İranla nəqliyyət və telekommunikasiya sahələrində əməkdaşlıq müzakirə olunub

İranın paytaxtı Tehran şəhərində keçirilən 24-cü Beynəlxalq Elektronika, Kompüter və Elektron Ticarət (ELECOMP) sərgisində ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.  Nazirliyin ictimaiyyətlə əlaqə sektorundan "OLAYLAR"-a bildirilib ki, sərgidə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları şirkətləri iştirak edib. Bir sıra yerli  İKT şirkətləri ölkəmizə məxsus Milli Pavilyonda öz məhsul və həllərini nümayiş etdirib.

İrana səfəri çərçivəsində nazir Ramin Quluzadə bu ölkənin Prezident Aparatının rəhbəri Mahmud Vaezi, yollar və şəhərsalma naziri Abbas Əhməd Axundi və informasiya-kommunikasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ilə görüşlər keçirib.

Prezident Aparatının rəhbəri Mahmud Vaezi ilə görüşdə sərhədyanı ərazilərdə mobil şəbəkələrin, radio  və televiziyaların  birgə radiomonitorinqi,  qanunsuz trafikin ötürülməsinin qarşısının alınması sahəsində əməkdaşlıq, yayım kanallarının koordinasiyası, interferensiya hallarının qarşısının alınması məqsədilə tezlik resurslarının koordinasiyası məsələləri müzakirə olunub. Qərara gəlinib ki, bu sahədə əməkdaşlıq üçün birgə komissiya yaradılsın.

İranın yollar və şəhərsalma naziri ilə keçirilən görüşdə beynəlxalq daşımalarda İran ilə sərhəd-keçid məntəqələrində mövcud çətinliklərin aradan qaldırılması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi istiqamətində beynəlxalq daşımaların artırılması kimi  məsələlər müzakirə olunub.

İranın informasiya-kommunikasiya texnologiyaları naziri ilə görüşdə telekommunikasiya, poçt, startap layihələrinin və startap ekosisteminin inkişaf etdirilməsi sahəsində təcrübə mübadiləsi  və s. məsələlər müzakirə mövzusu olub.

Müzakirələr çərçivəsində İran şirkətləri "BakuTel-2018" beynəlxalq sərgi-konfransına dəvət olunub. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR