“Azərspace 2” peykinin orbitə çıxarılması Azərbaycanın növbəti qələbəsidir

Ölkənin müdafiə və hərbi potensialının gücləndirilməsi işində "Azərsky" peykinin xüsusi rolu var

Ölkə iqtisadiyyatının şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı ilə bağlı Azərbaycan hökuməti tərəfindən həyata keçirilən əsas layihələrdən biri də peyk layihəsidir. Bununla əlaqədar olaraq, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" ölkə başçısının sərəncamı, həmçinin kosmik sənayenin yaradılması və inkişafı üzrə "Dövlət Proqramı"nın təsdiq edilməsi ölkədə kosmik sahənin inkişafına və peyk layihəsinin həyata keçirilməsinə xüsusi zəmin yaratmışdır. Artıq Azərbaycanın "Azerspace-2" peyki sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb. Xatırladaq ki, "Azerspace-2" Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peykidir. "Azerspace-2" ABŞ-ın Space Systems Loral (SSL) şirkəti tərəfindən inşa olunub. Peykinin istismar müddəti isə azı 15 il nəzərdə tutulur. "Azerspace-2" peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir. "Azerspace-2" həm də birinci telekommunikasiya peyki olan Azerspace-1-in orbitdəki ehtiyatı rolunu öz üzərinə götürəcək. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanın ilk rabitə peyki "Azerspace-1" 2013-ci il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə orbitə buraxılıb. Etiraf edilməlidir ki, bu peykin orbitə buraxılması ölkəmizdə kosmik sənayenin yaradılması istiqamətində atılan uğurlu addımların başlanğıcını qoydu. Etiraf edilməlidir ki,"Azerspace-2" peykinin orbitə buraxılması ölkəmizdə kosmik sənayenin yaradılması istiqamətində atılan uğurlu addımların davamıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azerspace-2" peykinin orbitə buraxılması münasibətlə xalqa ünvanladığı təbrikdə qeyd edib ki, son beş il ərzində Azərbaycan orbitə 3 peyk çıxara bilmişdir: "Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü göstərir, bizim siyasətimizi göstərir. Bizim artıq 3 peykimiz var: "Azərspace 1" telekommunikasiya peyki, "Azərsky" müşahidə peyki və "Azərspace 2".

Qeyd edək ki, informasiya-kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci əsas sahə elan olunub. Bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyini və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alsaq deyə bilərik ki, həyata keçirilən peyk layihələri yalnız siyasi və ya kommersiyal səciyyə daşımır, həm də  ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldilib. Azərbaycanın orbitə çıxardığı peyklərin informasiya təhlükəsizliyi baxımından çox böyük əhəmiyyəti var. Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə buraxılması ilk növbədə informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, tam təchizatlı maddi-texniki bazanın yaradılması, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir.

"Azərspace 2" peykinin orbitə çıxarılması həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə böyük töhfədir. Dövlət başçısı qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir: "Mənim Sərəncamımla 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz "Azərspace 2" peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik".

Belə ki, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması Azərbaycanın regionda informasiyanın ötürülməsi sahəsində lider ölkəyə çevrilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Çünki, "Azərsky" müşahidə peyki dünyanın istənilən nöqtəsində baş verən hadisələri müntəzəm izləməyə imkan yaradır. Eyni zamanda, Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində xüsusi rol oynayır.

Digər tərəfdən, Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili məqsədilə ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəsi olacağı şübhəsizdir. Nəzərə almaq lazımdır ki, İnformasiya və kommunikasiya texnologiyaları sahəsi Azərbaycanda prioritet sahə elan edilib. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR