Azərbaycanın iqtisadi inkişaf modeli dünyada dəstəklənir

İqtisadi islahatlar ölkəmizi daha da qüdrətli dövlətə çevirəcək  

Azərbaycan iqtisadi islahatlar və inkişaf modelinin həyatqabiliyyətli və səmərəli olmasının ən yaxşı sübutu son illərdə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində əldə olunmuş nailiyyətlərdir. Belə ki, bu model üzrə həyata keçirilən siyasət çox tez bir zamanda ölkə iqtisadiyyatında əsaslı keyfiyyət dəyişiklikləri baş verməsinə səbəb olub. Konkret olaraq inflyasiya cilovlanıb,  büdcə kəsirinin maliyyələşdirilməsi praktikasına son qoyulub, büdcə kəsiri minimuma endirilib. Son illərdə Azərbaycanda yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın yüksəldilməsi, regional və sahəvi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatların davamlı nəticəsi olaraq ölkədə əhalinin həyat səviyyəsi ilbə-il yüksəlir, iqtisadiyyatın regional və sahəvi kəsimdə inkişafı reallaşır. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. İqtisadiyyatın dinamik inkişafının təmin edilməsi bütün sahələrin tərəqqisini təmin edib, əhalinin gəlirlərinin artmasını, işsizlik və yoxsulluğun azalmasını şərtləndirib, vətəndaşların rifahı daha da yaxşılaşıb. H.Rəcəbli bildirib ki, bu gün hər bir sektorda inkişaf müşahidə olunur ki, bunun da əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət dayanır. Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişaf modeli dünyada dəstəklənir: "Hazırda işsizlik, eyni zamanda, yoxsulluq 5 faiz səviyyəsindədir ki, bu da dayanıqlı inkişaf siyasətinin nəticəsidir. Bunlarla yanaşı, məqsədyönlü siyasət nəticəsində respublikamız öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və hər cəhətdən güclü dövlətə çevrilib. Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxunu özündə birləşdirən Azərbaycan regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq platformalarının yaradılmasının əsas təşəbbüskarı rolunda çıxış edir. Respublikamızın fəal iştirakı ilə həyata keçirilən enerji, infrastruktur və digər layihələr bütövlükdə regionun inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan Avropanın enerji təhlükəsizliyinə sanballı töhfələr verən nüfuzlu bir ölkəyə çevrilib". Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, Azərbaycan davamlı şəkildə yeniləşərək və müasirləşərək islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir. İ.Məmmədov əlavə edib ki, son illər əldə olunan uğurlar inkişaf siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini nümayiş etdirir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər Azərbaycanın sabahının parlaq olacağına, vətəndaşların hər zaman yüksək rifah və xoşbəxtlik şəraitində yaşayacağına, ölkəmizin yeni zirvələr fəth edəcəyinə əminlik yaradır: "Bu gün Azərbaycanın öz gücünə söykənən müstəqil siyasəti ölkəmizi irəli aparır. Xarici təhdidlərdən, beynəlxalq şəraitdən asılı olmayaraq, ölkəmizin dinamik və hərtərəfli inkişaf tempi qorunur, siyasi, sosial-iqtisadi qüdrəti artır, dünyadakı mövqeləri daha da möhkəmlənir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan roluna diqqət yönəldən Prezident İlham Əliyev bu inamı ifadə edir ki, qarşıdakı illərdə ölkəmizin siyasi və iqtisadi potensialının daha da gücləndirilməsi, beynəlxalq nüfuzunun artırılması, beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrlə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində səylər davam etdiriləcək. Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə, milli maraqlara əsaslanır. Prezident İlham Əliyev ölkəmizin mövqeyini ən mötəbər beynəlxalq tribunalardan inamla, qətiyyətlə və cəsarətlə ifadə edir, güclü, qüdrətli Azərbaycanın mövqeyini, Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırır. Buna görə Azərbaycan yüksək beynəlxalq nüfuza, dünya ölkələri sırasında xüsusi hörmətə sahibdir". Millət vəkili Məlahət Həsənova bildirib ki, son illər  dünyanın müxtəlif bölgələrində, o cümlədən Avropada çox təhlükəli proseslər baş verib. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşayıb. Onun sözlərinə görə, ölkəmizdə Prezident İlham Əliyevin  qətiyyəti sayəsində Azərbaycan bütün risklərdən özünü qoruya bilib, bu gün də qoruyur və heç bir şübhə yoxdur ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı ötən 15 il ərzində sabitlik şəraitində yaşayıb və yaşayır. Bu da ölkənin inkişafı üçün əsas şərtdir: "Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Prezident İlham Əliyev Azərbaycanda sabitliyin qarantıdır. Xalqla dövlət başçısının birliyi mövcud sabitliyi sarsılmaz edir. Son 15 ildə reallaşdırılan məqsədyönlü siyasət sayəsində respublikanın iqtisadi müstəqilliyinin təmin olunması, maliyyə imkanlarının genişləndirilməsi Azərbaycanın özünəinam hissini artırır və ölkənin siyasi müstəqilliyini təmin edir. Bu gün Azərbaycan regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü aktora çevrilib. Təsadüfi deyil ki, respublikamız regionda qlobal əhəmiyyətli əksər layihələrin moderatoru rolunda çıxış edir". Hazırda Azərbaycan iqtisadiyyatı həyata keçirilən islahatların yeni mərhələsini yaşamaqdadır. Yeni mərhələnin əsas hədəfi isə milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi və ən nəhayət yoxsullluğun səviyyəsinin minimuma endirilməsi kimi mühüm vəzifələr daxildir. Görülən işlər, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, qarşıya qoyulan hədəfə çatmaq elə də uzaqda deyil.  

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR