Yeni aqroparkların yaradılması regionların inkişafına təkan verib

Ölkədə uğurla davam etdirilən sosial-iqtisadi siyasət sayəsində Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edir, dünyada baş verən mürəkkəb siyasi və iqtisadi proseslərin neqativ təsirlərinə qarşı dayanıqlılıq nümayiş etdirir. Etiraf edilməlidir ki, əldə edilən uğurlarda Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarımım rolu kifayət qədərdir. Məlumat üçün qeyd edək ki, həyata keçirilən dövlət proqramları nəticəsində bölgələrin infrastrukturu yenidən qurulub, communal sahələrdə ciddi uğurlara imza atılıb. Təkcə onu demək kifayətdir ki,  regional inkişaf üzrə birinci Dövlət Proqramı qəbul olunandan sonra - son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb. Ölkəmizdə qazlaşdırmanın səviyyəsi 95 faizə çatır. Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Kənd təsərrüfatının inkişafında isə misilsiz naliyyətlər əldə edilib. Yeri gəlmişkən qeyd edək ki, regionların social-iqtisadi inkişafında yeni yaradılan aqroparklar xüsusi rol oynayıb. Dövlət başçısının rəhbərliyi altında görülmüş kompleks tədbirlərin nəticəsi olaraq, iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan qeyri-neft sektorunun inkişafında ciddi irəliləyişlər əldə olunub, onun ümumi daxili məhsulda xüsusi çəkisi üstünlük təşkil edib, ixrac potensialı genişlənib. Belə ki, son 15 ildə ixrac 5,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi isə 2,6 dəfə artıb. İxrac potensialının genişləndirilməsində qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişafı xüsusi önəm kəsb edir. Görülən işlərin nəticəsində aqrar sektorun davamlı inkişafı təmin olunub, bu ilin 9 ayında istehsal 4,3 faiz, kənd təsərrüfatı istehsalı və emalı məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 540 milyon ABŞ dollarına çatıb. Aqrar sektorun inkişafında, regionlarda iqtisadi potensialın artırılmasında, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni metod və üsulların tətbiqi, qabaqcıl texnologiyalara əsaslanan aqroparkların və iri fermer təsərrüfatlarının yaradılması mühüm əhəmiyyət kəsb edir. İqtisadiyyat Nazirliyindən bildirilib ki, respublikada 30 rayon üzrə 192 min hektar ərazidə investisiya dəyəri 1,4 milyard manat olan 45 aqroparkın, o cümlədən 44 min hektar ərazidə 17 müasir cins heyvandarlıq kompleksinin və 148 min hektar ərazidə 28 iri bitkiçilik təsərrüfatının yaradılması üzrə işlər sürətlə davam etdirilir. Bu çərçivədə 330 milyon manat dövlət maliyyə dəstəyi göstərilib ki, bunun da 219 milyon manatı infrastrukturun yaradılmasına yönəldilən dövlət investisiya qoyuluşu, 111 milyon manatı isə 17 aqroparka verilmiş güzəştli kreditlərdir. Bununla yanaşı, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Artıq Xaçmaz, Şəmkir, Cəlilabad, Goranboy və İsmayıllı rayonlarında 5 aqropark istifadəyə verilib. Bundan başqa, Qaxda 2100 hektarda heyvandarlıq, əkinçilik və bağçılıq, Tovuzda 550 hektarda heyvandarlıq və əkinçilik, 12 min hektarda taxılçılıq, Salyanda 3 min hektarda heyvandarlıq və əkinçilik, Hacıqabul və Şamaxı rayonlarında 4300 hektarda heyvandarlıq və əkinçilik, Samuxda 5 min hektarda taxılçılıq, Hacıqabulda 27 min hektarda əkinçilik və 2 min hektarda heyvandarlıq və əkinçilik, Füzulidə 2500 hektarda taxılçılıq, Kürdəmirdə 2 min hektarda əkinçilik, Ucarda 2100 hektarda heyvandarlıq və taxılçılıq, Ağcabədidə 5 min hektarda əkinçilik və Qazaxda 1000 hektarda kartofçuluq olmaqla, ilin sonunadək 69 min hektar ərazidə 13 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Aqroparklar tam fəaliyyətə başladıqdan sonra il ərzində təqribən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsulunun istehsal və emal olunması, ümumilikdə 10 minədək yeni iş yerinin yaradılması proqnozlaşdırılır.

Məlum olduğu kimi məhsuldarlığın artırılmasında, yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsində suvarma suyu ilə təminat vacib faktordur. Regionların social-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bu sahədə də ciddi addımlar atılıb. Belə ki, aqrar sektorun inkişafında xüsusi rolu olan meliorativ tədbirlərin davam etdirilməsi, strateji əhəmiyyətli və iri kapital tutumlu su anbarlarının tikintisi nəticəsində hər il minlərlə hektar torpaq sahələri əkin dövriyyəsinə cəlb olunub. 2018-ci ildə sərəncamlarınızla ayrılmış dövlət əsaslı vəsaitlər hesabına əkin sahələrinə suvarma suyunun çatdırılması üçün magistral kanalların inşası və meliorativ tədbirlərin həyata keçirilməsi davam etdirilir. Ölkədə reallaşdırılan növbəti uğurlu və tarixi layihə - Araz çayının yeni qol-kanalı vasitəsilə Saatlı, İmişli və Biləsuvar rayonlarında 53 min hektara yaxın torpaq sahəsinə suvarma suyunun çatdırılması təmin ediləcək. Bu məqsədlə ğlkə başçısının  müvafiq sərəncamları ilə dövlət əsaslı vəsait qoyuluşundan təqribən 80 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatının potensialının reallaşdırılmasına göstərdiyiniz daimi diqqət və qayğıya cavab olaraq, sahibkarlar tərəfindən bu rayonlarda yeni aqroparkların və iri fermer təsərrüfatlarının yaradılmasına 450 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır. Bu layihələr çərçivəsində yeni torpaqların istifadəyə verilməsi nəticəsində yaradılacaq aqroparklarda heyvandarlıq komplekslərinin, emal müəssisələrinin yaradılması, buğda, qarğıdalı, soya, pambıq, şəkər çuğundurunun və digər bitkilərin əkilməsi həyata keçiriləcək. Bundan başqa, sahibkarlar tərəfindən tutumu 30 min ton olan logistik mərkəzlərin və tutumu 140 min ton olan taxıl anbarı komplekslərinin də tikintisi nəzərdə tutulur. Bu işlərin görülməsi 5000-dək yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Müasir aqrotexniki və intensiv üsulların tətbiq olunacağı bu təsərrüfatlarda hər il 180 milyon manatdan çox məhsul istehsalı gözlənilir. Bu da kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəldilməsinə, eləcə də ixrac qabiliyyətinin artırılmasına töhfə verəcək. Hazırda bu ərazilərdə 4 aqroparkın yaradılmasına başlanıb. Ümumi dəyəri 65 milyon manat olan bir investisiya layihəsinin maliyyələşdirilməsinə dövlət 10 milyon manat güzəştli kredit ayırıb və iki aqroparkın ümumi dəyəri 16 milyon manat olan layihələrinə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. "İD-Aqropark" "MKT" İstehsalat Kommersiya MMC-nin İmişli filialının direktoru Oqtay Gülmalıyev bildirib ki, şirkətimiz İmişli rayonu ərazisində kənd təsərrüfatı sahəsində, xüsusilə də pambıqçılıq və taxılçılıq sahəsində geniş fəaliyyət göstərir. Müəssisəmizə dövlət qayğısı sayəsində 3800 hektar sahədə iri taxılçılıq təsərrüfatının yaradılmasına 5 milyon manat güzəştli kredit ayrılıb. Ümumilikdə 8,8 milyon manat olmaqla, fermerlərlə bağlanmış müqavilə əsasında 5200 hektarda pambıq, 800 hektar sahədə isə arpa və buğda əkilib. Taxıl sahələrində hər hektardan orta hesabla təxminən 45-55 sentner məhsul əldə edilib. Ona görə də şirkətimiz taxıl əkini sahələrinin genişləndirilməsini nəzərdə tutur. Bundan əlavə, indiyədək 10 min ton pambıq yığılıb. Sahələrdə məhsulumuz boldur və hər hektardan 24 sentnerdən çox pambıq gözlənilir: "Təmsil etdiyim "İD-Aqropark" MMC şirkəti 2017-ci ilin əvvəlində yaradılıb. Şirkətin yeni layihəsi Saatlı rayonunun Azadkənd kəndi ərazisində 7000 hektar sahədə müasir innovativ texnologiyalara əsaslanan təsərrüfatın yaradılmasıdır. Bu məqsədlə aqroparka dövlət dəstəyi çərçivəsində 10 milyon manat güzəştli kredit verilib. Aqroparkın birinci mərhələsinin 2019-cu ildə istifadəyə verilməsi planlaşdırılır. Şirkət tərəfindən 5000 hektar sahədə arpa, buğda, qarğıdalı, soya, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, 1000 hektar sahədə nar və 500 hektar sahədə badam bağlarının salınması nəzərdə tutulur. Ötən il ərazinin bir hissəsində günəbaxan, soya və qarğıdalı, bu il isə qarğıdalı və günəbaxan əkilib. 2018-ci ilin yaz mövsümündə 120 hektar sahədə intensiv nar bağı salınıb, damla üsulu ilə müasir suvarma sistemi quraşdırılıb. Nar bağının suvarılması üçün 2 hektar sahədə süni göl yaradılıb və su nasos stansiyası tikilib, 9 kilometr uzunluğunda yeni elektrik xətləri çəkilib və 2 transformator quraşdırılıb. 2019-cu ilin əvvəlində əlavə 240 hektar sahədə nar bağının salınması üzrə işlər aparılır. Bununla yanaşı, 1300 hektar torpaq sahəsi dənli bitkilərin yetişdirilməsi üçün hazırlanıb, açıq tipli 6 drenaj xətti və su kanalı çəkilib. Bütünlükdə isə 7000 hektar sahə üçün 58 kilometr uzunluğunda açıq tipli drenaj xətləri çəkilir. 20 hektar sahədə yonca əkilib. Hazırda arpa və buğda əkini aparılır. Əkin sahələrinə tələb olunan gübrələr verilib. 2019-cu ilin yazında 1156 hektar sahədə dənli bitkilər və pambıq əkilməsi üçün şumlama işləri aparılır. 1000 hektar sahə üçün yeni 15 müasir suvarma - pivot sistemi layihəsi hazırlanıb və 2019-cu ildə bu sistemin tikintisi planlaşdırılır. Yaxın gələcəkdə bu sistem üçün 5 nasos stansiyasının tikilməsi nəzərdə tutulur. Saatlı aqroparkında dənli bitkilərin yetişdirilməsi, nar və badam bağlarının salınması, müvafiq texniki tədbirlərin həyata keçirilməsi ilə əlaqədar infrastruktur, yaxın gələcəkdə quşçuluq fabriki və heyvandarlıq fermaları yaradılacaq. Aqrotexniki tədbirlərin həyata keçirilməsi üçün "Aqrolizinq" ASC-nin köməyi ilə müasir standartlara cavab verən 38 adda müxtəlif növ kənd təsərrüfatı texnikası alınıb. Hazırda təsərrüfatımızda 41 daimi işçi çalışır. Nar bağının salınması dövründə 200-dən çox mövsümi işçilər də cəlb olunub. Ümumilikdə, aqroparkda 400-dək daimi iş yerinin açılması nəzərdə tutulur". Bu isə o deməkdir ki, Regionların social-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilən kompleks tədbirlər ölkənin dayanıqlı inkişafına, qeyri-neft sektoruna, onun ixrac qabiliyyətinin daha da artırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və əhalinin həyat səviyyəsinin yüksəlməsinə mühüm töhfələrini verir.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR