SOCAR və Qazaxıstanın “KazMunayQaz” şirkəti anlaşma memorandumu imzaladılar

Bakıda SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Qazaxıstanın "KazMunayQaz" Milli Şirkəti" Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. "OLAYLAR" SOCAR-a istinadən xəbər verir ki, Qazaxıstan nümayəndə heyətində həmçinin KazMunaqQaz MŞ-nin idarə heyətinin sədrinin Kəşfiyyat, hasilat və neft xidmətləri üzrə müavini Qurmanqazı İskaziyev və "Kaztransoyl" Səhmdar Cəmiyyətinin baş direktoru Dimaş Dosanov, "Kazmortransflot" Milli Dəniz Daşıma Şirkətinin baş direktoru Marat Ormanov təmsil olunmuşlar. Görüşdə neft-qaz sənayesinin bütün sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə iş planı barədə fikir mübadiləsi aparılıb. Daha sonra SOCAR və KazMunayQaz şirkətlərinin rəhbər şəxsləri anlaşma memorandumu imzalayıblar. 

Memorandum şirkətlər arasında geniş əməkdaşlıq perspektivlərini, o cümlədən daşıma və ticarət əməliyyatları sahəsində, Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanların müəyyənləşdirilməsini əhatə edir. Memorandum cərçivəsində atılacaq ilk konkret addım olaraq, "KazMunayQaz" şirkətinə məxsus "Sətti" üzən qazma qurğusunun Bakıya gətirilərək burada modernləşdirlməsi və daha sonra Xəzər dənizinin Azərbaycan sektorunda SOCAR-ın layihələrində qazma işlərinin aparılması nəzərdə tutulur. 

Görüş çərçivəsində həmçinin SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə Qazaxıstanın "Kazmortransflot" LLP (NMSC) Milli Dənizçilik Loqistika Şirkəti arasında karbohidrogen resurslarının nəqli sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı niyyət protokolu imzalanıb.
Rəsmi görüş və müzakirədən sonra qonaqlar SOCAR Tower-də ölkəmizin qədim neft tarixini və yeni neft strategiyasının uğurla reallaşdırılmasını özündə əks etdirən interaktiv neft sərgisi ilə tanış olublar. 

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR