Dünyanın qlobal problemləri Bakıda müzakirə olunur- TƏHLİL

Artıq Azərbaycan beynəlxalq qlobal problemlərin həll olunduğu məkana çevrilib. Ölkəmizdə ilbəil Qlobal Bakı Forumunun keçirilməsi də məhz bu məqsdə xidmət edir. Qətiyyətlə qeyd etmək olar ki, Qlobal Bakı Forumu istər ölkəmizin, istərsə də sülh və sabitlik istəyən ölkələrin milli maraqları baxımından olduqca mühüm dialoq platformasına çevrilib. 7-ci Qlobal Bakı Forumunun "Dünyanın yeni xarici siyasəti" mövsuzuna həsr olunması onun dünya ölkələri üçün nə qədər əhəmiyyətli olduğunu təsdiq etmiş olur. Forumda 55 ölkədən 500-dən çox nümayəndənin  iştirakı özü-özlüyündə bir qiymətləndirmə meyarı kimi qəbul edilə bilər. Nəzərə almaq lazımdır ki, iştirakçılar içərisində 5 hazırkı prezident, 1 hazırkı baş nazir, 2 baş nazirin müavini və 42 sabiq dövlət və hökumət başçısı, görkəmli siyasətçilər, vətəndaş cəmiyyətinin təmsilçiləri, jurnalistlər, alimlər, gənc liderlər var ki , bunlar büynəlxalq və milli səviyyəli aktorlar olmaqla hazırda və keçmişdə dünya siyasətinin formalaşmasında söz sahibi olan insanlar olub. Forumda dünyanı narahat edən qlobal siyasi və iqtisadi problemlər, müasir beynəlxalq münasibətlərin müxtəlif aspektləri ilə bağlı müzakirələr aparılır. Bu fakt isə əslində forumun beynəlxalq nüfuzunun göstəricisi olmaqla həm də Azərbaycana olan münasibətin əyani göstəricisidir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev Forum iştirakçılarının diqqətinə çatdırıb ki, dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrinə də yönəldib, bu ideyanın dünyada təbliğ edildiyini vurğulayıb: "Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. Bunun tarixçəsi də var. Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar". Dövlət başçısı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu tendensiya davam edib: "Biz bu ideyaları qlobal müstəvidə təşviq etməyə çalışdıq. Ona görə biz bu istiqamətdə bir sıra mühüm beynəlxalq tədbirlər, konfranslar təşkil etdik. Bu tədbirlərdə əsas müzakirə mövzusu multikulturalizmin gücləndirilməsi olub. Çünki biz bu gün görürük ki, bu mövzu ilə bağlı müxtəlif baxışlar var. Bu gün Azərbaycan onu nümayiş etdirir ki, dünya yalnız multikulturalizmin təşviqi ilə irəli gedə bilər, gərginliklər azala və qarşılıqlı anlaşma gücləndirilə bilər. Biz bunun nümunəsiyik".

Elə Forum iştirakçıları da  Qlobal Bakı Forumunun əhəmiyyətini etiraf ediblər. Sloveniyanın keçmiş prezidenti Danilo Türk deyib ki, Qlobal Bakı Forumu ildən-ilə inkişaf edərək çox səmərəli platformaya çevrilib. D.Türk qeyd edib ki, bu forum iştirakçılara dünyanı maraqlandıran mühüm məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün böyük imkan yaradır: "Builki forum irəli atılan daha bir addımdır və xarici siyasətlə bağlı məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradıb". Keçmiş prezident əlavə edib ki, Azərbaycan sivilizasiyalararası dialoqun qurulması istiqamətində çox gözəl işlər görür: "Azərbaycan İslam ölkəsidir, lakin ölkə çox açıq fikirlidir. Azərbaycan hətta kilsələrin bərpa olunmasına dəstək göstərir ki, bu da xalqlar arasında inamın və dialoqun qurulmasına şərait yaradır. Bu cür işlərin görülməsi bu gün dünyaya daha çox lazımdır və Azərbaycan bu istiqamətdə çox gözəl işlər görür".

Millət vəkili Kamilə Əliyeva  da Qlobal Bakı Forumunun uğurlu və faydalı dialoq platformasına çevrildiyini bildirib. Qeyd edib ki, bu, həm də Azərbaycanın dünyanın dialoq məkanı və mərkəzinə çevrilməsinin növbəti əyani sübutu və göstəricisidir: "Artıq neçə illərdir ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin yeritdiyi son dərəcədə müdrik və uzaqgörən siyasət nəticəsində dünyanın dialoq məkanı funksiyasını uğurla yerinə yetitməkdədir. Ölkəmiz həm milli-dini tolerantlıq, həm də siyasi, iqtisadi, mədəni, humanitar, hərbi və diplomatik dialoq məkanıdır. Azərbaycanda regionumuzu, yerləşdiyimiz coğrafiyanı, bütövlükdə dünyamızı maraqlandıran, narahat edən həm siyasi, həm iqtisadi, həm humanitar, həm hərbi məsələlərlə bağlı ən nüfuzlu və yüksək səviyyəli təbdirlər keçirilir. Bu tədbirlər, toplantılar, forumlar bir-birini əvəzləməkdədir, biri bitməmiş, digər başlayır. Bu, ölkəmizin yeritdiyi siyasət, uğurlu inkişaf modeli ilə yanaşı, həm də Azərbaycanımıza etimad və etibarla birbaşa bağlı olan bir məsələdir. Artıq region (işğalçı Ermənistan istisna olmaqla-red)  və dünya dövlətləri Azərbaycanın timsalında özlərinin ən etibarlı, ən güvəniləcək tərəfdaşını, müttəfiqini tapıblar, qazanıblar. Onlar Azərbaycana, onun sözünə, ən əsası ölkə prezidenti İlham Əliyevə hər bir məsələdə tam etimad edirlər, Azərbaycanın sözü, çəkisi, nüfuzu, siyasi və iqtisadi gücü ilə hesablaşırlar. Bilirlər ki, Azərbaycanın razılıq verdiyi, iştirakçısı və təşəbbüskarı olduğu, reallaşdırdığı bütün məsələlərdə ancaq və ancaq böyük xeyir var. Bundan kimsə indiyə qədər ziyan çəkməyib, çəkmir və çəkməyəcək. Odur ki, Azərbaycanın artıq 7-ci ildir ki, reallaşdırdığı və uğurlu, layiqli şəkildə ev sahibliyi etdiyi Qlobal Bakı Forumu da məhz belə mötəbər tədbirlərdən, effektli, səmərəli dialoq platformalarındandır. Dövlət başçısının da qeyd etdiyi kimi, "Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridi". Millət vəkili bildirib ki, 7-ci Forumun ilk günü də çox uğurlu şəkildə başa çatdı. Həm Azərbaycan prezidenti Forumda çox tarixi bir çıxış etdi, həm də Foruma qatılan bir çox dövlətlərin sabiq və indiki dövlət və hökumət rəhbərləri, nüfuzlu, tanınmış insanlar öz mövqelərini ortaya qoydular. Həm onları, təmsil etdikləri dövlətləri və xalqları maraqlandıran, narahat edən məsələləri dilə gətirdilər, həm də Forumla, ölkəmizlə bağlı çox yüksək fikirlər səsləndirdilər: "Azərbaycan prezidenti nitqində "Bu gün bu zalda böyük intellektual potensial var, bu da, əslində, Forumun əhəmiyyətini əks etdirir. Qlobal gündəlikdə çox sayda beynəlxalq tədbir, konfrans var. Lakin keyfiyyət iştirakçıların siyahısına, onların təcrübəsinə və intellektual potensialına görə ölçülür"-deyərək, bildirdi ki,  məhz bu səbəbdən Qlobal Bakı Forumunun dünya xəritəsində nadir yeri var. Bu baxımdan, şəxsən mən də belə  hesab edirəm ki, Qlobal Bakı Forumu bundan sonra da dünya xəritəsindəki layiqli yerini qoruyub, saxlayacaq və istər regionumuzun, istərsə bütövlükdə dünyamızın inkişafına, tərəqqisinə, təhlükəsizliyinə öz töhfələrini verməkdə davam edəcək".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR