Regionların sosial- iqtisadi inkişafı proqramları Qazaxda taxılçılığın inkişafına zəmin yaradıb

Respublikamızda həyata keçirilən uğurlu islahatlar, məqsədyönlü tədbirlər həm ölkəmizin sosial-iqtisadi inkişafının davamlı olmasına, həm də iqtisadiyyatın neft amilindən asılılığının azalması üçün geniş imkanlar yaradır. Bu gün demək olar ki, elə bir sahə yoxdur ki, orada olan inkişaf, tərəqqi gözə çarpmasın. Xüsusən, Regionların sosial- iqtisadi inkişafı ilə bağlı dövlət proqramları, eləcə Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı imzaladığı çoxsaylı sərəncam və fərmanlar bu sahənin artan templə inkişaf etməsinə zəmin yaradıb. Regionların sosial- iqtisadi inkişafı ilə bağlı dövlət proqramları, həmçinin  ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr respublikamızın hər yerində oluğu kimi, Qazax rayonunda da uğurla icra olunur. Sözügedən proqram çərçivəsində rayonda yeni-yeni kənd təsərrüfatı obyektlərinin, sənaye müəssisələrinin yaradılması bunun bariz nümunəsidir. Qeyd edək ki, rayonun İkinci Şıxlı kəndində "İnvestel GROUP" MMC tərəfindən tikilən Aqropark da bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən uğurlu addımlardan biridir. Belə ki, rayonda yaradılmış bu Aqropark həm kənd təsərrüfatının inkişaf etdirilməsi, həm də yeni iş yerlərinin açılması baxımından olduqca böyük əhəmiyyətə malikdir. Məlumat üçün qeyd edək ki, Aqroparkda 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun, texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi yekunlaşıb. Ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilib. Bununla əlaqədar 4 ədəd transformator da quraşdırılıb. Aqroparkda ən böyük işlərdən biri olan Xram çayı üzərində 3 pilləli nasos stansiyalarının tikilməsidir ki, bu gün nasoslar tam gücü ilə işləyir və həmin nasoslar vasitəsilə gecə-gündüz suvarma işi həyata keçirilir. Bundan əlavə, 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda sahədaxili xətlər çəkilib, boru və qurğular alınıb. Bundan əlavə, 2600 tonluq soyuducu anbar da tam hazırdır. Anbarda avadanlıqların sınaq testləri də aparılıb. Tam hazır olan inzibati binada da təmizlik işləri aparılıb. Lazım olan bütün avadanlıqlar quraşdırılıb. Kompleksin həyətində həyət abadlaşma işləri aparılıb, həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Yeri gəlmişkən xatırladaq ki, Regionların sosial- iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində Qazax rayonunda kənd təsərrüfatı sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Qazax Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, məhz görülən tədbirlər nəticəsində son illər ərzində əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır. Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 ildə əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın şəkildə görmək olar. Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır. İllər üzrə olan fərqləri müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini vermişdir. Bu inkişafın ən bariz nümunəsi isə rayonda əkilən taxıl sahəsidir. İldən-ilə artırılan taxıl sahələrinin hektarı onu göstərir ki, rayonda kənd təsərrüfatının əsas qolu olan taxılçılığa maraq yüksəlmiş və kəndlilər bu sahəsinin inkişafı üçün böyük səylə çalışırlar. Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər. Yenə rəqəmləri müqayisə etdikdə məlum olur ki, rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir. Növbəti 2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi və 13180 hektarda taxıl səpini aparılması, 9400 hektarda buğda, 3780 hektarda isə arpa əkilməsi nəzərdə tutulmuşdur.

Məlumatda o da bildirilir ki, payızlıq əkin üçün rayonda kifayət qədər - 103 ədəd texnika var. Bu səbədən gün ərzində 400-500 hektar sahədə şum aparılması mümkün olub. Payızlıq əkin işlərinin vaxtlı-vaxtında aparılması, əkin sahələrində şumlanmanın vaxtında təşkil olunması və digər aqrotexniki qaydalara əməl olunması yüksən naliyyətlərin əldə olunmasına zəmin yaradır. Payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsi işləri uğurla icra olunub. Məlumata görə, 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulsa da 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür. Qarşıdan gələn 2019-cu ildə də 260 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə bu rəqəmin də artacağı gözlənilir. Xatırladaq ki, respublikamızda iqtisadiyyatın böyük qolu olan kənd təsərrüfatının inkişaf etdirilməsinə ölkə başçısı İlham Əliyevin diqqət mərkəzindədir.  Çünki, bu gün əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Kəndlinin torpağa qayıdışının nəticəsidir ki, bu gün kənd təsərrüfatının bütün sahələrində uğurlu göstəricilər əldə edilir. Qazax rayonunda əkin sahələrinin ildən-ilə artması da bunun bariz nümunəsidir.

Regionların sosial- iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər, əlverişli torpaq-iqlim şəraiti və mövcud işçi qüvvəsi ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələrin əldə olunmasına gətirib çıxarmışdır. "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Prqoramı"nın təsdiq olunması üçün ölkə başçısı İlham Əliyev tərəfindən imzalanmış 2017-ci il 10 avqust tarixli, 3163 nömrəli Sərəncam tütünçülüyün inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Qəbul edilmiş həmin dövlət proqramı nəinki ölkəmizdə, eləcə də respublikamızın bütün bölgələrində tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmiş, rəqabət qabiliyyətini yüksəltmiş və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına səbəb olmuşdur. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ölkənin ümumi iqtisadi inkişafında mühüm rol oynayan aqrar sahələrdən biri kimi tütünçülüyə böyük maraq göstərilir. Son 2 ildə rayonda tütünçülüyün inkişafı istiqamətində görülən məqsədyönlü tədbirlər bunun bariz nümunəsidir. Məhz bu tədbirlərin nəticəsidir ki, 2016-cı ildə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəmi 50 hektara çatdırıldı. Bütün aqrotexniki tədbirləri vaxtında həyata keçirən tütünçülər göstərilən sahədən 80 tondan çox məhsul götürdülər. Əldə etdikləri qazancdan razı qalan tütünçülər bu il əkin sahələrini daha 10 hektar da artıraraq 60 hektara çatdırıblar. Bu məqsədlə rayonun Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilməsi bu sahənin artan templə inkişaf etdirilməsi deməkdir. Rayon rəhbərinin diqqət və qayğısını hər an hiss edən tütünçülər bu il keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl edirlər. Qarşıya qoyulan məqsədə çatmaq üçün böyük səylə çalışırlar. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda tütün yığımının mövcud vəziyyəti ilə tanış olmaq üçün Kosalar kəndində salınmış tütün sahəsində olub, yığımda çalışan insanlarla görüşüb. Tütünçülərlə səmimi söhbət aparan icra başçısı onları narahat edən qayğıları ilə maraqlanıb. Rayon rəhbərinə məlumat verilib ki, rayonda tütün dərimi uğurla davam etdirilir. Tütünçülər bu günə kimi 131 ton yaş tütün tədarük ediblər. Eyni zamanda, 2 tondan çox məhsulu isə "İlham-M" MMC-yə təhvil veriblər. Bundan əlavə, dərimin vaxtında və itkisiz başa çatdırılması üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. Hazırda tütün dərimində gündəlik çörək pulu qazanaraq aylıq məvaciblərini təmin edən 150-dən çox insan çalışır. Tütünçülər onlar üçün yaradılan şəraitə, mütəmadi olaraq göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, rayon rəhbərliyinin tütünçülüyə göstərdiyi diqqət və qayğı onlara  ruh yüksəkliyi verir. Onlar da  göstərilən bu diqqət və qayğının əvəzində böyük səylə çalışırıq ki, çəkdikləri  əziyyət öz bəhrəsini versin. Rayonumuz hər sahədə olduğu kimi, tütün becərilməsi sahəsində də öncül yerlərdə olsun. Çünki rayonda bunun üçün münbit şərait və sadə kəndlilərə göstərilən hər cür dəstək var.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR