"Subsidiyaların ayrılması hesabına buğda istehsalında çox ciddi artım olub" - AÇIQLAMA

"Artıq kənd təsərrüfatında yanaşma ciddi şəkildə dəyişilib. Sahibkarlar mövcud qanunvericiliyə uyğun tələbləri qarşıladıqları zaman heç bir əngəllə qarşılaşmadan verilən kreditlərdən, subsidiyalardan rahatlıqla faydalana bilirlər".

Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin müşaviri Həsən Quliyev deyib.

Onun sözlərinə görə, subsidiyalar istehsalçıların maliyyələrinin çox cüzi bir hissəsini təşkil edir: "Subsidiyaların ayrılması hesabına buğda istehsalında çox ciddi artım olub. Pambıq istehasına görə, subsidiyaların verilməsi ilə bu il az da olsa artım olub. Köklü şəkildə kreditləşmə dəstəyi əsasən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilir. Sahibkarlığa Kömək Milli Fondu da İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən qurumdur. Biz də həmin sualları İqtisadi İnkişaf Nazirliyinə ünvanlamışdıq ki, bu verilən kreditlərin nə qədərində problem yaranıb, nə qədəri batıb, nə qədəri bu müəssisələrin bağlanıb? Amma İqtisadi İnkişaf Nazirliyindən cavab ala bilmədik".

H.Quliyev onu da bildirib ki, əvvəllər ayrılan kreditlərin başqa istiqamətlərə xərclənməsi və ya mənimsənilməsi hallar olub, amma bu gün həmin halların baş vermə etimalı demək olar ki, sıfıra bərabərdir: "Əgər kimlərsə iddia edirlərsə ki, bu qədər buğda əkmişik və biz bu qədər subsidiya almalıyıq. Biz bunları kənd təsərrüfatında peykdən çəkilmiş şəkillərlə qarşılaşdırır və hektarı belə tam görə bilirik. Bu günki texnologiya və ölkəmizin də peykləri buna imkan verir ki, bu məlumatları bir-biri ilə qarşılaşdıraq və bunun doğruluğunu, yanlışlığını təyin edək. Əlbəttə, müəyyən kənarlaşma ola da bilər və bu 1, yaxud 2 faiz təşkil edə bilər. Hər bir sahədə kənarlaşmanın olması mümkündür".

"Sahibkarlar hansı məhsulu istehsal edəcəyi, hansı məhsula tələbatın nə dərəcədə olduğu barədə məlumatı hardan əldə edə bilərlər və bu sahədə hansı işlər görülür" sualına cavab olaraq H.Quliyev bildirib ki, kənd təsərrüfatının planlanması ən önəmli məsələlərdən biridir: "Bizim hal-hazırda elektron kənd təsərrüfatı layihəsi var. Elektron kənd təsərrüfatı layihəsində hər bir fermerin öz kabineti olacaq və oraya daxil olub, qeydiyyatdan keçəcək. Təbii ki, qeydiyyatdan keçdikdən sonra bu haqda məlumat alacaqlar. Orda görünəcək ki, məsələn, gələn ilə bu qədər buğda əkini planlanır. Bu zaman fermerlər məlumatlandırılır ki, məsələn sarımsağa ölkənin tələbatı bu qədərdir və bu qədər də artıq planlanıb. Bu zaman tövsiyyə olunur ki, fermer bundan artıq əkməsin və burda boşluq var. Əks halda bunun əks təsiri özünü göstərəcək. Bu tipli birbaşa məlumatlandırma zaman həm də, tövsiyyə olunacaq ki, məsələn, həmin fermer bu il sarımsaq deyil, deyək ki, qarpız, yaxud digər bir bostan bitgisi əkə bilər. Bəli, bu məqsədlə Aqrar Tədqiqatlar Mərkəzi özünün saytını yaradıb. Bu sayta daxil olan fermerlər həmin məlumatları görəcək və məlumatlandırılacaqlar".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR