimum pensiya məbləğinin martın 1-dən orta hesabla 40 faiz artırılması pensiya təminatında ciddi irəliləyişə imkan verdi. 233 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma səbəb olan və həmin artımların edilməsi üçün illik əlavə 49 milyon manatın ayrılmasını nəzərdə tutan bu mühüm addım nəticəsində Azərbaycan alıcılıq qabiliyyəti indeksi (PPP) üzrə minimum pensiyanın məbləğinə görə artıq MDB məkanında ilk iki yeri bölüşür. Prezident İlham Əliyevin sosial islahatlar paketinin daha bir uğurlu nəticəsi ölkədə minimum əmək haqqının 2019-cu il martın 1-dən orta hesabla 40 faiz artırılaraq 180 manata çatdırılması oldu. Dövlət sektoru üzrə 450 min, özəl sektor üzrə 150 min olmaqla ümumilikdə 600 min işçinin rifahına ciddi dəstək olan bu artım üçün illik 400 milyon  manat əlavə vəsait ayrılacaq. Minimum əmək haqqının yaşayış minimumuna çatdırılmasına imkan verən bu artım eyni zamanda qeyri-rəsmi əmək münasibətlərinin də leqallaşdırılmasına öz müsbət təsirini göstərir. Dövlət başçısının imzaladığı 25 fevral 2019-cu il tarixli Sərəncam isə ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərdi. Sərəncamla 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlərin, Prezidentin aylıq təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılması təmin edildi, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu. Sərəncamın icrası məqsədilə əlavə olaraq illik 400 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da sosial müavinət və təqaüdlərin verilməsinə yönələn illik vəsaitin 2 dəfə artırılması deməkdir. Eyni zamanda, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət  50 faiz artırılaraq 60 manata çatdırılmaqla, bu müavinəti alan 500 mindən çox məcburi köçkünün rifahına mühüm dəstək verildi. 14 fevral 2019-cu il tarixli Sərəncamla 110 minədək  tələbənin  təqaüdlərinin ciddi şəkildə artırılması da təmin olundu. Dövlət başçısının həyata keçirdiyi sosial siyasət nəticəsində əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar və əlilliyi olan şəxslər evlərində sosial xidmətlə təmin edilirlər. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmətçiləri 10448 tənha ahıl və əlilliyi olan şəxsə evlərində sosial xidmət göstərirlər.

Gənclər və uşaqların sosial müdafiəsi prioritet təşkil edir

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində ölkəmizdə daim güclənən sosial təminat sisteminin əhatə etdiyi əhali qruplarından biri də uşaqlardır. Ölkəmizdə 10-dan çox sosial müavinət növü vardır ki, onlar məhz uşaqların sosial müdafiəsinə yönəlib. Belə ki, hazırda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları, valideyn himayəsindən məhrum olmuş uşaqlar aylıq sosial müavinətlə təmin edilirlər. Həmçinin aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrin 1 yaşadək uşaqlarına aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə isə birdəfəlik müavinət ödənilir. Çernobıl AES qəzası  nəticəsində I və II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına da müavinət verilir. Ailə başçısını itirmiş ailələrə də aylıq sosial müavinət və ya əmək pensiyası ödənilir ki, həmin ailələrin üzvlərinin böyük əksəriyyətini, habelə ünvanlı sosial yardım alan ailələrin üzvlərinin 50 faizdən çoxunu uşaqlar təşkil edir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) aylıq sosial müavinətlə təmin edilirlər. Sığortaolunanlara da üç yaşınadək uşaqlara qulluğa görə müavinət ödənilir. Sevindirici haldır ki, qeyd olunan müavinətlərin mütəmadi olaraq artırılması da təmin edilir. Dövlət başçısının 25 fevral 2019-cu il tarixli Sərəncamı bu istiqamətdə növbəti və əhəmiyyətli addımın atılmasına imkan verib. Belə ki, Sərəncama əsasən, aprelin 1-dən sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılmaqla, həmin uşaqlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Eyni zamanda, Sərəncamla beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət 33 manatdan 55 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün hər uşağa görə müavinət 68 manatdan 100 manata, uşaqların qəyyumları (himayəçiləri) üçün müavinət 61 manatdan 100 manata, ailə başçısını itirməyə görə müavinət hər ailə üzvü üçün 68 manatdan 80 manata, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət  109 manatdan 200 manata çatdırılıb.

Ölkədə vətəndaşların sosial problemlərinin həllini öz siyasətində prioriet kimi müəyyən edən Prezident cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli Fərmanı devalvasiyanın təsirlərini aradan qaldırmağa və problemli kreditlərin həllinə də şərait yaratdı. Ölkənin sosial həyatı üçün olduqca mühüm olan, 800 mindən artıq insanın problemli kredit narahatlığını aradan qaldıran bu addım Azərbaycan Prezidentinin yüksək humanizmini, onun daim ölkə vətəndaşının yanında olduğunu bir daha nümayiş etdirdi. 19 fevral 2019-cu il tarixli Fərman isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafelərinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsipləri dayandığının növbəti təsdiqi oldu. Beləliklə, ötən dövr ərzində Prezident cənab İlham Əliyevin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verib.

Sosial siyasət demoqrafik artımı təmin edib

Ölkədə sosial siyasətin mühüm cəhətlərindən biri də onun davamlılığıdır və bu rasional nəticələrlə müşayət olunur. Son 15 il ərzində 2 milyondan çox yeni iş yerinin yaradılması, əhalinin 1.6 milyon nəfər artması və nəhayət 10 milyonuncu sakinin dünyaya göz açması da məhz bu siyasətin bariz nümunəsi kimi xarakterizə edilə bilər. Sadalanan faktlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən davamlı islahatlar ilk növbədə vətəndaşların maraqlarına xidmət edir. Son zamanlar imzalanmış Sərəncam və Fərmanlar bir daha sübut etdi ki, Prezident İlham Əliyevin siyasi kursunun qayəsində vətəndaş amili durur.

Alim Hüseynli

Məqalə "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün" hazırlanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR