Sahibkarlara 117 milyon manatdan çox güzəştli kredit verilib

Məlum olduğu kimi, Azərbaycan Republikası Prezidentinin "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında" 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və "Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası" təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6%-dən 5%-ə endirilib. Eyni zamanda, yeni qaydalarda orta həcmli kreditlərin maksimal həddi 1000000 manatadək artırılıb. Yeni qaydaların tətbiqi sahibkarların güzəştli maliyyə resurslarına çıxışına, qeyri-neft istehsalının və ixracının genişlənməsinə, istehsal xərclərinin azalmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə, yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə, həmçinin beynəlxalq təcrübənin və innovativ yanaşmaların öyrənilərək sahibkarlara daha faydalı təklif və tövsiyələrin verilməsinə, eləcə də maarifləndirmə işlərinin genişləndirilməsinə əlavə imkanlar yaradır. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, artıq yeni qaydalarla müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlıq subyektlərinə 5,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, aqroparkın, müasir istixana və heyvandarlıq komplekslərinin yaradılmasına, tikinti materialları, mebel, çörək istehsalı, quşçuluq, bağçılıq, arıçılıq, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək və 200-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Ümumilikdə isə, bu ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinə 117,3 milyon manat güzəştli kredit verilib ki, bu layihələrin reallaşdırılması nəticəsində 7700-dən çox yeni iş yerlərinin açılması mümkün olacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR