Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin olunub

Bu,  2019-cu ildə hər bir vətəndaşın maddi-rifah halında hiss olunacaq

Azərbaycanda baş verən dayanıqlı iqtisadi inkişaf ona yalnız regionda gedən proseslərdə deyil, eyni zamanda beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazandırıb. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlər Azərbaycanın mövqeyi ilə hesablaşmaq zorunda qalıblar. Bu isə o deməkdir ki, ölkədə yürüdülən xarici siyasət Azərbaycanın regionda və dünyada tərəfdaşlarının sayını xeyli artırıb. Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib ki, bu gün Azərbaycan dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir. Ölkə Prezidenti İlham Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış praqmatik siyasəti 2018-ci ildə də öz bəhrəsini verdi. Yola saldığımız il Azərbaycanın müasir siyasi tarixinə dinamik inkişaf, sabitlik dayanıqlı iqtisadiyyat, ciddi islahatlar ili kimi daxil oldu və daha parlaq gələcək üçün uğurlar, qələbələr, nailiyyətlərlə dolu yeni səhifələrin açılmasına təkan verdi. P.Kərimzadə bildirib ki, dünyada baş verən ziddiyyətli geosiyasi proseslər fonunda Prezident İlham Əliyevin müdrik, dərindən düşünülmüş xarici siyasəti sayəsində Azərbaycanın güclü ölkə kimi beynəlxalq aləmdə nüfuzu getdikcə yüksəlib. Onun sözlərinə görə, uzunmüddətli strategiyaya hesablanan xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan nəticələr gələcəyə ümidlə baxmağa əsas verir: "Ölkə başçisinin 2018-ci ildə 16 ölkəyə səfər etməsi, səfərlər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsi, Avropa İttifaqı ilə imzalanan Tərəfdaşlıq Prioritetləri, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi, TANAP qaz kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılışının baş tutması Azərbaycanın 2018-ci ildə xarici siyasət sahəsində qazandığı uğurun tam təsdiqidir". Millət vəkili həmçinin qeyd edib ki, 2018-ci il böyük məqsədlərə doğru inamla irəliləyən Azərbaycanda növbəti prezident seçkilər ili kimi tarixə qovuşdi. Xalq daxili inamına söykənərək ölkəni inkişaf, tərəqqi yoluna çıxaran siyasətin müəllifinə - cənab İlham Əliyevə yenidən etimad göstərməklə Azərbaycanın gələcək tərəqqisinin, davamlı inkişafın məhz mövcud siyasi kursun davamlılığının təminatından asılı olduğunu təsdiq etdi: "Yubileylər ili kimi yaddaşlara yazılan 2018-ci ildə həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin, xalqımız müasir və müstəqil Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinin, 15 İyun Milli Qurtuluş Gününün 25-ci ildönümünün, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100-cü ildönümlərinin qeyd edilməsi ilə də yadda qaldı. Cari ildə Azərbaycan dünyaya Şərqin ilk demokratik dövlətini yaradan xalq kimi çıxış etdi, dövlət tərəfindən tariximizə, keçmişimizə, dəyərlərimizə göstərilən böyük ehtiramı dünya xalqları ilə bölüşdük. Eyni zamanda, Bakıda iki təntənəli hərbi parad cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, döyüş imkanlarını bir daha bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşlərindən sonra ordumuzun Naxçıvan istiqamətindəki Günnüt qələbəsi Azərbaycan hərbi qüdrətinin, dövlət siyasətinin tarixi qələbəsi oldu. Bütövlükdə isə, son 15 ildə olduğu kimi ötən ildə əldə olunmuş siyasi və sosial-iqtisadi nailiyyətlər 2018-ci ili Azərbaycan tarixinə qızıl hərflərlə yazdı və qarşıdan gələn illərdə qazanılacaq uğurlar üçün əhəmiyyətli baza yaratdı". Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili deyib ki, ötən il ərzində Azərbaycan iqtisadiyyatında makrosabitlik hökm sürüb. İnflyasiya cəmi 2 faizdən bir az çox olub ki, o da əslində, ölkə iqtisadiyyatında dayanıqlı iqtisadi inkişafın təmin olunması mərhələsinə qədəm qoyulması anlamına gəlir. Ötən dövr ərzində ölkədə yeni iş yerləri açılıb, yeni-yeni müəssisələr fəaliyyətə başlayıb. Azərbaycan həm daxildə, həm də beynəlxalq layihələrdə qarşıya qoyduğu hədəflərə nail olub. Tahir Mirkişili bildirib ki, 2018-ci ilin ən böyük hadisəsi aprel ayında cənab İlham Əliyevin ölkə əhalisinin mütləq əksəriyyətinin etimadı ilə Azərbaycana yenidən Prezident seçilməsidir. Çünki Azərbaycanda həyata keçirilən iqtisadi, siyasi islahatların müəllifi və təminatçısı cənab İlham Əliyevdir. Məhz İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində 2018-ci ildə iqtisadi inkişaf təmin olunmuş, onun sürəti getdikcə artmışdır: "2018-ci ildə Azərbaycanda iqtisadi sahədə artım müşahidə olunub. İqtisadiyyatda ümumi daxili məhsul 1 faizə yaxın artıb, qeyri-neft sektoru 1,3 faiz, qeyri-neft sənayesi 9 faiz, əhalinin gəlirləri 9 faizdən çox artıb. Bütövlükdə bu artımlar ölkəmizdə xarici ticarət əlaqələrində də öz əksini tapıb. Azərbaycanda ötən dövr ərzində ixrac təxminən 40 faizə qədər, qeyri-neft ixracı 10 faizdən çox artıb, bütövlükdə xarici ticarətin həcmi yüksəlib". Millət vəkili  ötən il iqtisadi islahatların həyata keçirilməsi və müsbət nəticələrin 2019-cu ildə Azərbaycan iqtisadiyyatında daha dinamik artım üçün geniş imkanlar yaratdığını bildirib:  "2019-cu ildə ümumi daxili məhsulun 3,6 faiz, qeyri-neft sektorunun 3,9 faiz artması planlaşdırılır. 2019-cu ilin büdcəsi 2018-ci ilə nisbətən daha çoxdur. Bu həm gəlirlərdə, həm xərclərdə özünü göstərir. Bu il orta əməkhaqqı və pensiya təminatının, bütövlükdə ölkəmizin həm valyuta gəlirlərinin, həm daxili istehsalın, icraçın həcminin artması planlaşdırılır. Bütün bunlar Azərbaycan iqtisadiyyatına 2019-cu ildə daha dinamik artım vəd edir. Bununla yanaşı, bir çox layihələrin həyata keçirilməsi, həm qeyri-neft, həm neft sektorunda yeni-yeni müəssisələrin yaradılması ölkədə ümumi istehsal həcminin artmasına gətirib çıxaracaq ki, bu da 2019-cu ildə hər bir Azərbaycan vətəndaşının maddi-rifah halında hiss olunacaq".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR