“Əhalinin keyfiyyətli enerji təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər”

Müasir dünyada ən qlobal hesab olunan məslələrdən biri də ölkələrin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsidir. Reallıq ondan ibarətdir ki, bir sıra enerji resurslarına malik dövlətlərin əksəriyyəti nəinki enerji idxal edə bilimir, hətta öz ölkələrini dayanıqlı elektrik enerjisi ilə təmin etmək imkanına malik deyil. Azərbaycan isə nəinki özünü  enerji ilə təmin edir, hətta dünya ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu məsələdə elektrik enerjisinin istehsalı və istehlakçıya çatdırılması xüsusi önəm daşıyır ki, həmin funksiya "Azərişıq" Səhmdar Cəmiyyəti tərəfindən yerinə yetirilməkdədir. 2015-ci ilin fevral ayının 10-da yaradılan "Azərişıq" ASC-nin  qarşısına qoyulan əsas vəzifə regionlardakı elektrik şəbəkələrinin yenidən quraşdırılması, əhalini keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz etmək, texniki itkiləri azaldıb, enerji satışında yığımın faizini artırmaqdan ibarət idi. Həmçinin ölkə prezidentinin strateji xəttinə uyğun olaraq iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, turizm və başqa sahələrin inkişafı ilə əlaqədar artan tələbatı qarşılamaq istər əhali,  istərsə də qeyri-əhali abonentlərini elektrik enerjisi ilə təchiz etmək də "Azərişıq" ASC-nin məsuliyyət yükünü artırırdı. Bu məqsədlə Respublikanın şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidənqurulması və inkişaf etdirilməsi üzrə 2016-2025-ci illər üzrə Tədbirlər Planı - Master Plan hazırlandı və 2016-cı ilin aprel ayında Nazirlər Kabineti tərəfindən təsdiqləndi. Həmin Tədbirlər Planında regional elektrik şəbəkələrinin normal istismar vəziyyətinə çatdırılması üçün irihəcmli investisiya qoyuluşları və irihəcmli tikinti, yenidənqurma və bərpa işləri nəzərdə tutulurdu. Məhz həmin işləri həyata keçirmək üçün "Azərişıq" ASC tərəfindən çox mühüm layihələr icra olunub.

Dayanıqlı enerjinin təminatı

"Azərişıq" ASC tərəfindən təkcə 2017-ci il ərzində 20450 ədəd Smart və SMS tipli, 174550 ədəd elektron tipli sayğaclar quraşdırılıb, 2500-dən artıq bağlantıda elektrik enerjisinin uçotu dəqiqləşdirilib.  Lakin qeyri-elektron və xəta ilə işləyən sayğacların dəyişdirilməsi üçün 1 milyon ədədə yaxın müasir tipli sayğacların quraşdırılmasına ehtiyac var. Eyni zamanda, regionların əksər hissəsinin 0,4 kV-luq açıq naqillərdən ibarət şəbəkəsində neqativ hallar (kənar istifadə) nəticəsində yaranan itkilərin aradan qaldırılması üçün 38239 km 0,4 kV-luq ÖİN kabellərin quraşdırılmasına ehtiyac duyulur. Qeyd olunan Master Plan çərçivəsində "Azərişıq" ASC tərəfindən 110 kV-Iuq elektrik şəbəkələri üzrə 6 ədəd yarımstansiyanın tikilib və yenidən qurulub, 88,4 km elektrik verilişi xətlərinin çəkilişi, 35 kV-Iuq elektrik şəbəkələri üzrə 11 ədəd yarımstansiyanın tikintisi, 221,6 km elektrik verilişi xətlərinin çəkilişi həyata keçirilib, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 705 ədəd yarımstansiyanın tikintisi, 854,5 km elektrik verilişi xətlərinin çəkilişi, 10-6 kV-luq elektrik şəbəkələri üzrə 2182,7 km ÖİN xətlərinin tikintisi həyata keçirilib. Bakı şəhərində 110 kV-luq dairəvi elektrik təchizatı sisteminin yaradılması istiqamətində 2017-ci ilin birinci yarımilliyində təkmilləşdirmə işlərinin davamı olaraq "Ağ Şəhər" layihəsinin 1-ci hissəsi üzrə "Həzi Aslanov" və "Ağ şəhər-1" yarımstansiyaları arasında 2 dövrəli 110 kV-luq kabel xətləri quraşdırılıb.

Regionların sosial-iqtisadi inkişafına töhvə

Hazırda respublikamızın bölgələrindəki energetika qurğuları həm müasir görünüşü, həm də texniki üstünlükləri ilə əvvəlkilərdən qat-qat üstündür. Bütün bu yeniliklər regionların sosial-iqtisadi inkişafına əsaslı töhfələrdir. Aparılan yenidənqurma tədbirləri elektrik enerjisinə durmadan artan tələbatın ödənilməsində də mühüm rol oynayır. Paylayıcı şəbəkələrin müasirləşdirilməsi gündən-günə sürətlənir və daha geniş ərazini əhatə edir. Ötən əsrin 60-cı illərindən istismarda olan və tamamilə yararsız vəziyyətə düşən elektrik təsərrüfatında hazırda, sözün həqiqi mənasında, inqilabi dəyişikliklər aparılır. Yeni qurğular təkcə rayon mərkəzləri və iri yaşayış məntəqələrinin deyil, eləcə də ətraf kəndlərin elektrik enerjisi ilə etibarlı təchizatında böyük rol oynayır. "Azərişıq" regionlarda sənaye və aqrar bölmənin, eləcə də turizmin inkişafı üçün nəzərdə tutulan tədbirlərin dolğun həyata keçirilməsinə hərtərəfli dəstək vermək üçün silsilə işlər görür. Reallıq göstərir ki, kommunal xidmətlərin inkişafına dair bu quruma aid üç strateji hədəf, üç prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə işlər maksimum diqqətdə saxlanır. Aparılan yenidənqurma tədbirləri qarşıdakı on il üçün müəyyənləşdirilən elektrik enerjisinə tələbatın proqnozuna və dinamikasına, yəni, "Azərişıq" ASC üzrə 2015-2025-ci illəri əhatə edən fəaliyyət planına uyğun həyata keçirilir.

Regionların sosial-iqtisadi inkişafı, abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün son üç ildə regionlarda 19 ədəd 110 kV-luq, 91 ədəd 35 kV-luq yarımstansiya tikilərək yenidən qurulub. Yeni yarımstansiyaların əksəriyyətində idarəetmənin təkmilləşdirilməsi və çevikliyin artırılması məqsədilə SCADA dispetçer idarəetmə mərkəzi yaradılıb. 5000-ə qədər 10-6 kV-luq Trtansformator Məntəqəsi və Komplekt Trasformator Məntəqəsi quraşdırılıb. 125 min km müxtəlif gərginlikli elektrik veriliş xətləri çəkilib, 500 minə yaxın dayaq basdırılıb. Ölkənin kənd təsərrüfatının inkişafına yönəlik Hacıqabul rayonunda 110 kV-luq "Qarasu", Şəmkir rayonunda "Şəmkir Aqro", kimi yarımstansiyalar tikilib. Eyni zamanda, Tovuz, Samux, Goranboy, İmişli və Xaçmaz rayonlarında 4 ədəd 35 kV-luq yarımstansiyalar inşa edilib. Respublikanın turizm zonalarının elektrik təchizatının keyfiyyətli, fasiləsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün Şimal, Şimal Qərb və Qərb rayonlarında ciddi yenidənqurma işləri aparılıb. Qəbələ, Şəki, Zaqatala, Qax, Quba və turizm potensiallı digər rayonlarda 110 və 35 kV-luq yarımstansiyaların tikilərək yenidən qurulmasının başlıca məqsədlərindən biri əhalini keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin etməklə yanaşı turizmin inkişafı üçün mövcud və perspektiv güc tələbatını artıqmaq idi. Aparılan tikinti və yenidənqurma işləri regionlarda olduğu kimi cəbhə bölgəsində də həyata keçirilib. Düşmənlə təmas xəttində "Tərtər", "Şıxarx", "Daş Salahlı", "Cocuqmərcanlı" kimi yarımstansiyalar tikilib, Lələtəpə və başqa qaynar nöqtələrə, o cümlədən işğaldan azad olunandan 22 il sonra Tərtərin Çaylı kəndinə elektrik enerjisi verilib. Hazırda Azərişıq" ASC-nin 6 rayonu əhatə edən Aran regional elektrik təchizatı və satış idarəsi tərəfindən  bölgədə genişmiqyaslı tikinti və yenidənqurma işləri aparılmaqdadır. Belə ki, Cənub regionunda elektrik enerjisi infrastrukturu yenidən qurulur. Hazırda Lerik və Yardımlı rayonlarında 0,4 kilovoltluq elektrik şəbəkələrinin ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar, SİP kabellər, KTM-lər və s.) quraşdırılır, sayğaclar dəyişdirilir. "Azərişıq" ASC-nin Qərb regionunda həyata keçirdiyi yenidənqurma işləri nəticəsində Tobuz rayonunda da elektrik enerjisinin verilişində köklü dəyişikliklərə nail olunub.

Müasir idaretmə sisteminə keçid

Azərişıq ASC yarandıqdan sonra 2015-2018-ci illərdə əldə etdiyi yeniliklərdən biri heç şübhəsiz "ASAN xidmət" mərkəzlərinə inteqrasiya ilə bağlıdır. Hazırda "Azərişıq" abunəçiləri "ASAN xidmət" və "ASAN" kommunal mərkəzlərində 15 xidmətdən yararlana bilirlər. Artıq sahibkarların elektrik şəbəkəsinə qoşulması prosedurları 7-dən 3-ə endirilib, şəbəkəyə qoşulma müddəti 69 gündən 24 günə endirilib. Bu isə sözsüz ki, beynəlxalq standartlara cavab verməklə yanaşı, "Doing bisness"in qiymətləndirməsində Azərbaycanın öz layiqli yerini tutmasında xüsusi rol oynayıb. "Azərişıq" ASC bütün bu məsələləri prioritet saxlamaqla durmadan yeniliklər edir. Artıq regionlardakı bütün "ASAN xidmət" mərkəzlərində də əhali və qeyri-əhali abonentlərin elektrik şəbəkəsinə qoşulması üçün daha sadələşdirilmiş və tez müddətdə prosedurlar həyata keçirilir. Bunun üçün "Azərişıq" ASC-nin mütəxəssisləri tərəfindən yaradılan elektron xəritənin imkanlarından istifadə olunur. Eyni zamanda elektron xəritə vasitəsi ilə avtomatik idarəetmə, balansa nəzarət və başqa işlər həyata keçirilir. Yarımstansiyalar və hava xətləri, eləcə də kabel xətləri müasir texnologiyaların köməyi ilə elektron xəritə üzərinə keçirilib.

Prespektivlər və gözləntilər 

"Gələcəkdə iqtisadiyyatın daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və əminəm ki, Azərbaycan qarşıdan gələn illərdə daha da güclü olacaq"- deyən  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi" təsdiq edilib. Strateji Yol Xəritəsinə uyıun olaraq qarşıda duran vəzifələrdən biri respublikada aparılan iri layihələrin Bakı Metropoliteni stansiyaların, "Ağ Şəhər" layihəsinin, "Aypara Şəhərciyi" kompleksinin, Port Baku Tower-2 layihəsinin, Füzuli meydanı ətrafının, Rayon İcra Hakimiyyətləri tərəfindən inşa edilən yaşayış komplekslərinin, Mikrorayonlarda köhnə binalarının əvəzinə tikilən yeni çoxmərtəbəli yaşayış binalarının, Bakı şəhəri üzrə sosial təyinatlı binaların, "Xəyal adası" kompleksinin, Yüksək Texologiyalar Parklarının, Kənd təsərrüfatı, Sənaye məhəllələrinin, Aqro və Texno parkların tələb etdikləri gücləri yeni şəbəkələr vasitəsilə təmin etməkdən ibarətdir.  Bundan başqa, "Ağ şəhər-2" layihəsi üzrə işlərin davam etdirilməsi də hədəflənən məqsədlərdəndir.  "Azəişıq" ASC-nin bu günə qədərki fəaliyyəti əminlik yaradır ki, qarşıda duran vəzifələrin icrası yüksək səviyyədə həyata keçiriləcək. Təsadüfi deyil ki, regionda və dünyada geosiyasi mövqeyini möhkəmləndirən Azərbaycan öz milli enerji sektorunu hər cür asılılıqdan çıxarmaqla enerji təhlükəsizliyini tam təmin edib. Bununla yanaşı, ölkəmiz Avropanın enerji təhlükəsizliyinə töhfə verən enerji mərkəzi statusunu da qazanıb.

Alim Hüseynli

Yazı "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR