Enerji təhlükəsizliyi məsələsi təkcə regional yox, həm də qlobal əhəmiyyət kəsb edir

Son illərdə GUAM-a üzv ölkələr arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq əlaqələri genişlənir, yeni-yeni əməkdaşlıq imkanları ortaya çıxır. Bu amil həmçinin GUAM-ın bir təşkilat kimi perspektivini də getdikcə artırır. Müsbət tendensiyalardan biri də ondan ibarətdir ki, GUAM-a olan beynəlxalq maraq da artmaqdadır. Artıq bir neçə ölkə GUAM-la sıx əməkdaşlıq etmək niyyətini açıqlayıb. Bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sferada özünü büruzə verməkdədir.

GUAM-a üzv ölkələr arasında ən geniş yayılmış əməkdaşlıq formalarından biri də parlamentlərarası əlaqələrdir. Məlumat üçün qeyd edək ki, bu günlərdə Moldovanın paytaxt Kişinyov şəhərində GUAM Parlament Assambleyasının 11-ci sessiyası olub. Sessiyada GUAM üzvü olan ölkələrin- Gürcüstan, Azərbaycan,Ukrayna və Moldovanın nümayəndə heyətləri, qonaq qismində isə Baltik Assambleyasını təmsil edən Latviya, Litva və Estoniya parlamentlərinin deputatları iştirak edib. 

GUAM Parlament Assambleyasının 11-ci sessiyasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, GUAM Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli "GUAM ölkələri arasında əməkdaşlığın müasir vəziyyəti, yeni çağırışlar və perspektivlər" mövzusunda məruzə ilə çıxış edib. Əli Məsimli Azərbaycanın Gürcüstan, Ukrayna və Moldova ilə əlaqələrinin hazırkı durumunu təhlil edərək bildirib ki, müəyyən duğunluqdan sonra, son illər GUAM ölkələri arasındakı əməkdaşlığın yenidən bütün qarşılıqlı fəaliyyət sahələrində canlanmağa başlayıb və bu yaxşı haldır. Onun  sözlərinə görə,  siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar, təhsil, informasiya kommunikasiya texnologiyaları, turizm və sair istiqamətlərdə əlaqələr genişlənir: "Bu özünü iqtisadi əlaqələr sahasində yüksək templərlə daha qabarıq şəkildə göstərir. Çünki enerji təhlükəsizliyi məsələsi təkcə regional yox, həm də qlobal əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycanla Gürcüstanı sıx birləşdirən amillər içərisiində xüsusi yer tutan Bakı- Tiflis-Ceyhanla yanaşı, Cənubi Qafqaz Qaz dəhlizinin, TANAP və TAP-ın reallaşmağa başlaması həm regional, həm də qlobal əməkdaşlığa yeni vüsət verilməsində Azərbaycanın və digər GUAM ölkələrinin önəmini artırır. Bakı -Tiflis-Qars dəmiryolu layihəsinin uğurlu icrası nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır. "Yeni İpək Yolu" layihəsinin Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın bir araya gələrək əməkdaşlığın genişləndirilməsində önəmli rol oynayacaq ən perspektivli layihədir. "Yeni İpək Yolu" və "Şimal-Cənub layihələrinin reallaşması ilə Azərbaycan yüklərin mənzil başına çatdırılması müddətini qısaldan və yükdaşıma işlərini asanlaşdıran logistik mərkəzə çevrilir. Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsində həyata keçirilən işlər Azərbaycanın Gürcüstanla yanaşı, Ukrayna ilə də nəqliyyat sahəsində çox vacib əməkdaşlığını nəzərdə tutur. Bu layihənin həyata keçirilməsi Avropa Birliyi ölkələrindən Çinə və əks istiqamətə daşınan yüklərin həcminin artmasına, əlavə yüklərin cəlb edilməsinə imkan verəcək. Ona görə də Bakı-Tiflis-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər nəqliyyat infrastrukturlardan istifadənin səmərəliliyinin artırılması hesabına GUAM dövlətlərinin beynəlxalq tranzit potensialından istifadə əmsalını yüksəltmək lazımdır". Əli Məsimli deyib ki, GUAM üzv dövlətləri arasında qarşılıqlı ticarət və iqtisadi əlaqələr yenidən aktiv şəkildə inkişaf etməyə başlayıb. Onun sözlərinə görə, son illər Azərbaycanla digər GUAM ölkələri arasında ticarət əlaqələrində də ciddi artım özünü göstərməkdədir: "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı illə müqayisədə 2017-ci ildə Azərbaycanla digər GUAM ölkələri arasında ticarət dövriyyəsinin həcmi 16 faiz, o cümlədən Gürcüstan və Moldova ilə 16 faiz, Ukrayna ilə isə 2,4 dəfə artıb. Ümumi ticarət dövriyyəsi təxminən 1,4 milyard ABŞ dolları, idxalın həcmi 541 milyon ABŞ dolları, ixrac isə 821 milyon ABŞ dolları səviyyəsində olub. Azərbaycanın GUAM ölkələri ilə əmtəə dövriyyəsində Ukraynanın payı 810 milyon dollar və ya 59,5 faiz, Gürcüstanın payı 545 milyon dollar (Gürcüstan statistika idarəsinin müvafiq rəqəmi xeyli fərqlidir) və ya 40 faiz, Moldovanın payı isə 7 milyon dollar və ya 0,5 faiz təşkil edib. Ukrayna Azərbaycanın xarici ticarət dövriyyəsindəki 3,5 faiz payla 6-cı, idxalda 5 faiz payla 5-ci yeri tutur. Azərbaycan ixracatında, Gürcüstan 3,5 faizlik payla 7-ci yeri tutur. Gürcüstanın xarici ticarətundə isə Azərbaycan birinci beşlikdədir".
Millət vəkili qeyd edib ki, 2017-ci ildə Azərbaycanın ticarət dövriyyəsində GUAM-a üzv ölkələrin payı 6 faiz təşkil edib ki, bu da 2016-cı ildəkindən 2,3 faiz bəndi çoxdur: "Bununla belə, statistik məlumatların təhlilindən göründüyü kimi, GUAM dövlətləri arasında qarşılıqlı ticarətdə müsbət dinamika olmasına baxmayaraq, bu ölkələrin ticarət həcmi onların potensialından olduqca aşağıdır. Xüsusən də Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsini bu il 1 milyard dollara, sonrakı yaxın illərdə isə 1,5 milyard dollara çatdırmaq üçün imkanlar yetərincədir. Ukrayna da Azərbaycanla ticarət dövriyyəsini əvvəlcə 2010-cu ilin səviyyəsinə, yəni 1 milyard dollara çatdırmaq və sonra yeni hədəflərə doğru hərəkət etmək niyyətindədir. İqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün, digər məlum şərtlərlə yanaşı GUAM-ölkələri arasında Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsi sahəsində maneələrin və çatışmazlıqların aradan qaldırılması istiqamətində səylərin artırılmasına çiddi ehtiyac var. Azad ticarət zonası haqqında müqavilənin tam gücü ilə reallaşdırılması, GUAM-ın nəqliyyat tranzit dəhlizi konsepsiyası, ölkələr arasında əməkdaşlıq potensialının daha sıx bir şəkildə istifadə olunmasına, eləcə də ölkələrin maraqları baxımından Avropa və Asiya arasında körpü kimi coğrafi üstünlüklərin və böyük tranzit potensialından dolğun şəkildə istifadəsinə kömək edəcək. GUAM-a üzv ölkələrin bazarlarına qarşılıqlı eksport-import imkanlarını genişləndirməyə malik xüsusi malların və xidmətlərin müəyyən edilməsi və ticarət prosesində bu amildən geniş istifadə edilməsi zəruridir. Əməkdaşlıq imkanlarının genişləndirilməsinə dövlət-hakimiyyət strukturları ilə yanaşı biznes strukturların da cəlb etməklə GUAM-a üzv ölkələrin ərazisində prioritet layihələrə qarşılıqlı investisiyaların cəlb edilməsinin sürətləndirilməsinə və genişləndirilməsinə nail olmaq olar. GUAM ölkələrinin ərazisində sənaye parkları, xüsusi zonalar, azad iqtisadi zonalara qarşılıqlı investisiyaların cəlb edilməsi sahəsində əməkdaşlığın artırılmasının işlək mexanizmi hazırlanıb tətbiq edilməlidir. 
GUAM dövlətlərinin cəlb edildiyi münaqişələr həmin dövlətlərin suverenliyini və ərazi bütövlüyünü pozur, ölkələrimizin potensialını tam şəkildə reallaşdırılmasına imkan vermir, regionun sosial-iqtisadi inkişafını çətinləşdirir. Regional təhlükəsizliyə və tərəqqqiyə, bütün dünya birliyinə çağırış törədən həmin münaqişələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, ölkələrin suverenliyi, ərazi bütövlüyü əsasında ədalətli həlli GUAM tarixində möhtəşəm bir səhifə açar və bölgəmizin öz potensialına layıq səviyyədə sürətli inkişafına, inteqrasiya proseslərinin, o cümlədən Avropa strukturlarına inteqrasiyanın hərtərəfli genişlənməsi və dərinləşməsinə səbəb olar. Ona görə də həmin münaqişələrə dair BMT-nin Təhlükəsizlik Şurasının Qətnamələri və digər beynəlxalq təşkilatların qərarlarının reallaşdırılmasına yönəlik dünya birliyinə çağırışların gücləndirilməsi ilə yanaşı, birgə səylər də artırılmalıdır".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR