Azərbaycan daxili imkanları hesabına öz iqtisadi modelini yaradıb

 Əksər dünya ölkələri bu modeli tətbiq etməyə çalışırlar

Sirr deyil ki, qeyri-neft sektorunun inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən biridir. Elə bu səbədən də son illərdə bu sahəyə investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artıb. Paralel olaraq ölkəmizdə yaradılan sənaye parkları və məhəllələrində investorlar üçün əlverişli şərait yaradılıb. Təsadüfi deyil ki, bu prosesdə yerli  sahibkarlar fəal iştirak edirlər. Ölkədə  Kiçik və Otra Biznesin İnkişafı Agentliyinin yaradılması isə prosesə öz töhfəsini verməkdədir. Hazırda  sənaye, kənd təsərrüfatı, ticarət, nəqliyyat və s. sahələrdə ciddi inkişaf müşahidə olunur. Üstəlik Azərbaycanda regional inkişaf proqramları uğurla icra olunmaqdadır. Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb.

Xatırladaq ki, ölkəmiz öz iqtisadi təhlükəsizliyini  təmin etmək üçün uğurlu siyasət həyata keçirir. Həmçinin beynəlxalq birliyə sıx inteqrasiya edən Azərbaycan iqtisadi sahədə yeni hədəflərə doğru irəliləyir. Lakin Azərbaycan bir sıra inkişaf etmiş ölkələrdən fərqli olaraq dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın  iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri isə respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Beynəlxalq Valyuta Fondunun dəyərləndirmələrinə görə, maliyyə bazarları və banklarda hələ də böhran problemləri qalmaqdadır. Qlobal səviyyədə ümumi daxili məhsulun əvvəlki kimi artım tempinin yaxın gələcəkdə qeydə alına biləcəyi ehtimal olunur. Beləliklə, aydın olur ki, real vəziyyət üçün qlobal iqtisadi böhranın qarşısının alınması məqsədilə dünya dövlətləri tərəfindən edilən cəhdlər hələ ki, istənilən nəticəni vermir. Dünyanın ən aparıcı dövlətləri, beynəlxalq miqyasda kifayət qədər yaxşı tanınan şirkətlər hələ də böhranın qarşısında aciz durumda qalmaqda davam edir. Lakin o da faktdır ki, dünyanın az sayda olsa da elə dövlətləri mövcuddur ki, qlobal iqtisadi böhran fonunda belə dinamik inkişaf tempini qoruyub saxlasınlar. Postsovet məkanında belə dövlətə misal kimi dünyanın ən mötəbər təşkilatlarında məhz Azərbaycanın adının çəkilməsi artıq ənənə halı alıb. Məhz Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün ölkə iqtisadiyyatının hər hansı sahəsi qlobal böhranın dağıdıcı təsirinə məruz qalmayıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bildirib ki, Azərbaycan öz hesabına yaşayır, daxili imkanlarına güvənir: "Azərbaycan xalqının istedadına, imkanlarına, Azərbaycan iqtisadiyyatının gücünə, öz siyasi gücünə arxalanır, bölgədə əldə edilmiş mövqelərə və müstəqil siyasətə arxalanır".

Milli Məclisin deputatı Rauf Əliyev deyib ki, prezident İlham Əliyevin iqtisadi islahatlar kursu ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün geniş imkanlar açır: "Əlverişli biznes mühiti və infrastruktur, makroiqtisadi sabitlik, dövlət dəstəyi xarici sərmayənin cəlbi üçün münbit zəmindir. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri üzərində şaxələnmiş nəqliyyat-logistika infrastrukturu ölkəmizin inteqrasiyasına yeni imkanlar açır. Azərbaycan MDB-də ən rəqabətədavamlı iqtisadiyyat qurub. Bu kimi faktlar Azərbaycanın son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf etdiyini təsdiqləyən göstəricilərdir. Ötən dövr ərzində iqtisadiyyatın 3,2 dəfə artması isə dünya miqyasında çox böyük nailiyyət hesab edilir". Onun sözlərinə görə, ölkəmizdə yeni iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir: "Yeni iş yerlərində əsasən yeni texnologiyaların tətbiqi sahəsində yüksək ixtisasa malik Azərbaycan mütəxəssisləri çalışırlar. Azərbaycanda bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən nəhəng beynəlxalq layihələr istər nəqliyyat, istər energetika, istərsə də kənd təsərrüfatı sahələrində görülən işlər, ilk növbədə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına, onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan, yeni açılan iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə ölkəmizdə böyük işlər görülür. Müəssisələrdə xəsarət hallarının qarşısının alınması üçün kompleks tədbirlər görülməlidir. Təbii ki, maarifləndirmə işlərinin aparılması əsas istiqamətlərdən birini təşkil edir. Həmçinin müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verir".  Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, ölkəmizdə islahatlar uğurla davam edir. Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir: " Yeni salınan sənaye parkları və məhəllələrində aqroparklar və texnoparklarda nəinki yerli biznes, eləcə də xarici sərmayələr üçün əlverişli biznes mühiti yaradılıb. Bundan həm də xarici investorlar yararlanıblar.Eləcə də, qanunvericilik beynəlxalq tələblərə uyğunlaşdırılıb, ölkədə biznes fəaliyyəti asanlaşdırılıb, miqrasiya ilə bağlı köklü islahatlar aparılıb. Bu da dövlətin sahibkarlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Hazırda Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində uğurlu tədbirlər həyata keçirilir". Ümumiyyətlə, son 15 ildə Azərbaycanın keçdiyi uğurlu inkişaf yoluna nəzər saldıqda aydın şəkildə görürük ki, ölkəmizin iqtisadi potensialı və imkanları kifayət qədər artıb. Azərbaycan bu illər ərzində iqtisadi baxımından elə bir səviyyədə inkişaf edib ki, hətta ölkəmizin təcrübəsi inkişaf etmiş dövlətlər üçün də örnək rolunu oynayıb. Təsadüfi deyil ki, bu gün əksər dünya ölkələri Azərbaycanın iqtisadi modelini öyrənir, onu tətbiq etməyə çalışırlar.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR