Regional proqramlar əhalinin içməli su təchizatını yaxşılaşdırıb

Artıq 14 ildir ki, həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində bütün istiqamətlərdə olduğu kimi su təchizatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının qarşılanması istiqamətində də bir sıra uğurlu işlər görülüb, tədbirlər reallaşdırılıb. Belə ki, təkcə 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı çərçivəsində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən regionlarda bir sıra layihələr reallaşdırılıb. Belə ki, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını uğurla davam etdirib. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Ağcabədi şəhərində içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisinin son mərhələsi icra olunub. Məlumat üçün qeyd edək ki, "Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə üzrə tikinti-quraşdırma işlərinə 2016-cı ildə başlanılıb.

Layihəyə əsasən, Ağcabədi şəhərini içməli su ilə təmin etmək məqsədi ilə 14 subartezian quyusu qazılıb, su mənbəyindən şəhərə 28,7 km uzunluğunda magistral su xətti  tikilib. Şəhərin dayanıqlı su təchizatı məqsədilə ümumi tutumu 10 min kubmetr olan 2 su anbarı inşa edilib.  Ağcabədi şəhərində 214 km içməli su şəbəkəsi  tikilib, 8500 ünvana birləşmə verilərək sayğaclar quraşdırılıb.

Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 208 km kanalizasiya şəbəkəsi inşa edilib, 8 minədək ünvana birləşmə verilib, 4 kanalizasiya-nasos stansiyası quraşdırılıb.  Layihə çərçivəsində Ağcabədi Sukanal İdarəsi üçün müasir tipli inzibati binanın tikintisi yekunlaşıb.

Ağcabədi şəhərində yaranacaq tullantı suların zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğunun tikintisinə hazırlıq görülür.  Ağcabədi şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı və kanalizasiya sistemləri 1960-70-ci illərdə yaradılmışdır. Şəhərdə mövcud olmuş  40 km su və 14 km kanalizasiya xətləri şəhərin kiçik bir hissəsini əhatə edib və istismara yararsız vəziyyətə düşüb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq  içməli su çatışmazlığının  müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. Kəndlərdə yeni içməli su təchizatı sistemlərinin yaradılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında"  09 aprel 2018-ci il tarixli Sərəncamı, eləcə də dövlət investisiya proqramı çərçivəsində həyata keçirilməklə ümumilikdə 21 rayonunun 46 yaşayış məntəqəsini əhatə edir. Layihələrə əsasən, bu kəndlərdə 386 km müxtəlif diametrli su xətlərinin tikintisi, əhalinin ümumi istifadəsi üçün 1272 ədəd bulağın quraşdırılması və digər su təchizatı infrastrukturlarının yaradılması nəzərdə tutulub. Qısa müddətdə həyata keçirilən tikinti-quraşdırma işləri nəticəsində 203 km su xətti çəkilib və 400-dək bulaq quraşdırılıb. Artıq Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Şəmkir rayonunun Tatarlı, Qusar rayonunun Aşağı Ləyər və Xızı rayonunun Yeni Yaşma kəndlərində içməli su təchizatı layihələrinin icrası yekunlaşıb. Bununla da həmin kəndlərdə 15 minə yaxın sakin  keyfiyyətli içməli suya çıxış imkanı qazanıb.

Ümumilikdə həyata keçirilən layihələr çərçivəsində cari ildə  21 rayonunun 46 yaşayış məntəqəsində 65 minədək sakinin içməli su təchizatı yaxşılaşdırılacaqdır.    

Xatırladaq ki, "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Prezident Sərəncamına uyğun olaraq 2017-ci ildə 28 rayonun 170 kəndində layihələr icra olunub. Bu layihələr çərçivəsində  530 km-ə yaxın magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin keyfiyyətli içməli suya çıxışı təmin edilib.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq  içməli su çatışmazlığının  müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri çərçivəsində, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında"  09 aprel 2018-ci il tarixli Sərəncamı çərçivəsində Tovuz rayonunun 5 kəndində içməli su layihələri həyata keçirilir.  Tovuz rayonunda icra olunan içməli su layihələri rayonun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərini əhatə edir. Bu kəndlərin içməli su problemini həll etmək məqsədilə cari ilin iyun ayında yeni layihənin icrasına başlanılıb. Layihəyə əsasən, kəndləri keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə 2 ədəd subartezian quyusu qazılacaq. Buradan götürülən su  həcmi 250 kubmetr olan mövcud su anbarına ötürüləcək. Layihə çərçivəsində həmin su anbarı əsaslı təmir olunacaq və suyun kəndlərə təzyiqlə ötürülməsini təmin etmək üçün nasos stansiyası quraşdırılacaq.  

Ümumilikdə Tovuz rayonunun 5 kəndində 40 km  su xətlərinin tikintisi və əhalinin ümumi istifadəsi üçün 175 ədəd bulağın quraşdırılması nəzərdə tutulub. Artıq kəndlərdə su xətlərinin tikintisi intensiv qaydada davam etdirilir və indiyədək 20 km su xətti çəkilib.

Layihənin icrası tam başa çatdıqdan sonra Tovuz rayonunun Qədirli, Xatınlı, Çilovdarlı, Əlimərdanlı və Qaraxanlı kəndlərinin 12 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin ediləcək. Qeyd edək ki, indiyədək bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyir. Xüsusilə yay aylarında kəndlərin su təminatında çətinliklər yaranır.

"Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncama əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələrinin icrası nəzərdə tutulub. Bununla yanaşı, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiya layihəsi çərçivəsində 5 rayonun  11 kəndində içməli su layihəsi icra edilir. Ümumilikdə, 2018-ci ildə 18 rayonun 41 yaşayış məntəqəsində 61 min nəfər sakinin  içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması ilə bağlı tapşırıqlarına uyğun olaraq  "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Dövlət proqramlarının icrasını təmin etmək, eləcə də göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə 2018-ci ilin ilk 6 ayı ərzində genişmiqyaslı tikinti-quraşdırma işləri həyata keçirilib. Cari ilin ötən dövrü ərzində Xaçmaz və Xızı (Altıağac qəsəbəsi daxil olmaqla)  şəhərlərində içməli su və kanalizasiya şəbəkələrinin,  Mingəçevir şəhərində isə içməli su şəbəkəsinin tikintisi yekunlaşıb, Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimləri keçirilib. Dövlət başçısının Mingəçevir, Tovuz, Ağstafa, Şirvan, Lerik  və Ağdaş şəhərlərinin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı sərəncamları çərçivəsində layihələrin icrasına başlanılıb.

Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında"  09 aprel 2018-ci il tarixli Sərəncamına, həmçinin dövlət investisiya layihəsinə əsasən, içməli su çatışmazlığının  müşahidə edildiyi Oğuz rayonunun Astarxanovka, Vladimirovka, Qarabulaq, Ağstafa rayonunun Yeni Gün, Masallı rayonunun Məmmədxanlı, Göyçay rayonunun İkinci Ərəbcəbirli, Qusar rayonunun Aşağı Ləgər və Xızı rayonunun Yeni Yaşma kəndlərində içməli su təchizatı layihələrinin icrası yekunlaşıb və 10 minədək sakinin içməli su problemi həll edilib. Ümumilikdə bu layihələr çərçivəsində cari ilin sonunadək 18 rayonun 41 yaşayış məntəqəsində 61 min nəfərin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur.

 

Avtomobil yollarının yenidən qurulması çərçivəsində Təbriz, Xiyabani və Məsud Davudoğlu küçələrində içməli su və kanalizasiya xətlərinin yenidən qurulması işləri başa çatıb. Babək prospekti və Mir Cəlal küçəsində su və kanalizasiya xətlərinin yenilənməsi işləri yekunlaşmaq üzrədir.

Ümumilikdə 2018-ci ilin yanvar-iyun aylarında 43 km-i magistral olmaqla 510 km içməli su və 201 km kanalizasiya xətləri çəkilib, 9 subartezian quyusu qazılıb. Görülmüş işlər nəticəsində 7800 nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, 30 min 400 nəfərin su təminatı fasiləsiz rejimə keçirilib. Bununla da, fasiləsiz rejimdə su təminatının səviyyəsi ölkə üzrə 67,6 faiz  təşkil edib. Ötən dövrdə sayğaclı abonentlərin sayı 51 minədək artıb və ölkə üzrə abonentlərin sayğaclaşma səviyyəsi 79,4 faizə çatıb.

Qeyd edək ki, 2018-ci ilin növbəti yarım illiyində Ağdaş, Qəbələ, Daşkəsən və Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşasının başa çatdırılması, sutkalıq məhsuldarlığı 140 min kubmetr olan Şəmkirçay sutəmizləyici qurğusunun istismara verilməsi, Şamaxı, Gədəbəy, Lerik və Tovuz şəhərləri üçün alternativ su mənbələrinin yaradılması layihələrinin başa çatdırılması nəzərdə tutulub. Eyni zamanda 2018-ci ildə Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisi  başa çatdırılacaq. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR