Elektrik cərəyanı ilə tutulan balıqlar nə dərəcədə təhlükəlidir?

Bazarlarda kanalizasiyalardan tutulan balıqlar satılır

Qış fəslinin gəlişi ilə əlaqədar olaraq balıq ovuna maraq artıb. Məsələ orasındadır ki, balıq ovu əksər hallarda qanunsuz şəkildə həyata keçirilir. Belə qanunsuz fəaliyyətə qarşı mübarizə isə lazımi səmərə vermir. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qanunsuz balıq ovu ilə bağlı reydlər davam etdirilir. Keçirilən geniş miqyaslı reydlər zamanı tərkibində Qeyri Hökumət Təşkilatlarının, ictimaiyyət nümayəndələrinin və Nazirliyin mütəxəssislərinin təmsil olunduğu qruplar Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində və daxili su obyektlərində, o cümlədən çaylar, kanallar və kollektorlarda rast gəlinən bir sıra neqativ halları aradan qaldırıb. Xüsusilə Mil-Muğan və Şirvan kanallarında qanunsuz qurulmuş xeyli tor, balıq tutmaq üçün digər qanunsuz vasitələr, vizual görüntülərinə görə xeyli müddət istifadə edilməyən balıq ovu üçün nəzərdə tutulmuş alətlər aşkar edilib və akt tərtib olunaraq zərərsizləşdirilib. Maraqlı məqam ondan ibarətdir ki, bir sıra insanlar balıq ovunu əyləncə kimi qəbul etsələr də böyük bir qismi bundan dolanışıq mənbəyi kimi istifadə edilir. Yəni, gün ərzində yüzlərlə insan ovladığı balığı satışa çıxarır. Məsələ orasındadır ki, hazırda satışa çıxarılan balıqların əksəriyyətinin dəniz və çaylarda deyil, adicə su kanallarında ovlandığı bildirilir. Sirr deyil ki, belə balıqlar insan orqanizmi üçün təhlükəli hesab olunur. Məlumata görə, Mil-Muğan və Şirvan kanallarında, eləcə də Baş Şirvan və Baş Mil-Muğan kollektorlarında qanunsuz qurulmuş xeyli tor, balıq tutmaq üçün digər qanunsuz vasitələ rast gəlinir. Qeyd edək ki, Kür çayının üzərində olan bir neçə belə balıqartırma əhəmiyyətli vətəgə-stansiyalarda, o cümlədən Şirvan və Mil-Muğan kollektorlarındakı məntəqələrdə də törədici ana balıq tədarük olunur və onlardan alınan kürülərdən minlərlə körpə balıq yetişdirilərək Xəzər dənizinə qaytarılır. Bu səbəbdən də bu təyinatlı sututarlarda balıq tutmaq məqsədə uyğun deyil, burada qanunsuz, həm də həvəskar balıq ovuna icazə verilmir. Ona görə ki, vətəgədə quraşdırılmış balıq tutucu vasitələrlə balıqların hərəkəti məhdudlaşdırıldığından həvəskar balıqçılar burada cəmləşən və qaça bilməyən balıqları asanlıqla tutur və elə zənn edilir ki, guya bu balıqlar təbii şəraitdə tutulur. Əslində isə belə deyil. Bir tərəfdən belə qurğular nisbətən şirin suya cəlb edilib kanallara daxil olan balıqların kanallarla yuxarı keçərək hansısa tarlada məhv olmasının qarşısını alır, digər tərəfdən yuxarıda qeyd edildiyi kimi, ilk növbədə kürüləməyə hazır balığın şirin suya, onu çay bilərək kürü tökmək üçün daxil olduğunu nəzərə alaraq balıqartırma zavodları üçün kürüləməyə hazır törədici balıqları əldə etmək məqsədi daşıyır. Həmin sahələrdə qadağanedici və maarifləndirici lövhələr də ona görə qoyulub ki, hətta həvəskar balıqçı da həmin ərazidə balıq tutmasın və burdan alınan kürülərdən yetişdirilərək dənizə, çaylara buraxılan balıqları gələcəkdə digər ərazilərdə tuta bilsin. Lakin daha dəhşətlisi odur ki, balıq ovu Bakıətrafı  kanalizasiyalarda aparılır. Belə ki, brakonyerlər balıq tutmaq üçün çaya elektrik cərəyanı buraxırlar. Mütəxəssislərin fikrincə, balığın haradan və necə tutulması da əsas şərtdir. Mütəxəssislərin fikrincə, kanalizasiya sularında yaşayan balıqların satışı qadağandır. Çünki bu cür balıqlar toksiki maddələrlə zəhərlənir. Buna görə də bu cür balıqları yemək olmaz. Toksinlər bağırsaq yollarına gedir və orqanizmdə müxtəlif xəstəliklər yaradır. Məhz bu kimi halların nəticəsidir ki, hər il xeyli sayda balıqdan zəhərlənmə halları qeydə alınır. Ölkədə qanunsuz ov hallarının qarşısının alınması istiqamətində mütəmadi reydlərin davam etdirilməsinə baxmayaraq bazarlarda, özü də antisanitar şəraitdə satışa çıxarılan balıqların sayı kifayət qədərdir. 

Bəs, keyfiyyətli balığı necə müəyyənləşdirmək olar? Əvvəla onu qeyd edək ki, tərкibində zülal, yağ, mineral maddələr, vitaminlər və digər bioloji fəal maddələr olan balıq və balıq məhsullarının insanların sağlam qidalanmasında xüsusi əhəmiyyəti var. Fizioloji normaya əsasən, orta yaşlı insan ildə azı 18 kq balıq istehlaк etməlidir. Ticarət şəbəkələrində əsasən diri, hisə verilmiş və qaхac edilmiş, duzlu balıq, balıq кonservləri və digər dəniz məhsulları satılır.İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, istehlakçılar hazırki şəraitdə balıq alarkən bir sıra vacib məsələlərə diqqət yetirməlidirlər. İlk növbədə nəzərə alınmalıdır ki, təzə balığın dərisinin səthi təmiz, az miqdarda şəffaf selik ilə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış olur. Keyfiyyətli təzə balığın gözləri şəffaf, parlaq olur. Qəlsəmələrin arasını iylədikdə spesifik təzə balıq iyi hiss olunur. Təzə balığın qəlsəməsi tünd qırmızı, köhnə balıqlarda isə boz rəngə çalır. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır. Basıldıqda əmələ gələn batıq tez hamarlanır. Təzəlik dərəcəsinin itməsi ilə əlaqədar olaraq balıq ətinin ağ rəngi itir, çəhrayı, qırmızı, qonur rənglər yaranır. Balıq məhsulları alarkən istehlakçıların üzləşdiyi başlıca problem balığın saxlama müddətinin keçməsidir. Təzə balıqdan spesifik çürümə iyi gəlməməlidir. Balıq köhnəldikcə selik şəffaflığını itirir, ağ, sarı, boz və s. rənglərə çalır. Xarab olma dərəcəsindən asılı olaraq qəlsəmələrin rəngi qırmızı-qəhvəyi, çəhrayı və s. dəyişə bilər. Qəlsəmələrin üzərindəki selik qatı təzə balıqlarda şəffaf və rəngsiz olur. Saxlama müddətinin ötməsi nəticəsində balığın gözünün rəngi bulanıqlaşır. Dövlət xidmətinin məlumatında bildirilir ki, balıq məhsullarının növündən asılı olaraq onların saxlanma müddəti, şəraiti və temperaturu da müxtəlifdir. İlin isti vaхtlarında müvafiq şəraitdə təzə balığı mağazada 24 saat, soyuq vaхtlarda 48 saat saхlamaq olar. Duzlu balıq çəlləklərdə duzlanma səviyyəsindən asılı olaraq 4-9 ay, yeşiklərdə 4 aya qədər, xüsusi paketlərdə vakuum şəraitdə 20-35 sutka, vakuumsuz şəraitdə 10-15 sutka, hisə verilmiş və qaxac edilmiş balıqlar 2 aya qədər müddətdə saxlanıla bilər. Qurudulmuş balıq mənfi 8-10 dərəcədə 8-10 ay saxlanıla bilər. Qida üçün hazır olan və hermetik qablarda daha çox saxlanıla bilən məhsullardan olan balıq konservlərinin saxlama müddəti isə məhsulun növündən, qablaşdırılmasından və saxlama şəraitindən asılı olaraq 6 aydan 3 ilədək müəyyən edilir. Bazarlarda, yarmarkalarda və digər ticarət obyektlərində sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə balıq və balıq məhsullarının satışı qadağan edilir. Nəzərə almaq lazımdır ki,   keyfiyyətsiz balıq və balıq məhsullarının istehlakı insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilər. Bunun baş verməməsi üçün balığın keyfiyyətinə, saxlanma şəraiti və müddətinə xüsusi fikir verilməlidir.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR