Regional proqramlar əhalinin su təchizatının yaxşılaşdırılmasında mühüm rol oynayıb

Artıq 15 ildir ki, uğurla həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində görülən mühüm işlərdən biri də bölgələrdə əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər olub. Ümumiyyətlə, bu proqramlar çərçivəsində ayrı-ayrı şəhər və rayonların su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub, regionlarda içməli suya olan tələbatın ödənilməsi istiqamətində lazımı tədbirlər həyata keçirilib.

Belə ki, 2004-2008 və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilib və hazırda icra olunan sayca dördüncü Dövlət Proqramı çərçivəsində işlər davam etdirilir. Ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunub, artıq 12 şəhərdə işlər yekunlaşıb, digər 28 şəhərdə isə davam etdirilir.
Görülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunub ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.

Dövlət Proqramları çərçivəsində 2014-cü ildə həyata keçirilən ən böyük layihə Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisi olub. Diametri 810 millimetr olan 62 kilometr uzunluğunda magistral kəmərin inşası 8 aya başa çatdırılıb. 
Regional proqramlar çərçivəsində Mingəçevir şəhərində də su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı mühüm işlər görülüb. Bu məqsədlə Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilib, şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşıb.
2014-cü ildə Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılıb, 4900 mənzildə smart sayğac quraşdırılıb və şəhər sakinləri fasiləsiz su ilə təmin olunublar.
Dövlət Proqramında içməli sudan əziyyət çəkən kəndlərdə də layihələrin icrası nəzərdə tutulub ki, bu istiqamətdə də ötən illər ərzində xeyli işlər görülüb. Belə ki, düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapmıb. Eyni zamanda Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı ərazilərə su xətləri çəkilib. Bundan başqa Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də işlər görülüb, nəticədə 35 min nəfərin su təminatı yaxşılaşıb. 
Dövlət Proqramları çərçivəsində Şirvan şəhərinin Yeni Yaşayış massivində 49 kilometr su şəbəkəsi yaradılıb, Şirvan-Muğan kəmərindən əraziyə magistral xətt çəkilib. Ümumiyyətlə,  Dövlət Proqramının icrasının birinci ilində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda ümumilikdə 832 kilometr magistral və paylayıcı su xətti, 256 kilometr kanalizasiya kollektoru və şəbəkəsi, 39 su anbarı, 4 nasos stansiyası tikilib, 50 min ədəd smart sayğac quraşdırılıb.

2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq isə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması sahəsində böyük işlər görülüb. Dövlət büdcəsi vəsaiti və beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına ümumilikdə 52 şəhəri və 730 kəndi əhatə edən layihələr üzrə işlər icra olunub. Regionlarda həyata keçirilən layihələr hazırlanarkən əhali artımı, sənayenin inkişafı, turizm potensialı, ekoloji tarazlıq və digər amillər əsas götürülüb. Proqramın icrası müddətində Bakı şəhəri və Abşeron yarımadasının su təminatında müstəsna əhəmiyyət daşıyan, memarı ulu öndərimiz Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri tikilərək istifadəyə verilib. Bu kəmərin istifadəyə verilməsi ilə Bakı şəhərinin su təchizatında stabillik təmin edilib, fasiləsiz su alan əhalinin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Bunun nəticəsində Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən suyun həcminin azaldılmasına və yaranan əlavə ehtiyatın su təchizatı zəif olan bölgələrə yönəldilməsinə imkan yaranıb. Kür sutəmizləyici qurğularının imkanlarından istifadə edilməklə Saatlı və Sabirabad şəhərlərinin, həmçinin 36 kəndin su problemi də öz həllini tapıb.

Dövlət Proqramı çərçivəsində Saatlı və Sabirabad şəhərlərini su ilə təmin edəcək uzunluğu 65 kilometr olan magistral kəmərin inşasına başlanılıb. Bu layihənin icrası nəticəsində Saatlı və Sabirabad rayonlarının ümumilikdə 100 mindən artıq sakini keyfiyyətli su ilə təmin ediləcək.

Regionlarda həyata keçirilən böyük layihələrdən biri Mərkəzi Aran bölgəsini əhatə edən, Girdimançayın yatağında yerləşən Külüllü su mənbəyi layihəsidir. Ucar, Zərdab, Kürdəmir, Ağsu şəhərlərini, həmçinin 67 kəndi əhatə edən layihə çərçivəsində məhsuldarlığı saniyədə 500 litr olan suqəbuledici qurğu tikilib, buradan Kürdəmir, Ucar, Zərdab və Ağsu şəhərlərinə ümumilikdə 170 kilometr uzunluğunda magistral kəmərlər çəkilib 4 şəhərin hər birinə içməli suyun verilməsi təmin edilib. Bu layihə tam başa çatdıqdan sonra 170 mindən artıq əhali su ilə təmin ediləcək.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində cənub bölgəsində yerləşən yaşayış məntəqələrinin su təchizatı üçün mənbə kimi Xanbulan və Viləşçay su anbarları seçilib. Xanbulançay dəryaçası yaxınlığında Lənkəran, Astara şəhərləri və 39 kəndi su ilə təmin edəcək sutəmizləyici qurğu tikilib, Xanbulan-Lənkəran magistral su kəmərinin tikintisi başa çatdırılıb, Lənkəran şəhərinə içməli suyun verilməsi təmin edilib. Astara şəhəri və rayonun kəndlərinin su təchizatının aparılması üzrə layihələndirmə işləri başa çatdırılıb. Dövlət Proqramlarının icrasının ilk dövründən içməli sudan daha çox əziyyət çəkən kəndlərdə mərhələli şəkildə təxirəsalınmaz tədbirlərin icrasına başlanılıb. Oğuz və Şəki rayonlarında 21 min sakini olan 9 kəndi əhatə edən Balaşum-Böyük Söyüdlü-Qaratorpaq kəməri tikilərək istifadəyə verilib. Cəbhə bölgəsində yerləşən Ağdam, Füzuli, Tərtər və Goranboy rayonlarının sərhədyanı 8 kəndində, həmçinin Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün Biləsuvar ərazisində salınmış 6 qəsəbədə su təchizatı sistemləri yaradılıb.

Su qıtlığı müşahidə olunan kəndlərdə ümumilikdə 135 subartezian quyusu qazılıb, 690 kilometr su xətti çəkilib, 36 su anbarı tikilib, nəticədə 210 mindən artıq əhalisi olan 280 kəndin içməli su təminatı yaxşılaşdırılıb.

Ümumilikdə, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda 3430 kilometr içməli su xətti, 1225 kilometr kanalizasiya kollektorları və şəbəkəsi, 96 ədəd su anbarı, 39 ədəd su və kanalizasiya-nasos stansiyaları tikilib. Proqramlarda nəzərdə tutulmuş tədbirlər çərçivəsində Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 8, Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Agentliyi tərəfindən 6 rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub. Bu rayonlarda görülmüş işlər də nəzərə alınmaqla, regionlarda 540 min nəfərin su təminatı yaxşılaşdırılıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində icra edilən mühüm layihələrdən biri də"Mingəçevir şəhərininsutəchizatı və kanalizasiya sistemlərininyenidənqurulması layihəsi"dir.

Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 2011-ci ilin oktyabrında "Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"nin icrasına başlanıb . Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Mingəçevir şəhərini içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilib və onun yaxınlığında müasir sutəmizləyici qurğunun inşası layihələndirilib. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya 800 mm diametrli borularla 721 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilib. Təmizləyici qurğunun yeri elə seçilib ki, göldə suyun səviyyəsi minimum həddə düşəcəyi halda da buradan təmizləyici qurğuya su özüaxımlı rejimdə ötürüləcək.

İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə Mingəçevir su anbarının yaxınlığında dəniz səviyyəsindən 55 metr yüksəklikdə məhsuldarlığı sutkada 55 min kubmetr və ya saniyədə 636 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. Burada suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Ümumdünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Tam qapalı rejimdə işləyən qurğuda suyun giriş və çıxış parametrlərinə sensorların köməyi ilə avtomatik nəzarət olunur. Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə yerləşən anbara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 2100 kubmetr olan nasos stansiyası quraşdırılıb.

Bundan başqa şəhərdə layihələndirilmiş 236 km kanalizasiya şəbəkəsinin 103 km hissəsi və 21 km uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının optimal idarə olunması məqsədilə ilkin mərhələdə kanalizasiya şəbəkəsi üzərində məhsuldarlığı saatda 1300 kubmetr olan 3 ədəd kanalizasiya nasos stansiyası quraşdırılıb və işlək vəziyyətə gətirilib. Gələcəkdə şəbəkə üzərində müxtəlif nöqtələrdə məhsuldarlığı saatda 3256 kubmetr olan 4 yeni kanalizasiya nasos stansiyasının inşası da nəzərdə tutulur. Mingəçevir şəhərində yaranacaq tullantı suları Yevlax rayonunun   Hacıselli kəndi ərazisində inşası nəzərdə tutulan və məhsuldarlığı sutkada 60 min kubmetr nəzərdə tutulan tullantı sutəmizləyici qurğuda təmizlənərək kənarlaşdırılacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR