Qeyri-neft sektorunda nəqliyyat infrastrukrturunun çəkisi artıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkə iqtisadiyyatına öz töhvəsini verməkdədir

Ölkəmizdə həyata keçirilən şaxələnmiş iqtisadi siyasət bütün sahələrdə öz müsbət nəticəsini göstərməkdədir. Xüsusən, Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfəsini verməkdədir. Son dövrlərdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli işlər görülür, modern nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır. Bütün bunlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır. Bu baxımdan, dövlətimizin başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Xatırladaq ki, Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovuşuğunda yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola sahibdir. Yeni limanın məhz xüsusi əhəmiyyət kəsb edən Ələt qəsəbəsində inşası təsadüfi deyil. Bu ərazi Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində yerləşir və yeni limanın inşası ilə buraya su magistrallarının da əlavə edilməsi, mahiyyət etibarilə, bu ərazinin mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradır. Məhz bunun nəticəsidir ki, Xəzər dənizində üzən gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Liman çəkisi 12 min tona qədər olan gəmilərin də sərbəst yanalmasını qadirdir. Hazırda ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafında aparıcı qurumlardan olan "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC (Bakı Limanı) öz fəaliyyətini uğurla davam etdirməkdədir. Xatırladaq ki, 14 may 2018-ci il tarixində Azərbaycan Prezidentinin iştirakı ilə açılışı həyata keçirilmiş yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 1-ci fazada yükaşırma potensialı illik 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. 12 körpüdən ibarət limanın 7 körpüsü ümumi quru yük gəmilərinə, 2 körpü bərələrə, 2 körpü isə Ro-Ro və Ro-Pax tipli gəmilərə xidmət göstərir. Daha bir körpü isə Liman donanmasına xidmət edən körpü kimi istifadə olunur. Etiraf edilməəlidir ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi ölkənin iqtisadi gəlirini artırmaqla yanaşı, Azərbaycanın beynəlxalq əhəmiyyətini də artıracaq. Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışında  bildirib ki, bu layihələr Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artıracaq: "Bu layihələrin həyata keçirilməsi təkcə bizə iqtisadi mənfəət gətirməyəcək. Halbuki biz nəqliyyat potensialımızdan çox böyük səmərə ilə istifadə edərək, öz iqtisadi vəziyyətimizi daha da yaxşılaşdıracağıq. Bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artırır. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək. Onsuz da dünyada bizə böyük hörmət, rəğbət var. Azərbaycan çox etibarlı tərəfdaş, çox qabiliyyətli ölkə kimi tanınır. Bizim artan iqtisadi gücümüz imkan verir ki, belə tarixi layihələri icra edək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən önəmli layihələrdən biridir və bu gün bizim tariximizdə yaddaqalan və önəmli gün kimi qalacaqdır".

Artıq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkə iqtisadiyyatına öz töhvəsini verməkdədir. Belə ki, 2018-ci ilin birinci yarımilində yükaşırmanın həcmi 2 milyon tona çatıb. Ümumi yükaşırmanın 86%-i tranzit yüklərin payına düşüb. Hesabat dövrü ərzində ən çox artım konteyner aşırılmasında qeydə alınıb. Belə ki, 2018-ci ilin birinci yarımilində TEU ekvivalentində 10746 ədəd konteyner aşırılması qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 53% artım deməkdir. Sərnişin daşımasında isə 37 faiz artım müşayiət olunubdur. Belə ki, cari ilin yarımilində 19 965 sərnişin Bakı Limanının imkanlarından istifadə edib. Onlardan 16 526 sərnişin (82.8 %) Türkmənistan, 3 439 sərnişin (17.2%) isə Qazaxıstan və əks istiqamətdə səfərlər ediblər. Ələt qəsəbəsində yerləşən Bərə Terminalında vaqon aşırılması 1%-ə yaxın artaraq 21 960 ədədə çatıb. Vaqonların 9 409-i (42.8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 161 vaqon (0.8%) Bakı-Aktau-Bakı istiqamətində, 12 390 vaqon (56.4%) isə Bakı-Kurik-Bakı istiqamətində hərəkət edib. Hesabat dövrü ərzində Bakı Limanından istifadə edən iri həcmli nəqliyyat vasitələrinin sayı 9 512 ədədə çatıb. Bunlardan 5 353 ədədi (56.3%) Bakı-Türkmənbaşı-Bakı istiqaməti, 4 047 ədədi (42.5%) Bakı-Aktau-Bakı istiqaməti, 112 ədədi (1.2%) isə Bakı-Kurik-Bakı istiqaməti üzrə hərəkət edib. Cari ilin birinci 6 ayında neft terminalında xam neft və neft məhsullarının aşırılması 30 faiz artaraq 280 min tona çatıb. Qətiyyətlə demək olar ki,  bu gün irimiqyaslı layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisini artıracaq, ixrac potensialını gücləndirəcək, əhalinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsinə, respublikamızın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə,  tərəfdaş ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlərinin gücləndirilməsinə böyük töhfələr verəcək.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR