Üzən günəş panelləri sisteminin inkişafı ilə bağlı seminar keçirilib

Energetika Nazirliyinin təşkilatçılığı ilə "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" pilot layihəsi çərçivəsində Asiya İnkişaf Bankı nümayəndələrinin, üzənfotovoltaik texnologiya üzrə Azərbaycanla yanaşı Əfqanıstan və Qırğızıstandan olan tərəfdaşların, layihənin icrası ilə bağlı texniki heyətin, eləcə də dövlət qurumları təmsilçilərinin iştirakı ilə seminar keçirilib. Energetika Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, layihənin üç ölkədə-Azərbaycan, Qırğızıstan və Əfqanıstanda həyata keçiriləcəyini deyən Asiya İnkişaf Bankının ölkə üzrə nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov bildirib ki, Böyükşor gölündə 100 kVt-a qədər gücə malik olacaq fotovoltaik sistemin quraşdırılması ölkənin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı prioritetlərinə töhfə verəcək. Layihə həmçinin günəş qurğularının quraşdırılmasında özəl sektorun iştirakının təşviqi məqsədilə biznes modellərinin formalaşdırılmasına, təlimlər vasitəsilə milli potensialın gücləndirilməsinə kömək edəcək.

Energetika nazirinin müavini Samir Vəliyev isə çıxışında Azərbaycanla AİB arasında uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunun mühüm bir istiqamət təşkil etdiyini bildirib. Asiya İnkişaf Bankının "Cənub Qaz Dəhlizi"nə maliyyə dəstəyini yüksək qiymətləndirən nazir müavini deyib ki, bankın köməyi ilə Azərbaycanda elektrik paylayıcı şəbəkəsinin yenidənqurulması, elektroenergetika sektorunun maliyyə bərpa planı, bu sahəyə özəl sektorun cəlbi çərçivəsində layihələr həyata keçirilib.Hazırda  isə Şəbəkə Məcəlləsi üzrə əməkdaşlıq  edilir.

Samir Vəliyev bərpa olunan enerji mənbələri, o cümlədən günəş enerjisindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, bu işlər müvafiq sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılmasını, bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və gücləndirilməsini, investisiya qoyuluşu üçün əlverişli mühitin yaradılmasını əhatə edir.

Sonra Əfqanıstan, Qırğızıstan və Azərbaycanda enerji sektorunun vəziyyəti, günəş enerjisi üzrə görülən işlər və perspektivlər barədə məruzələr dinlənilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR