Kənd təsərrüfatının inkişafı prioritet olaraq qalır

Bu istiqamətdə ənənəvi sahələrin inkişafı diqqət mərkəzindədir

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində uzun illərdir ki, atılan məqsədyönlü addımlar öz müsbət nəticələrini verir. Xüsusilə, bu sektorda kənd təsərrrüfatının inkişaf etdirilməsinə xüsusi diqqətin yetirilməsi bu sahədə ciddi nailiyyətlərin əldə olunmasına yol açır. Məhz həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan öz daxili istehsalı hesabına ərzaq təhlükəsizliyini təmin etməyə qadir ölkələrdən sayılır. İndi Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları təkcə daxili tələbatı ödəmir, eyni zamanda xaricə də kifayət qədər ərzaq məhsulları ixrac edirik ki, bu da ölkəyə xarici valyutanın gəlməsi baxımından önəmlidir. 

Kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində atılan ən önəmli addımlardan biri bu sektorda ənənəvi sahələrin inkişaf etdirilməsidir. Bura isə üzümçülük, tütünçülük, çayçılıq, baramaçılıq, çəltikçilik, eləcə də sitrus meyvələri, fındıqçılıq daxildir. Artıq bir neçə ildir ki, qeyd edilən istiqamətlərdə ölkədə genişmiqyaslı tədbirlər həyata keçirilir, bu sahələrə xüsusi diqqət və qayğı ilə yanaşılır. Ən əsası dövlət birbaşa həmin sahələrin inkişafında maraqlı olan sahibkarlara, fermerlərə yetərincə şərait yaradır. Burada bir məqamı xüsusi qeyd etmək lazımdır ki, qeyd etdiyimiz sahələrin inkişafına diqqət birbaşa dövlət başçısı tərəfindən edilir. Belə ki, Prezident İlham Əliyevin regionlara səfərləri zamanı hər bir bölgə üçün ənənəvi sahələrin inkişaf etdirilməsinə yönəlik müşavirələr keçirməsi, bununla bağlı müvafiq tapşırıq və tövsiyələr verməsi qısa zamanda hər bir bölgədə ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına zəmin yaradıb.

Məsələn, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev respublikanın Aran zonasına səfəri zamanı pambıqçılığın inkişaf etdirilməsinə həsr olunmuş müşavirələr keçirib. Eyni zamanda dövlət başçısı bununla kifayətlənməyərək pambıqçılıqla məşğul olan sahibkarlara, fermerlərə əlavə imkanların yaradılması, güzəştli kreditlərlə təmin olunması barədə müvafiq göstərişlər verib. Məhz həmin müşavirələrdən sonra ölkədə pambıqçılığın inkişafı istiqamıətində ciddi dönüş yaranıb desək yanılmarıq. Elə statistik göstəricilər də bunu deməyə əsas verir və Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə də bu məqam aydın şəkildə əksini tapdı. Dövlət başçısı iclasda çıxışı zamanı ölkədə pambıqçılığın inkişaf etdirilməsi istiqamətində atılan addımları, görülən işləri təhlil edərək mövcud vəziyyətin qənaətbəxş olduğunu söylədi: Eyni zamanda dövlət başçısı bu sahənin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladı "Biz pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməliyik. Məhsuldarlıq artmalıdır. Keçən ilin məhsuldarlığı bizi heç cür qane edə bilməzdi. Bunun bir çox səbəbləri vardır və göstəriş verilmişdir, səbəblər araşdırılsın ki, biz pambıqçılığı məhsuldarlıq hesabına inkişaf etdirək. Eyni zamanda, əgər biz statistikaya baxsaq görərik ki, 2016-cı ildə Azərbaycanda 90 min ton pambıq tədarük edilmişdir, - 2015-ci ili mən demirəm, o illərdə, ümumiyyətlə, məhsuldarlıq çox aşağı idi, - keçən il 207 min ton, yəni, 2 dəfədən çox. Bu il təqribən 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur. Yəni, artım dinamikası çox müsbətdir. Onu da qeyd etməliyəm ki, hazırda ölkəmizdə pambıqçılıqda 190 mindən çox insan işləyir. Bax, biz pambıqçılığı inkişaf etdirməyə başlayandan sonra bu insanlar işlə təmin olundular. Biz pambığın alış qiymətini bir neçə dəfə artırmışıq. Bu yaxınlarda son dəfə artırdıq ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar. Bu gün 190 min insanın işi var".

Kənd təsərrüfatında xüsusi diqqət yetirilən ənənəvi sahələrdən biri də üzümçülükdür ki, son illər ərzində bu sahənin inkişafı istiqamətində ciddi addımlar atılıb. Bir neçə regionda geniş üzümü bağları salınıb ki, bu da nəticə etibarilə məhsuldarlığın artmasına gətirib çıxarıb. Üzümçülüyün inkişaf etdirilməsi eyni zamanda şərabçılığın da inkişafına zəmin yaradıb. Nəticə etibarilə bu gün Azərbaycan istehsalı olan şərablar dünya bazarlarında satışa çıxarılır. Bu sahənin də inkişafı dövlətin diqqət mərkəzindədir və Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bunu ifadə etdi. Dövlət başçısı bildirib ki, üzümçülüklə bağlı işlər yaxşı gedir: "Bu il biz yeni üzüm bağlarının salınmasını müşahidə etmişik. Mənim iştirakımla ən yüksək beynəlxalq standartlara cavab verən yeni şərab zavodu fəaliyyətə başladı və bu zavodun çox böyük ixrac potensialı var. Biz üzümçülüyün, şərabçılığın şöhrətini bərpa edirik, qaytarırıq. Bu, fermerlər üçün çox gəlirli bir sahədir. Biz bu sahəni bərpa etməklə həm öz ixrac imkanlarımızı genişləndiririk, həm də kəndlilərə, fermerlərə gözəl şərait yaradırıq. Eyni zamanda, üzümçülük mənzərəni də gözəlləşdirir. Mən bu il Şamaxı rayonunda böyük üzüm bağları ilə tanış olarkən gördüm ki, bu bağlar, həmçinin şərab zavodunun açılışı bölgəyə tam yeni bir mədəniyyət gətirir". Prezident bildirib ki, Azərbaycanda üzümçülüyün çox böyük ənənələri vardır və biz bu ənənələri bərpa edirik və eyni zamanda, bu gün dünyanın ən qabaqcıl texnologiyalarını cəlb edirik: "Təsadüfi deyil ki, ixracımız artır. İndi Azərbaycan şərab evlərini açmağa başlayıb. Artıq bir neçə ölkədə şərab evləri fəaliyyətə başlayır".

Əgər nəzərə alsaq ki, üzümçülüklə paralel olaraq şərabçılığın da inkişafına da dövlət dəstəyi olmalıdır, bu baxımdan Azərbaycanda vəziyyətin qənaətbəxş olduğunu söyləyə bilərik. Çünki birbaşa dövlət başçısı səviyyəsində bu dövlət dəstəyi özünü açıq şəkildə göstərir. Elə Azərbaycan Prezidenti İlham Əliyev də çıxışı zamanı bunu qeyd edib: "Xüsusilə nəzərə alınmalıdır ki, dövlət öz dəstəyini göstərir. İxrac missiyalarını dövlət təşkil edir, şərab evlərinin yaradılmasını dövlət təmin edir, ixracla bağlı danışıqları dövlət aparır. Mən şəxsən bir neçə həmkarımla Azərbaycanın qeyri-neft ixracının artırılması ilə bağlı danışıqlar aparmışam və biz nəticəyə gəlmişik. Bütün bunları biz edirik, sahibkarlar da öz məsuliyyətini dərk etməlidirlər".

Burada xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, bu sahədə olan nailiyyət və uğurlarla yanaşı, problemlər də dövlət başçısının diqqətindədir və prezident həmin problemlərin mövcudluğundan ciddi narahatdır. Dövlət başçısı bu narahatçılığını elə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı açıq şəkildə ifadə etdi: "Bizim şərabımıza böyük maraq var. Biz şərabçılıqla bağlı olan bütün məsələləri çox ciddi təhlil etmişik. Bir çox boşluqlar var idi - həm istehsalatda, həm uçotda, həm də aksiz markalarının yapışdırılmasında. Sanki kimsə bu boşluqları qəsdən edirdi ki, orada qeyri-şəffaf vəziyyət yaradılsın. Mən buna başqa bir izahat verə bilmərəm. Çünki o qədər çətin olmayan, yəni, böyük intellektual potensial tələb etməyən məsələlər var və elə bil onlar qəsdən edilib qatmaqarışıq salınsın ki, burada həm vergilərdən yayınsınlar, həm də qanunsuz istehsalla məşğul olsunlar. Şərab əvəzinə araq istehsal olunurdu. Məsələ çox ciddi araşdırılır. Bu sahədə tam şəffaflıq təmin edilməlidir. Şərab zavodlarının fəaliyyəti üçün bütün şərait yaradılıb, təki onlar təmiz işləsinlər. Əgər yenə məhsulları gizlədəcəklərsə, uçota düşməyən məhsulu satacaqlarsa, onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər. Burada tam şəffaflıq olmalıdır. Bu, çox gəlirli sahədir. Sadəcə olaraq, gərək sahibkarlar öz tamahlarını cilovlaya bilsinlər".

Ölkədə ənənəvi sahələrdən biri də tütünçülükdür ki son illər bu sahənin inkişafı istiqamətində də ciddi addımlar atılır. Bu sahənin inkişafı da birbaşa dövlət başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyevin respublikanın şimal-qərb bölgəsinə səfəri zamanı Qax rayonunda keçirdiyi müşavirə bunun əyani sübutudur. Düzdür, müşavirıdən ötən müddət ərzində ölkədə. eləcə də adıçəkilən regionda tütünçülüyün inkişaf etdirilməsi istiqamətində bir çox müsbət addımlar atılıb, məqsədyönlü işlər görülsə də, lakin əldə edilən nəticələr mövcud potensialla heç də üst-üstə düşmür. Ona görə də bu istiqamətdə daha ciddi tədbirlərin görülməsi zərurəti yaranıb. Elə Prezident İlham Əliyev də Nazirlər Kabinetində keçirilən iclasda çıxışı zamanı bu məqama toxunub. Dövlət başçısı bildirib ki, bir vaxtlar bu sahə demək olar ki, batıb gedirdi. Heç bir dövlət dəstəyi göstərilmirdi: "Ancaq biz bu məsələ ilə məşğul olmağa, qurutma kameralarının yaradılmasına, tütün istehsalının təşviqi üçün addımlar atmağa başlayanda dərhal gözəl nəticələri görürük. Biz tütün istehsal edə-edə xaricdən siqaret alırıq. Elə ölkələr var ki, orada tütün, ümumiyyətlə, bitmir, onlar bizə siqaret ixrac edirlər. Bu, absurddur, dözülməzdir. Sadəcə, ona görə ki, bu məsələ ilə məşğul olmurdular və bu sahəni başlı-başına buraxmışdılar. Bəlkə hesab edirdilər ki, belə də olmalıdır. Amma biz indi vəziyyəti tam dəyişdiririk. Azərbaycanda yeni siqaret fabrikləri yaradılır. Biz özümüzü siqaretlə böyük dərəcədə təmin edəcəyik, ixrac potensialı yaradılır. Tütünçülükdə vəziyyət necədir? Əgər 2015-ci ildə 3400 ton quru tütün istehsal olunubsa, bu il 6 min ton quru tütün istehsalı nəzərdə tutulur, təxminən iki dəfə çox. Doqquz min insan tütünçülükdə işləyir, yaxşı pul qazanır. Bax, görülən işlərin nəticəsi budur".

Göründüyü kimi, dövlət kənd təsərrüfatının inkişafında xüsusi olaraq maraqlıdır və bu məqsədlə üzərinə düşən bütün vəzifələri yerinə yetirir, bu sahənin inkişaf etdirilməsi üçün istənilən formada dəstək göstərir. Yetər ki, iş adamları, sahibkarlar iş görməkdə maraqlı olsunlar.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR